Hər bir torpağın öz taleyi, tarixi yaddaşı və hər yaşayış məntəqəsinin sinəsində daşıdığı ağrılı-sevincli illəri var

Hər bir torpağın öz taleyi, tarixi yaddaşı və hər yaşayış məntəqəsinin sinəsində daşıdığı ağrılı-sevincli illəri var


Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi abidələri ilə seçilən guşələrindən biri də məhz Zəngilandır. Hər il oktyabrın 20-si Zəngilan şəhəri günü kimi qeyd olunan bu əlamətdar tarix xalqımızın qətiyyətini, ədalətin bərpasını və doğma ocaqlara qayıdış sevincini özündə birləşdirir.
Zəngilanın kökü əsrlərin dərinliklərinə uzanır. Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgülər bu torpaqların coğrafi və iqtisadi əhəmiyyətini həmişə ön planda saxlayıb. Zəngəzur qəzasının işğalına qədər bölgə özününün inkişaf etmiş infrastrukturu, əlverişli coğrafi mövqeyi ilə seçilib. Mühüm nəqliyyat qovşağı olan Zəngilan həm də qədim ticarət yollarının kəsişməsində yerləşirdi. Lakin təəssüf ki, bu torpaqlar illərlə erməni vandalizminin qurbanı olub. İşğal illərində rayonun infrastrukturu tamamilə dağıdılıb, maddi-mədəni irsimizə qarşı misli görünməmiş soyqırım törədilib.
Zəngilan torpağı qədim tarixi-dini abidələrlə zəngindir. İşğal dövründə bu incilərin əksəriyyəti erməni vandalları tərəfindən məhv edilsə də, onların yaddaşdakı izləri və tarixi əhəmiyyəti dəyişməz qalır. Bunlara misal olaraq tarixi memarlıq abidələrini, ( IX–XVI əsrlərə aid Şərifan abidələri və Şərifan sərdabəsi, Hacallı kəndindəki orta əsrlərə aid Şəhri Şərifan yaşayış yeri, Qumlaq kəndində Ağca Aşıq yaşayış yeri və Qız qalası), qədim qalalar və türbələrini - (Oxuç̧ay boyunca Qəsr qalası, Şərikan və Yenikənd kəndlərindəki sərdabələr, Hacallı kəndində XIV əsrə aid dairəvi bürc və qədim körpü, Məmmədbəyli kəndindəki Hacallı qülləsi və dahi memar Cəddəli oğlu Məhəmmədin şah əsəri olan Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi), qədim yaşayış izlərini -(Quyudərə Xəştab kəndindəki e.ə. VI–IV əsrlərə aid nekropol, Yəməzli kəndində b.e. II–II əsrlərə aid küp qəbirlər, Ağ oyuq düzündə VII–VIII əsrlərə aid Koroğlu daşı, həmçinin Bartaz kəndindəki Bartaz Qız qalası və Sobu kəndindəki XVI əsrə aid tağlı körpü) misal göstərmək olar. Bütün bu abidələr Azərbaycan xalqının qədim tarixə sahib olduğunu sübut edən əvəzsiz sübutlardır. Dağıdılan Zəngilan şəhər məscidi isə azadlıqdan sonra Heydər Əliyev Fondu tərəfindən əsl tarixi görkəminə qaytarılaraq yenidən bərpa olunmuşdur.
2020-ci ilin payızı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr endirdi. 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edildi və bununla da ədalət bərpa olundu. Həmin günün Zəngilan şəhəri günü kimi təsis edilməsi hər bir zəngilanlı üçün qürur mənbəyidir.
Azadlıqdan dərhal sonra Zəngilanda başlanan quruculuq işləri tarixdə misli görünməmiş sürətlə həyata keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Zəngilana etdiyi səfərlər bu dirçəlişin əsasını təşkil etdi
Bu gün Zəngilan rayonu və onun kəndlərinin məskunlaşması sürətlə davam edir. Doğma yurdlarına qayıdan sakinlər ocaqlarını yenidən yandırır, bu qədim torpağa həyat yenidən qayıdır. Zəngilan artıq dağıntıların simvolu deyil, Azərbaycanın parlaq gələcəyinin, qayıdışın və əbədi dirçəlişin əyani sübutudur. Bizi uzun sürən həsrətdən sonra Ali baş komandanın rəhbərliyi altında bu əbədi səadətə qovuşduran şəhidlərimizin ruhları qarşısında baş əyirik və qazilərimizə isə cansağlığı diləyirik !
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin ingilis dili müəllimi Türkan Bayramova


Tarix: Bu gün, 11:39


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031