Azərbaycanda idmana dövlət qayğısı hər zaman hiss edilir

Azərbaycanda idmana dövlət qayğısı hər zaman hiss edilir

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Sirr deyil ki, Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir, idman uğurla və sürətlə inkişaf edir. Bu artıq faktdır ki, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və idman respublikamızda dövlət siyasətidir.Müasir qloballaşan dünyada idman geniş əhali qruplarına təsir göstərir, eyni zamanda, sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynayır. Ölkə daxilində mötəbər beynəlxalq yarışların keçirilməsi, xüsusən idmançıların beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmaları gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəldir. İdmana dövlət qayğısının artması isə gənc nəslin sağlam ruhda tərbiyəsində, idmanın kütləviləşməsində vacib amil kimi çıxış edir.
Son illər Azərbaycanın həm də idman ölkəsi kimi nüfuzu getdikcə artır. Bu sahədə də qazanılan uğurlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlətimizin başçısı Azərbaycan idmançılarına hər zaman diqqət və qayğı göstərir. İyirmi səkkiz ildir davam edən bu proses uğurlu nəticələr verməkdədir. Təkcə ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib, 1700-ə yaxın medal qazanıblar. Azərbaycan Prezidentinin də söylədiyi kimi, bu onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan sonra da işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, yeni idman komplekslərinin inşası nəzərdə tutulur.
Dövlətimizin başçısı ilə mütəmadi görüşlər, təltif və mükafatlandırmalar da idmançılarımız üçün böyük stimul olur. Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir.
Təcrübə göstərir ki, idman istənilən cəmiyyətin həyatında bir sıra mühüm funksiyaları yerinə yetirir. İstər beynəlxalq aləmdə, istərsə də dövlətlərin öz daxilində informasiya müharibəsinin kəskin şəkildə güclənməsi şəraitində ümumilikdə idmanın, xüsusən də idman siyasətinin cəmiyyətdə baş verən proseslərə təsiri də artır. Bu mənada, idmançılarımız 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri, həm də təbliğatçısı kimi çıxış edirlər. Bu isə idmançılarımızın məsuliyyətini artırmaqla yanaşı, onların daha böyük qələbələr qazanmasını şərtləndirir”.
Şübhə yoxdur ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yaradılan idman infrastrukturları da nüfuzlu yerli və beynəlxalq yarışların keçirildiyi məkanlar olacaq. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bu, daha böyük uğurlar ilə davam edəcək.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Tarix: Bu gün, 14:01


Bölməyə aid digər xəbərlər