
Azərbaycanın son illərdə həyata keçirdiyi ən mühüm layihələrdən biri işğaldan azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur layihələridir. Bu layihələr arasında Laçın Beynəlxalq Hava Limanı xüsusi yer tutur. Mənim fikrimcə, bu hava limanı sadəcə bir nəqliyyat vasitəsi deyil, həm də Azərbaycanın gücünün, iradəsinin və gələcəyə olan inamının göstəricisidir.
Laçın Beynəlxalq Hava Limanının tikilməsi böyük tarixi əhəmiyyət daşıyır. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların yenidən bu torpaqlara qayıtması, bölgənin əvvəlki gözəlliyinə qovuşması üçün belə layihələrin həyata keçirilməsi çox vacibdir. Dağlıq və mürəkkəb relyefə malik bir ərazidə müasir hava limanının inşa edilməsi ölkəmizin texniki imkanlarını və inkişaf səviyyəsini nümayiş etdirir.
Mən düşünürəm ki, Laçın Hava Limanı gələcəkdə bölgənin iqtisadi və turizm inkişafına böyük töhfə verəcək. Bu hava limanı sayəsində Laçına gediş-gəliş daha rahat olacaq, yerli və xarici turistlərin bölgəyə marağı artacaq. Eyni zamanda yeni iş yerlərinin yaranmasına və insanların həyat şəraitinin yaxşılaşmasına şərait yaradacaq.
2021-ci ilin yanvarında Azərbaycan Respublkasının prezidenti cənab İlham Əliyev Kəlbəcər və ya Laçın rayonlarında hava limanının tikintisi üçün ərazinin axtarışına başlamaq barədə göstəriş verib. Bu ərazilərin relyefi çətin olduğundan münasib yerin tapılması xeyli vaxt apardı. Nəticədə Laçın rayonunun Qorçu kəndinin yaxınlığında torpaq işlərindən sonra hava limanının tikintisinin mümkün olacağı ərazi seçildi. Azərbaycanın, Laçın rayonunun Qorçu kəndində yerləşən hava limanı. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşir. Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə avqustun 16-da cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. . Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.
Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq
Hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
28 may 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutub. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edərək, hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Laçın mənim üçün sadəcə bir rayon deyil, Azərbaycanın gözəl təbiətə malik, zəngin tarixə sahib olan xüsusi bölgələrindən biridir. Belə bir ərazidə beynəlxalq səviyyəli hava limanının yaradılması həmin torpaqlara göstərilən diqqətin və qayğının nümunəsidir. Bu layihə həm də gələcək nəsillərə Azərbaycanın öz torpaqlarını necə bərpa etdiyini və inkişaf etdirdiyini göstərən mühüm bir miras olacaq.
Nəticə olaraq qeyd etmək istəyirəm ki, Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın yeni inkişaf mərhələsinin rəmzlərindən biridir. Bu hava limanı Qarabağın dirçəlişinə, bölgənin dünyaya tanıdılmasına və ölkəmizin daha da güclənməsinə xidmət edəcək. İnanıram ki, gələcək illərdə Laçın daha da gözəlləşəcək və bu hava limanı həmin inkişaf yolunun əsas simvollarından biri olacaq.
Sabunçu qəsəbəsi,67 nömrəli tam orta məktəbin
Tarix müəllmi Aytən Məmmədova
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.