TÜRK VƏ İSLAM DÜNYASINDA ZƏFƏR, SÜLH VƏ MƏNƏVİ BİRLİK

TÜRK VƏ İSLAM DÜNYASINDA ZƏFƏR, SÜLH VƏ MƏNƏVİ BİRLİK

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı bildirmişdir ki, Bakı şəhərinin Türk və İslam dünyasının mənəvi mərkəzlərindən birinə çevrilməsi təsadüfi xarakter daşımır. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və dahi şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda paytaxtımızda təşkili böyük rəmzi və tarixi əhəmiyyət kəsb edir. XV əsrdə yaşayıb-yaratmış Seyid Yəhya Bakuvi zəngin fəlsəfi irsi ilə təkcə Azərbaycanın deyil, bütün İslam aləminin mədəni xəzinəsinə əvəzsiz töhfələr vermişdir. Azərbaycan torpağı Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahi şəxsiyyətlər yetişdirərək bəşər mədəniyyətini zənginləşdirmişdir.
Cənab Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan İslam həmrəyliyini yalnız şüarlar səviyyəsində deyil, konkret və əməli-praktiki addımlarla dəstəkləyən öncül dövlətlərdəndir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yalnız idman yarışı kimi deyil, müsəlman xalqlarının böyük birlik və həmrəylik bayramı kimi tarixdə qalmışdır.
Dini liderlərin bir araya gəlməsi dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirir, dünya ictimaiyyətinə sülh və əmin-amanlıq mesajları ötürür. Müasir dövrdə müsəlman aləmində baş verən mürəkkəb hadisələr fonunda belə təşəbbüslər parçalanmanın qarşısını almaq üçün müstəsna əhəmiyyət kəsb edir.
30 il ərzində Azərbaycan torpaqları Ermənistanın hərbi təcavüzünə və işğalına məruz qalmış, bir milyona yaxın soydaşımız öz doğma ocaqlarından didərgin düşmüşdür. Xocalı soyqırımı kimi bəşəri cinayətlər törədilmiş, şəhər və kəndlərimiz tamamilə viran edilmişdir.
Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz iradəsini və gücünü göstərdi. Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti ilə işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi.
Postmünaqişə dövründə azad edilmiş ərazilərdə misli görünməmiş quruculuq işlərinə başlanılmışdır. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 48 şəhər və kənddə 90 mindən çox insan məskunlaşaraq öz doğma yurdlarında dinc həyata qayıtmışdır.
Quruculuq prosesinin mərkəzində mənəvi və tarixi irsin bərpası dayanır. İşğal dövründə Ermənistan tərəfindən 65 məscid tamamilə dağıdılmış və ya təhqir olunmuşdur. Azərbaycan dövləti bərpa işlərinə məhz Ağdam məscidindən başlamış, hazırda 12-dən çox məscid yenidən inşa və bərpa edilmişdir. Şuşada inşa edilən yeni məscid də bu diqqətin təzahürüdür.
Günümüzdə dünyada və regional müstəvidə idarəolunmaz və xaotik proseslər dərinləşməkdədir. Belə bir şəraitdə Türk dünyasını və Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün birgə səylərin artırılması vacibdir. Azərbaycan artıq sülh şəraitində yaşayır. Qlobal gərginliklər fonunda regional sabitliyi qorumaq üçün Türk dövlətləri və müsəlman liderləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Dini xadimlərin birlikdə çıxış etməsi, cəmiyyətə həmrəylik mesajları verməsi fitnəkarlıqların və bölücü meyillərin qarşısını alan ən təsirli vasitədir.
Azərbaycan sülh gündəliyini seçmişdir. 30 illik qanlı işğaldan cəmi iki il sonra sülh təşəbbüsü ilə çıxış etmək böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Bu müdrik seçim bütün dünya tərəfindən təqdir olunur. Türk və İslam dünyasında zəfər, sülh və mənəvi birliyin qorunması üçün fitnəkarlıqların qarşısı alınmalıdır.
Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var. O da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, inamımız və milli dəyərlərimizdir.
Sabunçu rayonu 94№li tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
Mirzəyeva Aygün


Tarix: Bu gün, 11:13


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930