
Azərbaycanda idmanın inkişafı uzun illərdir ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyev 2025-ci ilin idman yekunları barədə söhbətində də bu sahəyə göstərilən diqqət və qayğının təsadüfi olmadığını, planlı və məqsədyönlü siyasətin nəticəsi olduğunu xüsusi vurğulamışdır. İdman təkcə sağlam həyat tərzinin formalaşdırılması deyil, eyni zamanda ölkənin beynəlxalq aləmdə tanınması və nüfuzunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanda idman infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində böyük işlər görülmüşdür. Paytaxtla yanaşı, regionlarda da olimpiya idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və idman zalları istifadəyə verilmişdir. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, bu obyektlər gənclərin asudə vaxtının səmərəli təşkili və peşəkar idmançıların yetişdirilməsi üçün geniş imkanlar yaradır.
2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş, dünya, Avropa və digər nüfuzlu turnirlərdə çoxsaylı medallar qazanmışlar. Bu uğurlar dövlətin idman sahəsinə göstərdiyi sistemli dəstəyin bariz nümunəsidir. İdmançıların maddi təminatı, məşq prosesinin təşkili, beynəlxalq yarışlara hazırlıq məsələləri daim dövlət nəzarətində saxlanılır.
Prezident İlham Əliyev öz çıxışında kütləvi idmanın inkişafının da xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Məktəblərdə idman dərslərinin təşkili, uşaqların və yeniyetmələrin idmana cəlb edilməsi, sağlam həyat tərzinin təbliği gələcək nəsillərin fiziki və mənəvi sağlamlığı üçün vacibdir. Dövlət proqramları çərçivəsində bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Bundan əlavə, Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi də ölkənin idman sahəsində qazandığı uğurların göstəricisidir. Bu yarışlar həm idmanın inkişafına təkan verir, həm də Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Prezident İlham Əliyev vurğulamışdır ki, idman diplomatiyası ölkənin ümumi siyasətinin mühüm tərkib hissəsidir.
Nəticə etibarilə demək olar ki, Azərbaycanda idmanın inkişafı məqsədyönlü, ardıcıl və uğurlu dövlət siyasətinin nəticəsidir. Bu siyasət sayəsində ölkəmizdə sağlam cəmiyyət formalaşır, gənclər idmana maraq göstərir və Azərbaycan bayrağı beynəlxalq arenalarda daim yüksəklərdə dalğalanır.
Ramana qəsəbəsi, 198 nömrəli məktəbin rus dili müəllimi Nigar
Qasımova
Bölməyə aid digər xəbərlər








