
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi yalnız nüfuzlu beynəlxalq mükafatın təqdimatı ilə yadda qalmadı. Bu tədbir, eyni zamanda, onilliklər boyu münaqişə və qarşıdurma ilə assosiasiya olunan Cənubi Qafqaz regionu üçün yeni bir geosiyasi reallığın, sülh və əməkdaşlıq mərhələsinin rəmzi təsdiqinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın bu mükafata layiq görülməsi beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi yüksək qiymətin bariz ifadəsidir.
Prezident İlham Əliyevin mərasimdə vurğuladığı kimi, bu sülh yalnız iki dövlət arasında münasibətlərin normallaşması anlamına gəlmir. Bu proses daha geniş coğrafiyanı-Cənubi Qafqazı, Avrasiyanı və regionla sıx bağlı olan beynəlxalq enerji, nəqliyyat və təhlükəsizlik sistemlərini əhatə edən fundamental dəyişikliklər vəd edir. Otuz ildən artıq davam edən münaqişə şəraitindən sonra sülh mərhələsinə keçid təkcə siyasi akt deyil, həm də tarixi, psixoloji və strateji dönüş nöqtəsidir.
Əbu-Dabidə səsləndirilən çıxışlar bu reallığı aydın şəkildə ortaya qoydu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və digər dövlət və hökumət başçıları bu sülhün regional və qlobal əhəmiyyətini xüsusi vurğuladılar. Onların çıxışlarında ümumi bir fikir ön plana çıxdı: Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma müasir beynəlxalq münasibətlər sistemində dialoqun, siyasi iradənin və məsuliyyətli liderliyin həlledici rolunu nümayiş etdirən nadir nümunələrdəndir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, sülh prosesi real nəticələrlə müşayiət olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb, iqtisadi və ticarət əlaqələrinin bərpası istiqamətində konkret addımlar atılıb. Bu, regionun uzun illər bloklanmış iqtisadi potensialının açılması, nəqliyyat dəhlizlərinin canlanması və qarşılıqlı asılılığın artması deməkdir. Belə bir mühit isə dayanıqlı sülhün ən möhkəm təminatlarından biridir.
Beynəlxalq aktorların bu prosesi açıq şəkildə dəstəkləməsi sülhün legitimliyini və davamlılığını gücləndirir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşü, Əbu-Dabidə aparılmış danışıqlar və əldə edilmiş razılaşmalar göstərdi ki, beynəlxalq ictimaiyyət münaqişələrin güc yolu ilə deyil, dialoq və diplomatiya vasitəsilə həllinə üstünlük verir. Bu yanaşma təkcə Cənubi Qafqaz üçün deyil, hələ də münaqişə şəraitində yaşayan digər regionlar üçün də mühüm presedent yaradır.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyəti-insan ləyaqəti, dialoq və barışıq-Azərbaycan-Ermənistan sülh prosesi ilə üzvi şəkildə səsləşir. Bu mükafatın məhz bu iki ölkənin liderlərinə təqdim edilməsi göstərir ki, müasir dünyada sülh zəiflik deyil, siyasi cəsarətin və strateji uzaqgörənliyin təzahürüdür. Bu, qisas və düşmənçilik üzərində deyil, gələcək nəsillərin təhlükəsizliyi və rifahı naminə verilmiş şüurlu bir seçimdir.
Əbu-Dabidə keçirilən mərasim təkcə bir diplomatik hadisə deyil, yeni regional düzənin ideoloji və mənəvi əsaslarının elanıdır. Bu sülh iki ölkənin sərhədləri ilə məhdudlaşmır; o, regionda etimadın bərpasına, əməkdaşlıq imkanlarının genişlənməsinə və beynəlxalq münasibətlərdə dialoqun gücünə olan inamın möhkəmlənməsinə xidmət edir. Məhz bu baxımdan Prezident İlham Əliyevin ifadə etdiyi fikir-“Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir”-bugünkü geosiyasi reallığın ən dolğun ifadəsidir.
Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.
Bölməyə aid digər xəbərlər








