
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanlı Yanvar qırğını kimi həkk olunmuş, eyni zamanda milli azadlıq mübarizəsinin şərəf və qürur simvoluna çevrilmişdir. Bu faciədən 36 il keçməsinə baxmayaraq, xalqımız həmin gecəni böyük hüzn və dərin ehtiram hissi ilə xatırlayır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası tərəfindən Bakıya yeridilən hərbi qüvvələr qadın, qoca, uşaq demədən dinc əhaliyə qarşı ağır texnika və müxtəlif tipli silahlardan istifadə edərək kütləvi qırğın törətdilər. Bu hadisə açıq şəkildə insanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət idi.
20 Yanvar 1990-cı il hadisələri zamanı Sovet rəhbərliyinin həyata keçirdiyi siyasət öz qəddarlığı və hüquqa ziddliyi ilə seçilirdi. Kütləvi insan qırğını törədildikdən sonra, yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak tərəfindən fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumat efirə verildi. Bu fakt hadisələrin əvvəlcədən planlaşdırıldığını və əhalinin bilərəkdən məlumatlandırılmadığını açıq şəkildə göstərir.
20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının haqq səsini ucaldan, hadisəyə prinsipial və cəsarətli münasibət bildirən tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin şəkildə tənqid edərək bu qanlı hadisəyə rəsmi və açıq izahat verilməsini tələb etmişdir.
Ulu Öndər qeyd edirdi ki, Azərbaycanda kifayət qədər hərbi birləşmələr mövcud olduğu halda, kənardan böyük ordu kontingentinin yeridilməsi heç bir məntiqli və hüquqi əsaslara söykənmirdi. Onun vurğuladığı kimi, respublikada 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları və Daxili İşlər Nazirliyinin daxili qoşunları fəaliyyət göstərirdi. Belə olan halda əlavə hərbi qüvvələrin gətirilməsi yalnız bir məqsədə – dinc əhaliyə qarşı zor tətbiqinə xidmət edirdi.
Ulu Öndər Heydər Əliyev bu qərarın məsuliyyətinin təkcə SSRİ rəhbərliyinin deyil, eyni zamanda Azərbaycan rəhbərliyinin, xüsusilə də xalqını taleyin ümidinə buraxaraq ölkəni tərk etmiş Əbdürrəhman Vəzirovun üzərində olduğunu açıq şəkildə bəyan etmişdir.
20 Yanvar faciəsində Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dövlət tərəfindən daim uca tutulur. Bu ehtiramın bariz nümunələrindən biri də “20 Yanvar şəhidi” fəxri adının təsis olunmasıdır. Sözügedən fəxri ad 1990-cı ilin qanlı hadisələri zamanı şəhid olan insanların qəhrəmanlığının, fədakarlığının və xalq qarşısındakı misilsiz xidmətlərinin rəsmi şəkildə tanınması deməkdir.
“20 Yanvar şəhidi” fəxri adı Azərbaycan dövlətinin şəhidlərə verdiyi yüksək dəyəri, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü siyasəti əks etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidlərin xatirəsinin daim uca tutulmasına, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət çərçivəsində şəhid ailələrinin mənzil, maddi təminat, məşğulluq və digər sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atılır.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, şəhid ailələrinə qayğı göstərmək dövlətin əsas vəzifələrindən biridir. Bu diqqət və qayğı yalnız sosial təminatla məhdudlaşmır, eyni zamanda mənəvi ehtiramın, dövlət səviyyəsində hörmətin ifadəsidir.
20 Yanvar 1990-cı il hadisələri təkcə Azərbaycan xalqına qarşı törədilmiş qanlı qırğın deyil, eyni zamanda insanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət kimi tarixə düşmüşdür. Sovet imperiyası dinc əhaliyə qarşı ağır silahlardan istifadə etməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuş, öz vətəndaşlarına qarşı misli görünməmiş zorakılıq nümayiş etdirmişdir.
Məhz 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsinə çevrildi. Xalq anladı ki, müstəqillik yalnız mübarizə və qurbanlar hesabına əldə edilə bilər. Bu faciə milli özünüdərkin və dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynadı.
20 Yanvar faciəsi dünya azərbaycanlılarının təşkilatlanması prosesinə də güclü təkan verdi. Xarici ölkələrdə yaşayan soydaşlarımız bu hadisəyə biganə qalmayaraq etiraz aksiyaları keçirdilər, beynəlxalq ictimaiyyəti məlumatlandırmağa çalışdılar. Bu, dünya azərbaycanlılarının milli həmrəyliyinin və təşkilatlanmasının başlanğıcı oldu.
20 Yanvar 1990-cı il hadisələri Azərbaycanın müasir tarixində qanlı və ağır səhifə olmaqla yanaşı, milli azadlıq mübarizəsinin dönmə nöqtəsi olmuşdur. Bu faciənin hüquqi və siyasi mahiyyətinin açıq şəkildə tanınması üçün ilk addımı Ümummilli Lider Heydər Əliyev atdı. Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul etdi. Bu qərar Azərbaycanın hüquqi müstəvidə öz keçmişi ilə bağlı mövqeyini müəyyənləşdirməsi, faciənin dövlət səviyyəsində tanınması və şəhidlərin qəhrəmanlığının rəsmiləşdirilməsi baxımından böyük əhəmiyyətə malik oldu.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının ali qanunvericilik orqanı – Milli Məclis 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verdi. Bu qərar 20 Yanvar hadisələrinin tariximizdəki əsl mahiyyətini, Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayəti rəsmən təsdiqlədi.
Ümummilli Lider Heydər Əliyev bu faciənin tariximizdə tutduğu yeri daim vurğulamışdır. Onun sözlərinə görə, “20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük”. Bu ifadə həm faciənin dərin mənəvi təsirini, həm də onun milli azadlıq hərəkatının inkişafında oynadığı mühüm rolu əks etdirir.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi sayəsində 20 Yanvar faciəsinin hüquqi və siyasi qiymətləndirilməsi milli yaddaşımızın qorunmasında, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əsas amillərdən biri oldu.
20 Yanvar faciəsi Azərbaycanın tarixində qanlı və unudulmaz səhifə olaraq qalır. Lakin bu faciənin hüquqi müstəvidə tam və əsl mahiyyətinin açıqlanması yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Onun siyasi iradəsi və qətiyyəti sayəsində 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymət aldı.
Ümummilli Lider Heydər Əliyevin sayəsində 20 Yanvar faciəsi Azərbaycan tarixində əbədi olaraq tanındı, hüquqi və mənəvi baxımdan dəyərləndirildi. Bu hadisə xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzinə çevrildi və milli yaddaşda silinməz iz qoydu.
20 Yanvar hadisələri təkcə faciə deyil, həm də Azərbaycanın müstəqillik yolunda misilsiz qəhrəmanlıq və birlik nümunəsidir. Bu gün həmin hadisə unudulmaz səhifə kimi xalqımızın qəlbində yaşayır. Şəhidlərin göstərdiyi fədakarlıq və qəhrəmanlıq gələcək nəsillərə azadlıq, vətənpərvərlik və milli birlik dərsi verir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ülviyyə Fərzalıyeva
Bölməyə aid digər xəbərlər









