Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, ənənəvi olaraq hər ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.


Prezident İlham Əliyev qeyd etmişdir ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır.


Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır.


 


Tarix: Bu gün, 13:19


Bölməyə aid digər xəbərlər