

Qəbələ bir daha tarixə şahidlik etdi. Bu dəfə qədim diyarın qəlbində səslənən sözlər yalnız bir bölgənin deyil, bütün Türk dünyasının gələcəyinə yön verirdi. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü burada keçirildi və bu toplantı, sadəcə, protokol mərasimi deyil, yeni geosiyasi fəlsəfənin başlanğıcı kimi yadda qaldı.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı bu zirvənin məğzini, mahiyyətini və strateji ruhunu formalaşdırdı. Onun səsi vahid güc, ortaq iradə və milli dəyərlərin sarsılmaz birliyi çağırışı kimi Qəbələdən yüksəlib bütün türk coğrafiyasına yayıldı. Cənab Prezidentin sözləri bir daha təsdiq etdi ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq münasibətlər sistemində yalnız müşahidəçi deyil, söz sahibi, təsir gücü olan mərkəzə çevrilir. Cənab Prezident İlham Əliyev vurğuladı: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.” Bu, tarixi mesaj idi. Çünki artıq Türk birliyi ideya səviyyəsindən reallığa, reallıqdan isə siyasi qüvvəyə çevrilib. Azərbaycan həm ideoloji, həm də iqtisadi gücü ilə bu prosesin önündə dayanır. Cənab Prezident İlham Əliyev çıxışında ortaq tarixi kökləri, milli-mənəvi dəyərləri xatırladaraq bildirdi ki, Türk dövlətlərinin birliyinin əsasında mənəvi bağlar, etnik yaxınlıq və ortaq taleyin doğurduğu təbii həmrəylik dayanır. “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir,” – deyən dövlət başçısı, Türk dünyasının birliyini emosional dərinliklə və strateji baxışla təsvir etdi. Bu “ailə”nin gücü artıq konkret nəticələrdə özünü göstərir. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon ABŞ dolları ianə ayrılması, bu birliyin möhkəmlənməsi naminə atılmış real addımdır. Bu, həm də Azərbaycanın liderlik məsuliyyətinin, həmrəylik ruhuna verdiyi dəyərin göstəricisidir. Cənab Prezident İlham Əliyev çıxışında sülh və təhlükəsizlik anlayışlarını Türk birliyinin təməl dayağı kimi dəyərləndirdi. Onun fikrincə, müasir dünyada sülh təkcə ideya deyil, həm də müdrik siyasətin və məsuliyyətli liderliyin nəticəsidir. “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil,” – deyən Prezident, Türk dövlətlərini birgə müdafiə və hərbi əməkdaşlığa çağırdı. Azərbaycan lideri 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təklif, təkcə hərbi əməkdaşlıq addımı deyil, vahid güc mərkəzinin formalaşmasının rəmzidir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər, ardınca 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin tam suverenliyinin bərpası bu modelin real nümunəsidir. Cənab Prezident İlham Əliyevin sözləri bu mənzərəni bir cümlədə ifadə etdi: “Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.” Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və ATƏT-in münaqişə ilə bağlı strukturlarının bağlanması Cənubi Qafqazın yeni reallığını təsdiqlədi. Bu, cənab Prezident Əliyevin dediyi kimi, Azərbaycanın sülh gündəliyinin qələbəsidir. Türk dövlətlərini birləşdirən mənəvi bağlar kimi, nəqliyyat və enerji əlaqələri də bu birliyin maddi sütunlarıdır. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi və nəqliyyat körpüsüdür.” Bu körpü artıq real nəticələr doğurur. Orta Dəhlizlə daşınan yüklərin həcmi son iki ildə 90 faiz artıb, tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər donanması və 9 beynəlxalq hava limanı Azərbaycanın regionda mühüm logistika mərkəzi olduğunu təsdiqləyir. Zəngəzur dəhlizi isə Türk dünyasının geosiyasi xəritəsini tamamlamağa yönəlmiş yeni arteriyadır. Cənab Prezidentin vurğuladığı kimi, bu dəhliz “Orta Dəhliz və Şimal-Cənub xətti çərçivəsində ikinci marşrut kimi qlobal əhəmiyyət daşıyır.” Enerji istiqamətində Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Dövlət başçısı bildirdi: “Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.” Bununla yanaşı, 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələrdən əldə edilməsi planı Türk dünyasında yaşıl enerji ideyasının aparıcı dayağına çevriləcək. Cənab Prezident İlham Əliyev çıxışında qardaş ölkələrin işğaldan azad edilmiş torpaqların bərpasına göstərdikləri dəstəyi dərin minnətdarlıqla xatırladı. “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəb tikilir, Türkmən qardaşlarımızın hədiyyəsi Füzuli məscididir.” Bu faktlar təkcə bərpa layihələri deyil, Türk həmrəyliyinin real və mənəvi təcəssümüdür. Qardaş xalqların yardımı və diqqəti, müharibədən sonra yeni həyatın başlanğıcı kimi tarixə düşür. Qəbələ Zirvəsi bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq regionun deyil, beynəlxalq sistemin formalaşan yeni qüvvəsidir. Cənab Prezident İlham Əliyevin uzaqgörən baxışları bu birliyi yeni mərhələyə daşıyır-strateji müttəfiqlik, iqtisadi inteqrasiya və mənəvi dirçəliş mərhələsinə. Bu Zirvədən dünyaya yayılan mesaj birmənalıdır. Türk birliyi keçmişin romantik arzusu deyil, gələcəyin siyasi reallığıdır-deyə E. Süleymanov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər