
Daşkənddə keçirilən Özbəkistan Həmkarlar İttifaqları hərəkatının 120 illik yubiley tədbiri təkcə bir təşkilatın tarixi yoluna nəzər salmaq deyil, həm də zəhmət və həmrəyliyin, sosial ədalət və insan ləyaqətinə hörmətin yüzillik fəlsəfəsini yenidən dəyərləndirmək baxımından mühüm hadisə oldu. Bu möhtəşəm yubiley Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı, eləcə də bir çox ölkələrin həmkarlar ittifaqları nümayəndələrinin iştirakı ilə keçirildi.
aia.az xəbər verir ki, Milli Məclisin deputatı Səttar Möhbalıyev də tədbirdə iştirak edib.
Özbəkistan Respublikasında həmkarlar hərəkatının keçdiyi yola, zəhmətkeşlərin hüquqlarının qorunması və sosial ədalətin bərqərar olması uğrunda göstərilən fədakar xidmətlərə geniş toxunan Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafikov qeyd etdi ki, bu 120 illik yol yalnız təşkilati tarix deyil — bu, ölkənin ictimai-siyasi inkişafının, əmək münasibətlərinin formalaşmasının və sosial dəyərlərin təşəkkülünün canlı salnaməsidir.
Milli Məclisin deputatı Səttar Möhbalıyev isə bu yubileyi həm də xalqımızı birləşdirən əmək dəyərlərinin, sosial həmrəyliyin və dostluq körpülərinin təntənəsi kimi qiymətləndirdi: “Özbəkistan həmkarlar ittifaqlarının 120 illik tarixi bütövlükdə xalqın zəhmətinin, sosial ədalətə sədaqətinin, əmək hüquqlarının müdafiəsində göstərilən əzmkarlığın rəmzidir.”
Tədbirdə qeyd edilib ki, bu gün Özbəkistan Həmkarlar İttifaqları Federasiyası altı milyondan artıq üzvü birləşdirən, ölkənin bütün bölgələrini əhatə edən nəhəng bir təşkilatdır. “Federasiya yalnız əmək münasibətlərinin tənzimlənməsində deyil, vətəndaş cəmiyyətinin güclənməsində, sosial ədalətin təmin olunmasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir. Bu, həm də Özbəkistanın Prezidenti Şövkət Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursunun sosial dayaqlarını gücləndirən mühüm istiqamətlərdən biridir. Yəni Həmkarlar İttifaqları dövlət və cəmiyyət arasında sosial dialoqu formalaşdıran mühüm institut kimi çıxış edir. Azərbaycan və Özbəkistan arasında həm siyasi, həm mədəni, həm də sosial münasibətlər tarixi qardaşlıq üzərində qurulub”.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının muzeyinə baxış bu hərəkatın zəngin tarixini bir daha nümayiş etdirdi. Muzeydəki sənədlər, foto və eksponatlar zəhmətkeşlərin mübarizəsini, həmrəyliyin tarixini və sosial ədalət uğrunda aparılan fədakar fəaliyyəti əks etdirir. Muzeyin xatirə kitabına yazılan ürək sözləri isə bu dostluğun mənəvi tərəfini ifadə etdi, əməyin müqəddəsliyinə və həmrəyliyin əbədiliyinə ehtiramı göstərdi. Özbəkistan həmkarlar ittifaqları hərəkatının 120 illik yubileyi, əslində, bir tarix dərsi və gələcəyə yönəlmiş sosial məsuliyyət proqramıdır. Bu yubiley bir daha sübut etdi ki, zəhmətin dəyəri, ədalətin təməli və həmrəyliyin gücü hər bir cəmiyyətin dayanıqlı inkişafının əsas sütunlarıdır. Azərbaycan və Özbəkistan arasında möhkəmlənən bu əməkdaşlıq isə regionumuzda əmək mədəniyyətinin, insan ləyaqətinə hörmətin və sosial rifahın yüksəlməsinə xidmət edir.
Səfər çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın Milli Məclisin deputatı Səttar Möhbalıyevlə görüşündə iki ölkə arasında əməkdaşlığın siyasi və sosial müstəvilərdə yeni mərhələyə qədəm qoyduğu bildirilib.








Bölməyə aid digər xəbərlər







