
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonlarından biridir və öz təbiəti, tarixi və mədəni zənginliyi ilə fərqlənir. Bölgənin adı qədim türk mənşəlidir və “qalalı yer” mənasını daşıyır. Kəlbəcər Azərbaycan tarixində mühüm strateji və mədəni mərkəzlərdən biri kimi tanınır.
Rayon ərazisində insan məskənlərinin minilliklər öncədən mövcud olduğunu sübut edən arxeoloji tapıntılar — kurqanlar, qayaüstü rəsmlər və qədim yaşayış yerləri aşkarlanmışdır. Bu faktlar Kəlbəcərin Qafqaz Albaniyası dövründə də mühüm mədəni-siyasi mərkəz olduğunu göstərir.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmişdir. Bölgə Azərbaycanın qərb hissəsində, Qarabağ dağ sisteminin mərkəzində yerləşir və həm təbii sərvətləri, həm də strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır. Burada zəngin qızıl, mis, mineral su ehtiyatları mövcuddur ki, bu da regionun iqtisadi və ekoloji potensialını artırır.
1993-cü il 2 aprel tarixində Kəlbəcər Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində minlərlə azərbaycanlı məcburi köçkünə çevrilmiş, şəhər və kəndlər, tarixi-mədəni abidələr dağıdılmışdır.
BMT Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ildə 822 saylı Qətnamə qəbul edərək, Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və digər işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
Lakin bu qətnamə illərlə icrasız qalmış, Ermənistan işğal etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirmiş, bu da beynəlxalq hüququn açıq-aşkar pozuntusu olmuşdur.
2020-ci ilin Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ordumuzun qazandığı parlaq qələbə nəticəsində Kəlbəcər də daxil olmaqla işğal altında olan torpaqlarımız azad edildi.
Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcər rayonunun erməni silahlı qüvvələrindən boşaldılması 2020-ci il noyabrın 25-də həyata keçirildi. Ermənistan tərəfi bölgədən çıxarkən infrastruktur və yaşayış məntəqələrini viran qoydu, bu isə işğalçının eybəcər simasını və erməni vandalizmini bir daha üzə çıxardı.
Qələbənin və ədalətin bərpasının təcəssümü olaraq, 25 noyabr tarixi “Kəlbəcər şəhəri günü” elan edilmişdir. Bu gün xalqımızın zəfər ruhunu və dövlətimizin bərpa prosesindəki əzmini nümayiş etdirir.
Eyni zamanda, 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş, Kəlbəcərin azadlığında iştirak etmiş igid hərbçilərimiz bu yüksək mükafata layiq görülmüşlər.
Azərbaycan dövləti Kəlbəcərin bərpası və inkişafı istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.
“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənmişdir. Bu plan çərçivəsində Kəlbəcərdə 524 ailəlik yeni yaşayış məhəlləsinin, sosial və inzibati binaların inşası nəzərdə tutulur. Bundan əlavə, Yanşaq kəndində 421 ailə, Zallar kəndində 487 ailə, Zar kəndində isə 855 ailə üçün yeni məskunlaşma layihələri həyata keçirilir. Bütün bu işlər Kəlbəcərin cəlbedici, müasir dağ şəhərinə çevrilməsini təmin edəcək.
Kəlbəcərdə infrastrukturun yenidən qurulması sürətlə davam edir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bölgəni həm Qarabağla, həm də Şərqi Zəngəzurla birləşdirən strateji əhəmiyyətli nəqliyyat xəttidir.
Bölgənin enerji potensialının səmərəli istifadəsi məqsədilə su-elektrik stansiyaları və yaşıl enerji layihələri həyata keçirilir.
Kəlbəcərin “İstisu” ərazisi həm tarixən, həm də təbii xüsusiyyətlərinə görə unikal bölgələrdən biridir. Hazırda burada “İstisu” Müalicə-İstirahət Kompleksi və mineral su zavodu inşa edilir. Bu layihələr regionun turizm və iqtisadi potensialını daha da gücləndirəcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Kəlbəcərə bir neçə səfəri rayonun dirçəlişinin, bərpa prosesinin dövlət səviyyəsində nə qədər önəmli olduğunu sübut edir.
Bu səfərlər zamanı Prezident Kəlbəcərin gələcək inkişaf prioritetlərini müəyyən etmiş, yeni sosial, iqtisadi və infrastruktur layihələrinin təməlini qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş Kəlbəcər rayonuna etdiyi səfərlər, ölkənin ərazi bütövlüyünün bərpası və Qarabağda həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesinin simvoluna çevrilmişdir. Bu səfərlər həm siyasi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır və “Böyük Qayıdış” proqramının praktiki mərhələsini əks etdirir.
2025-ci ilin avqust ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər edərək, rayonun bərpası istiqamətində görülən işlərlə tanış oldular. Bu səfər çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, yeni yaşayış komplekslərinin təməlqoyma mərasimləri və sosial obyektlərin açılışları həyata keçirildi.
Ən önəmli hadisələrdən biri isə Kəlbəcərə ilk köçün baş tutması idi. Prezident bu hadisəni “tarixi gün” adlandıraraq, 32 ildən sonra doğma torpaqlara qayıdan kəlbəcərliləri təbrik etdi. Onun “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri, xalqın qürurunu və dövlətin gücünü ifadə edən simvolik mesaj kimi yadda qaldı.
Prezidentin Kəlbəcərə səfərləri, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin nəticələrinin möhkəmləndirilməsi və beynəlxalq arenada ölkənin gücünün nümayişi baxımından da əhəmiyyətlidir. Bu səfərlər həm də xalq-dövlət birliyinin təcəssümü kimi qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqı öz torpaqlarına bağlıdır və bu bağlılıq, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə daha da güclənir.
Kəlbəcərin zəngin təbii ehtiyatları, dağ-mədən sənayesi və ekoturizm potensialı nəzərə alınaraq, rayonun gələcəkdə regional inkişaf mərkəzinə çevrilməsi planlaşdırılır. Bu istiqamətdə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri, Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı və xalqın doğma torpaqlara dönüşünün rəmzi kimi tarixə düşür. Bu səfərlər, həm də ölkənin gələcəyinə olan inamın və dövlətin güclü iradəsinin göstəricisidir.
Kəlbəcər bu gün azad, yenidən doğulan bir bölgədir. 25 noyabr — Kəlbəcər şəhəri günü, xalqımızın azadlıq, qələbə və dirçəliş ruhunun təntənəsidir.
Kəlbəcərin bugünkü bərpası təkcə bir rayonun yenidən doğuluşu deyil, həm də bütün Azərbaycanın gücünün, iradəsinin və milli birliyinin təcəssümüdür.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
müəllimi Aygün Mirzəyeva
Bölməyə aid digər xəbərlər









