
“Uzun illər ərzində Azərbaycanın su ehtiyatlarının əhəmiyyətli hissəsinin işğal altında olan ərazilərdə formalaşması ölkəni ciddi risklər qarşısında qoymuşdu. Bu risklər təkcə texniki deyil, siyasi və humanitar xarakter daşıyırdı. Məhz bu səbəbdən su resurslarına nəzarətin bərpası postmünaqişə dövrünün əsas prioritetlərindən birinə çevrildi. Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər su resurslarının idarə olunması məsələsinə təkcə infrastruktur kimi deyil, milli təhlükəsizlik məsələsi kimi yanaşıldığını açıq şəkildə ortaya qoyur. İşğal dövründə Ermənistanın su anbarlarından bir təzyiq və təhdid aləti kimi istifadə etməsi artıq beynəlxalq hüquqda “su terroru” anlayışı ilə ifadə olunan siyasətin klassik nümunəsi idi. Sərsəng və Suqovuşan su anbarlarının sularının məqsədli şəkildə idarə olunması nəticəsində Azərbaycanın geniş əraziləri həm quraqlıq, həm də süni daşqınlarla üzləşirdi. Suya ən çox ehtiyac olan mövsümlərdə suyun kəsilməsi, sonradan nəzarətsiz buraxılması kənd təsərrüfatına, əhaliyə və ekosistemə ciddi ziyan vururdu. Bu vəziyyət göstərirdi ki, su mənbələrindən asılılıq birbaşa sosial və iqtisadi təhlükə yaradır.”
Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
Deputat açıqlamasına davam edərək bildirib ki, özünün ərazi bütövlüyünün bərpası ilə Azərbaycan bu təhlükəni kökündən aradan qaldırmaq imkanı əldə etdi:“Bu gün Sərsəng və Suqovuşan su anbarları tamamilə yenidən qurulub və artıq ölkənin vahid su təsərrüfatı sisteminin tərkib hissəsinə çevrilib. Füzuli rayonunda Köndələnçay üzərində yerləşən su anbarlarının, Ağdamda Xaçınçay, Laçında Zabuxçay su anbarlarının bərpası azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının əsas dayaqlarındandır. Bu layihələr yalnız infrastrukturun bərpası deyil, eyni zamanda, bölgənin iqtisadi dirçəlişinin və əhalinin geri qayıdışının əsas şərtidir. Müşavirədə müzakirə mövzusu kimi xüsusi diqqət çəkən məqamlardan biri də yeni su anbarlarının tikintisi ilə bağlı planlardır. Həkəriçay və Bərgüşadçay üzərində nəzərdə tutulan iri su anbarları gələcəkdə həm azad edilmiş ərazilərin, həm də ölkənin digər regionlarının su təhlükəsizliyini daha da gücləndirəcək. Bu, artıq müdafiə xarakterli deyil, qabaqlayıcı və strateji yanaşmadır. Azərbaycan su ehtiyatlarını sadəcə idarə edən deyil, həm də onları planlı şəkildə artıran və risklərin azaldılması istiqamətində real tədbirlər görən ölkəyə çevrilir. Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, Azərbaycanın su mənbələrinin təqribən iyirmi beş faizi məhz azad edilmiş ərazilərdə formalaşır və bu mənbələrin əksəriyyəti ölkə daxilində yaranır. Bu isə xarici asılılığın əhəmiyyətli dərəcədə azalması deməkdir. Kür, Araz və Samur çaylar hələ də əsas mənbələr sırasında qalır, lakin daxili potensialın artması ölkənin manevr imkanlarını genişləndirir və riskləri azaldır.
Bu kontekstdə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təkcə paytaxtın su problemini həll etməyə yönəlmiş sənəd deyil. Bu proqram, əslində, bütövlükdə ölkənin su təhlükəsizliyi strategiyasının mühüm tərkib hissəsidir. Azad edilmiş ərazilərdə formalaşan su ehtiyatlarının səmərəli istifadəsi ilə Bakı və Abşeronun dayanıqlı təminatı arasında qurulan əlaqə milli miqyasda düşünülmüş siyasətin göstəricisidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb.
Bölməyə aid digər xəbərlər







