
Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri tarixi, mənəvi və mədəni bağlara əsaslanır. Ulu öndər Heydər Əliyevin dövründə möhkəmləndirilən Azərbaycan–Özbəkistan əlaqələri bu gün Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
Cənab Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında mövcud əlaqələrin yüksək səviyyəsini bir daha nümayiş etdirmişdir. Dövlət başçısı səfər zamanı Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi qeyd edərək ölkənin yüksəliş dövrünü yaşadığını vurğulamışdır. Bu inkişaf Özbəkistanda həyata keçirilən islahatların, iqtisadiyyatın şaxələndirilməsinin, sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat sahələrində görülən işlərin nəticəsi kimi qiymətləndirilmişdir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrdir. Hazırda iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal və bankçılıq sahələrində birgə layihələr həyata keçirilir. Cənab Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin qarşıdakı illərdə 1 milyard dollara çatdırılmasının real hədəf olduğunu bildirmişdir.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi və müxtəlif sənədlərin imzalanması xüsusi əhəmiyyət daşıyır. Prezidentlərin qarşılıqlı olaraq yüksək dövlət təltiflərinə layiq görülməsi iki ölkə arasında qarşılıqlı hörmətin və etimadın mühüm göstəricisidir.
Azərbaycan–Özbəkistan münasibətlərində Qarabağın bərpası istiqamətində əməkdaşlıq da xüsusi yer tutur. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndində tikiş fabrikinə investisiya yatırılması Özbəkistanın Azərbaycanın quruculuq prosesinə verdiyi qardaşlıq dəstəyinin real nümunələridir.
Beləliklə, Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da möhkəmləndiyini göstərmişdir. Qarşılıqlı etimad, birgə layihələr və ortaq maraqlar Azərbaycan–Özbəkistan qardaşlığının gələcəkdə də, uğurla inkişafına möhkəm zəmin yaradır.
142 saylı Tam Orta Ümumtəhsil Məktəbi
Tarix müəllimi: Bağırova Xəyalə
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.