Azərbaycanın tarixi və mədəni irsinin qorunduğu yerlərdən biri olan Kəlbəcər zəngin arxeoloji irsə malikdir

Azərbaycanın tarixi və mədəni irsinin qorunduğu yerlərdən biri olan Kəlbəcər zəngin arxeoloji irsə malikdir

Ulu öndər Heydər Əliyev Kəlbəcərdən bəhs edərkən demişdir: “Kəlbəcər Azərbaycanın çox dəyərli guşəsidir. Böyük əraziyə malik Kəlbəcər rayonu Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri mövcuddur. Allah Kəlbəcərə hər cür nemətlər- gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yerüstü, həm yeraltı sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.”
Kəlbəcər həm tarixi, həm arxeoloji, həm də strateji baxımından Azərbaycanın önəmli bölgələrindən biridir. Əlverişli iqlim şəraiti, bitki və heyvanlar aləmi, təbii ehtiyatları qədim dövrlərdən insanların bu bölgədə məskunlaşmasına səbəb olmuşdur. Tarixin müxtəlif dövrlərində Kəlbəcər yaşayış və təsərrüfat mərkəzi kimi öz əhəmiyyətini qoruyub saxlamışdır. Bölgədə aparılan arxeoloji qazıntılar burada ibtidai icma dövründən intensiv ictimai-sosial həyatın formalaşdığını sübut edir.
Kəlbəcər Dağlıq Qarabağın şimal-qərbində yerləşən dağlıq rayonlarımızdan biridir. Kəlbəcərin yüksək dağları, dərələri, çayları bölgənin strateji əhəmiyyətini daha da artırır. Dağlıq ərazidə yerləşməsi buranı hərbi-strateji mövqeyə çevirmişdi. Rayonun dağlıq reylefi və sərt təbii qayalıqları müdafiə baxımından üstünlük təmin edir. Kəlbəcər həmçinin tarixi ticarət yollarının kəsişdiyi bölgədə yerləşir. Bu, onu iqtisadi baxımdan da önəmli etmişdir.
Azərbaycanın tarixi və mədəni irsinin qorunduğu yerlərdən biri olan Kəlbəcər zəngin arxeoloji irsə malikdir. Burada tapılan mənbələr həm qədim, həm də orta əsrlərə aiddir. Arxeoloji qazıntılar nəticəsində qədim dövrə aid yaşayış məskənləri, orta əsrlərə aid qala və müqəddəs məkanlar, qəbirlər aşkar edilmişdir.
Qeyd etdiyimiz kimi bölgədə qədim dövrlərdən insanlar məskunlaşmışdı. Kəlbəcərdə aşkarlanan paleolit, neolit, tunc dövrünə aid yaşayış məskənləri bunu sübut edir. Burada qədim dövrə aid 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 mindən çox yaşı olan qayaüstü təsvirlər aşkar edilib. Zar mağarası ibtidai insanların yaşayış məskəni olmuşdur. Burada ibtidai insanların daşdan hazırladığı əmək alətləri aşkar edilib. Kəlbəcərin Alagöl, Zalxagöl, Qaragölün sahillərində, Pəriçınqılı, Ayıçınqılı sahələrində ümumilikdə 8 minə yaxın qayaüstü rəsm aşkarlanıb. Bu təsvirlərdə ailə-məişət, təsərrüfat işləri ilə yanaşı, yerli əhalinin səma cismləri ilə bağlı düşüncələri də əks olunub.
Orta əsrlərə aid qalalar, istehkamlar ərazinin hərbi-strateji əhəmiyyətini əks etdirir. Müdafiə tikililəri həm yerli əhalini, həm də ticarət yollarını qorumaq üçün inşa edilmişdi. Bölgədə orta əsrlərər aid tapılmış qəbir abidələri və kurqanlar əhalinin həyat tərzi, adət-ənənələri, mədəniyyəti haqqında məlumat verir.
Kəlbəcərdə yerləşən orta əsr kilsələri və ziyarətgahları mühim tarixi mənbələrdir. Bu abidələr Azərbaycan tarixi üçün mədəni və dini baxımdan böyük əhəmiyyət daşıyır. Kəlbəcərdə mövcud olan kilsələrin qədim Azərbaycan dövləti olan Albaniyaya aid olması tarixi sənədlərlə təsdiqini tapmışdır. Xudavəng monastrı, Həsən Cəlal məbədi belə abidələrdəndir. Tarixi saxtalaşdırmağa çalışan ermənilər işğal dövründə öz yazılarını məbəd divarlarına əlavə etməklə bu abidələri özününküləşdirməyə çalışmışlar.
Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcərdəki toponimlərin hamısı türk mənşəlidir və bir sıra qədim türk tayfalarının adındandır. Kəlbəcər əhalisi azərbaycanlılardan ibarət olmuş və burada zəngin mədəni irs yaratmışlar.
Kəlbəcər qədim tarixi ilə yanaşı zəngin təbii sərvətləri ilə də də diqqət çəkir. Burada dağ çayları, meşələr, mineral bulaqlar, faydalı qazıntılar- qızıl, civə və s. var. Bu resuslar ekoloji tarazlığı təmin etməklə yanaşı, bölgənin turizm potensialını da artırır. Bütün bu amillər təcavüzkar ermənilərin də diqqətini çəkmişdir. Kəlbəcər 1993-cü il aprelin 3-də Ermənistan tərəfindən işğal edilmişdi. Qısa müddətdən sonra bölgədə ermənilər məskunlaşmağa başlamışdı. İşğal dövründə ermənilər Kəlbəcərin təbii sərvətlərini qanunsuz olaraq istifadə etmiş, bölgəyə ekoloji zərər vurmuş, yararsız vəziyyətət salmışlar.
Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad olur. Heç bir güllə atılmadan Kəlbəcər azad olunur. İmzalanan bəyanata əsasən Kəlbəcər 15 noyabra qədər boşaldılmalı idi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ərazinin böyüklüyü, çətin relyefini nəzərə alaraq bu tarixi 25 noyabradək uzatmışdı. Öz əməllərindən əl çəkməyən ermənilər bölgəni tərk edərkən ekoloji terror fəaliyyətləri həyata keçirmişdilər. Ermənilər Kəlbəcəri evləri, meşələri yandıraraq tərk etdilər. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti tamamilə ələ almışdır.
Tarixi keçmişi, mədəni və təbii sərvətləri ilə zəngin olan Kəlbəcər həm ölkəmiz üçün, həm də region üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən Kəlbəcərin qorunması və bərpası Azərbaycanın milli maraqları üçün vacibdir. Eyni zamanda Azərbaycan tarixinin daha dərindən öyrənilməsi üçün burada arxeoloji tədqiqatların davam etdirilməsi zəruzidir.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
tarix müəllimi Günel Namazova


Tarix: Bu gün, 12:07


Bölməyə aid digər xəbərlər