Naxçıvanın yeni yüksəliş mərhələsi: təhlükəsizlikdən strateji inkişafadək

Naxçıvanın yeni yüksəliş mərhələsi: təhlükəsizlikdən strateji inkişafadək


11 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın bu günü və gələcəyi ilə bağlı mühüm mesajlarla yadda qaldı. Müsahibədə Prezident İlham Əliyev Naxçıvanın təhlükəsizliyindən iqtisadi inkişafına, enerji potensialından nəqliyyat imkanlarına, sənaye quruculuğundan turizmə qədər bir sıra mühüm istiqamətlərə toxundu. Səsləndirilən fikirlər göstərdi ki, Naxçıvanın qarşıdakı inkişaf mərhələsi ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır, daha geniş strateji məqsədləri özündə birləşdirir. Prezident İlham Əliyevin Naxçıvana sayca 17-ci səfəri çərçivəsində həyata keçirilən tədbirlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı yeni obyektlərin təməlinin qoyulması, mühüm layihələrlə tanışlıq, hərbi hissələrə döyüş bayraqlarının təqdim olunması və tarixi-mədəni irslə bağlı tədbirlər Naxçıvanın inkişafının müxtəlif istiqamətlərinin paralel şəkildə davam etdiyini göstərdi. Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı məsələlərdən biri Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialıdır. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması bu ərazinin təhlükəsizliyinə xüsusi diqqət yetirilməsini zəruri edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması, hərbi hissələrin müasir silah və texnika ilə təchiz edilməsi, komando qüvvələrinin formalaşdırılması müdafiə imkanlarının daha da gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə görülən işlər yalnız bugünkü təhlükəsizlik tələblərinə cavab verməklə kifayətlənmir. Eyni zamanda gələcəkdə regionda baş verə biləcək proseslərə hazırlıqlı olmaq baxımından mühüm strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bildirməsi təhlükəsizlik məsələsinin dövlət siyasətində prioritet olaraq qalacağını göstərir. Müsahibədə diqqət çəkən digər mühüm istiqamət Naxçıvanın iqtisadi potensialının artırılmasıdır. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd etdi ki, ərazi baxımından Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra Azərbaycanın ikinci ən böyük sənaye parkı olacaq. Bu fakt layihənin miqyasını və Naxçıvanın iqtisadi həyatında yaradacağı imkanları aydın şəkildə göstərir. Sənaye parkının əsas üstünlüklərindən biri yeni istehsal sahələrinin yaradılması və məşğulluğun artırılmasıdır. Naxçıvanın iqtisadiyyatının şaxələndirilməsi, müasir sənaye müəssisələrinin yaradılması və yeni iş yerlərinin açılması muxtar respublikanın sosial-iqtisadi inkişafına birbaşa təsir göstərəcək. Prezident İlham Əliyevin müsahibədə iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirməsi də bu məsələnin inkişaf strategiyasında mühüm yer tutduğunu göstərir. Naxçıvanın gələcək inkişafında enerji məsələsi də xüsusi mövqeyə malikdir. Prezident İlham Əliyevin sözlərindən aydın olur ki, artıq əsas məqsəd yalnız Naxçıvanın enerji təhlükəsizliyini təmin etmək deyil, muxtar respublikanı gələcəkdə enerji ixrac edən məkana çevirməkdir. Bu istiqamətdə günəş elektrik stansiyalarının yaradılması mühüm addımlardan biridir. Naxçıvanın əlverişli iqlim şəraiti və yüksək günəş enerjisi potensialı bərpaolunan enerji layihələri üçün geniş imkanlar yaradır. “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarında aparılan işlər də bu strategiyanın praktiki ifadəsidir. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi Naxçıvanın mövcud generasiya gücünün əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək. Beləliklə, enerji təhlükəsizliyindən enerji ixracına keçid üçün yeni imkanlar yaranacaq. Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi mövzulardan biri də nəqliyyat məsələsi idi. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin yaradılması uzun illərdir strateji məqsədlərdən biri kimi qarşıya qoyulub. Zəngəzur dəhlizi ilə bağlı proseslərin irəliləməsi isə Naxçıvanın regional nəqliyyat sistemindəki rolunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu layihənin əhəmiyyəti yalnız Azərbaycan ərazisində yeni nəqliyyat bağlantısının yaranması ilə məhdudlaşmır. Naxçıvanın Türkiyə və daha geniş Avropa məkanına çıxış imkanlarının genişlənməsi, eyni zamanda region ölkələri arasında yükdaşımaların artması muxtar respublikanın iqtisadi fəallığını yüksəldə bilər. Prezident İlham Əliyev müsahibədə Naxçıvandan keçəcək yük həcminin gələcəkdə 15 milyon tona, hətta daha yüksək göstəriciyə çatmasının mümkünlüyünü qeyd etdi. Bu isə Naxçıvanın sadəcə nəqliyyat xəttinin bir hissəsi deyil, böyük logistika mərkəzlərindən birinə çevrilə biləcəyinə işarədir. Nəqliyyat imkanlarının genişlənməsi öz növbəsində yeni iqtisadi imkanlar yaradacaq. Yükdaşıma, logistika, xidmət, ticarət və digər sahələrdə yeni iş yerlərinin açılması gözlənilir. Beləliklə, nəqliyyat infrastrukturu ilə iqtisadi inkişaf arasında birbaşa əlaqə formalaşacaq. Prezident İlham Əliyevin müsahibəsində Avropa İttifaqının nümayəndələrinin Naxçıvana səfər edərək dəmir yolu layihəsi ilə bağlı yerli vəziyyətlə tanış olması da diqqətçəkən məqamlardan biri idi. Bu fakt Naxçıvanın nəqliyyat imkanlarının artıq yalnız regional deyil, beynəlxalq səviyyədə də maraq doğurduğunu göstərir. Naxçıvanın gələcək inkişafında turizm də mühüm istiqamətlərdən biridir. Prezident İlham Əliyev muxtar respublikanın zəngin tarixi abidələrinə, təbiətinə, təmiz havasına və mənzərəli yerlərinə diqqət çəkərək turizm potensialının yüksək olduğunu bildirdi. Bununla belə, mövcud imkanların tam reallaşdırılması üçün müasir turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Bu baxımdan Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması mühüm addımdır. Müasir mehmanxanaların, turizm obyektlərinin və xidmət infrastrukturunun artırılması Naxçıvana gələn turistlərin sayının yüksəlməsinə və turizmin region iqtisadiyyatında daha böyük paya malik olmasına şərait yarada bilər. Naxçıvanın inkişafı yalnız iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin müsahibəsində sosial infrastruktur məsələlərinə də xüsusi diqqət ayrılması bunu göstərir. Uşaq bağçalarının tikintisi və təmiri, sosial obyektlərin yenilənməsi, yolların və nəqliyyat sisteminin təkmilləşdirilməsi insanların gündəlik həyatının keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, dövlət siyasətinin son nəticəsi insanın həyatında hiss olunmalıdır. Yeni zavodların, yolların və enerji obyektlərinin yaradılması iqtisadi göstəricilərlə yanaşı, əhalinin məşğulluğuna, gəlirlərinə və sosial rifahına da müsbət təsir göstərməlidir. Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də mühüm məqamdır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda da tətbiq edilməsi dövlət idarəçiliyində yeni yanaşmaların nəticəsidir. Bu modelin əsas məqsədi idarəetmənin səmərəliliyini artırmaq, dövlət qurumlarının fəaliyyətini daha koordinasiyalı təşkil etmək və regionun inkişafını sürətləndirməkdir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, struktur və kadr islahatları daha böyük məqsədə- Naxçıvanın davamlı inkişafına və burada yaşayan insanların firavan həyatının təmin edilməsinə xidmət edir. Bütün bu məqamlar bir yerdə Naxçıvanın qarşısında tamamilə yeni inkişaf perspektivlərinin formalaşdığını göstərir. Təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, turizm və sosial infrastruktur bir-birindən ayrı istiqamətlər deyil, vahid inkişaf strategiyasının bir-birini tamamlayan hissələridir. Prezident İlham Əliyevin 11 avqust müsahibəsinin əsas mesajlarından biri də məhz budur: Naxçıvanın potensialı mövcud imkanlarla məhdudlaşmır. Qarşıdakı illərdə yeni nəqliyyat bağlantılarının yaradılması, enerji istehsalının artırılması, sənaye müəssisələrinin fəaliyyətə başlaması, turizm infrastrukturunun genişləndirilməsi və sosial layihələrin həyata keçirilməsi Naxçıvanın iqtisadi və strateji əhəmiyyətini daha da artıracaq. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın inkişafında yeni mərhələnin konturlarını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Burada söhbət yalnız bu gün görülən işlərdən deyil, Naxçıvanın gələcəkdə Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində tutacağı mövqedən gedir. Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, qarşıdakı dövrdə həmin coğrafiyanın üstünlüyə çevrilməsi üçün real imkanlar yaranır. Nəqliyyat dəhlizləri, enerji layihələri və sənaye potensialı bu qədim diyarı yeni iqtisadi imkanların mərkəzinə çevirə bilər. Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlər göstərir ki, Naxçıvan üçün qarşıdakı mərhələ sadəcə inkişafın davamı deyil. Bu, təhlükəsiz və dayanıqlı gələcəkdən iqtisadi fəallığa, enerji ixracından beynəlxalq nəqliyyat bağlantılarına qədər uzanan daha geniş strateji mərhələnin başlanğıcıdır. Naxçıvanın qarşısında yeni imkanlar açılır. Bu imkanların hər birinin arxasında isə dövlət siyasətinin ardıcıllığı, uzunmüddətli strateji baxış və Azərbaycanın gələcək inkişafına hesablanmış konkret layihələr dayanır. Bu imkanların hər birinin arxasında isə dövlət siyasətinin ardıcıllığı, uzunmüddətli strateji baxış və Azərbaycanın gələcək inkişafına hesablanmış konkret layihələr dayanır. Naxçıvanın qarşıdakı illərdə daha güclü iqtisadi və strateji mövqeyə sahib olması üçün mühüm zəmin formalaşır. Ölkə başçısının qeyd etdiyi kimi, həyata keçirilən hər bir layihə gələcəyə hesablanmış məqsədyönlü siyasətin tərkib hissəsidir. Bu proses Naxçıvanın həm ölkə daxilində, həm də regionda əhəmiyyətini daha da artıracaq. Ən əsası isə bütün bu inkişafın Naxçıvanda yaşayan insanların rifahına və həyat keyfiyyətinə xidmət etməsidir. Beləliklə, 11 avqust müsahibəsi Naxçıvanın gələcəyinə dair aydın hədəfləri və inamlı inkişaf istiqamətini bir daha ortaya qoydu.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Nağıyeva.

Tarix: Bu gün, 09:58


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31