
Azərbaycan xalqının tarixində dövlət müstəqilliyinin qorunması, milli dövlətçilik ənənələrinin yaşadılması və hüquqi dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsidir. Bu əlamətdar tarix hər il ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur və xalqımızın dövlətçilik iradəsini, azadlıq və müstəqillik arzularını özündə əks etdirir.
Konstitusiya hər bir dövlətin hüquqi sisteminin əsasını təşkil edən, dövlətin idarəçilik prinsiplərini, hakimiyyət orqanlarının fəaliyyət istiqamətlərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyənləşdirən ali hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası isə müstəqil dövlətimizin suverenliyinin, demokratik inkişafının, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas təminatıdır.
Azərbaycanın konstitusion inkişaf tarixi ölkəmizin mürəkkəb siyasi və tarixi mərhələləri ilə sıx bağlıdır. 1921-ci ildən başlayaraq müxtəlif dövrlərdə qəbul edilmiş konstitusiyalar dövlətin idarəçilik sistemini müəyyənləşdirsə də, müstəqil Azərbaycanın milli maraqlarına və suveren dövlətçilik prinsiplərinə əsaslanan yeni Əsas Qanuna ehtiyac var idi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkə qarşısında yeni siyasi, iqtisadi və hüquqi sistemin formalaşdırılması vəzifəsi dayanırdı. Həmin dövrdə mövcud olan mürəkkəb vəziyyət, siyasi qeyri-sabitlik və dövlət idarəçiliyindəki çətinliklər müstəqilliyin möhkəmləndirilməsini və hüquqi əsasların yenidən qurulmasını zəruri edirdi.
1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqil dövlət quruculuğunun yeni mərhələsinə başlanıldı. Bu prosesin mühüm istiqamətlərindən biri də müasir, demokratik və hüquqi dövlətin əsaslarını müəyyənləşdirəcək Konstitusiyanın hazırlanması idi.
1995-ci ilin may ayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Layihə geniş müzakirələrdən sonra ümumxalq referendumuna çıxarıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Əsas Qanun həmin il noyabrın 27-də qüvvəyə mindi.
1996-cı il noyabrın 1-də ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, noyabrın 12-si Konstitusiya Günü elan edildi.
Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbul edilməsi ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən mühüm nəticələrindən biridir. Onun rəhbərliyi ilə hazırlanmış Əsas Qanun müstəqil Azərbaycanın siyasi və hüquqi sisteminin formalaşmasına, dövlət suverenliyinin möhkəmləndirilməsinə və demokratik inkişafın hüquqi əsaslarının yaradılmasına xidmət etdi.
1995-ci il Konstitusiyası ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsipləri təsbit edildi. Konstitusiya nəzarəti institutunun yaradılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və məhkəmə-hüquq sistemində islahatların aparılması hüquqi dövlətin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlar idi.
Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını müstəqilliyin qorunması, milli maraqların üstün tutulması, qanunun aliliyinin təmin edilməsi və xalqın rifahının yüksəldilməsi təşkil edirdi. Onun rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya bu prinsiplərin hüquqi ifadəsinə çevrildi.
Bu prinsiplər Konstitusiyanın yalnız hüquqi sənəd deyil, həm də cəmiyyətin demokratik inkişafını və vətəndaşların hüquqlarının qorunmasını təmin edən mühüm dövlətçilik mexanizmi olduğunu göstərir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi sistemin müasirləşdirilməsi və vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, siyasi və hüquqi institutların inkişafı ilə bağlı müxtəlif məsələləri əhatə etmişdir.
Konstitusiyaya edilən dəyişikliklər ölkənin dəyişən ictimai-siyasi və iqtisadi şəraitinə uyğunlaşmasına, dövlət idarəçiliyinin müasir tələblər əsasında inkişafına yönəlmişdir.
Cənab Prezident İlham Əliyevin fəaliyyətində dövlət müstəqilliyinin və suverenliyin qorunması, milli maraqların təmin edilməsi, ölkənin iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi mühüm yer tutur. Bu istiqamətlər hüquqi dövlət quruculuğu və Konstitusiyanın müəyyən etdiyi məqsədlərlə sıx bağlıdır.
2020-ci ildə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin təmin edilməsi dövlətçilik tariximizin mühüm hadisələri kimi qiymətləndirilir. Bu hadisələr Konstitusiyanın preambulasında təsbit olunmuş müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması məqsədinin əhəmiyyətini bir daha ön plana çıxarmışdır.
Konstitusiyanın əhəmiyyəti yalnız dövlət orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Onun müddəalarının həyata keçirilməsi hər bir vətəndaşın hüquqi şüurundan, qanunlara hörmətindən və cəmiyyət qarşısında məsuliyyətindən də asılıdır.
12 Noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixində mühüm yer tutan əlamətdar gündür. 1995-ci ildə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi təməlini qoymuş, demokratik dövlət quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Əsas Qanun dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına və hüquqi sistemin formalaşmasına böyük töhfə vermişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən konstitusion və hüquqi islahatlar isə bu inkişafın davam etdirilməsinə, dövlət idarəçiliyinin müasirləşdirilməsinə və ölkənin suverenliyinin möhkəmləndirilməsinə yönəlmişdir.
Konstitusiya dövlətimizin gələcəyinə, xalqımızın birliyinə və hüquqlarımızın təminatına xidmət edən ali hüquqi sənəddir. Onun prinsiplərinə hörmətlə yanaşmaq, hüquq və vəzifələrimizi dərk etmək, qanunun aliliyini qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Konstitusiya Günümüz müstəqil Azərbaycanın inkişafı, xalqımızın rifahı və dövlətçiliyimizin əbədi yaşaması naminə yeni uğurlara ilham versin!
Maştağa qəsəbəsi,C.Cabbarlı adına 187 nömrəli tam orta ümumtəhsil məktəbin əməkdaşı Lamiə Əliyeva
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.