
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti ilə keçirilən görüş zamanı səsləndirdiyi bu fikir, əslində, müasir dövrdə Azərbaycan-ABŞ münasibətlərinin mahiyyətini və strateji əhəmiyyətini aydın şəkildə ifadə edir. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir və bu əməkdaşlığın siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə daha da dərinləşəcəyinə güclü zəmin yaradır.
Son altı ay ərzində aparılan intensiv danışıqlar və işçi qruplarının fəaliyyəti əsasında imzalanmış Xartiya təsdiq edir ki, Azərbaycan və ABŞ münasibətlərini yalnız tərəfdaşlıq deyil, uzunmüddətli strateji baxış birləşdirir. Vaşinqtonda keçirilən tarixi görüşdən sonra əməkdaşlığın institusional əsaslarının yaradılması iki ölkənin qarşılıqlı etimada və ortaq maraqlara söykənən siyasət yürütdüyünü sübut edir. Bu sənəd yalnız siyasi niyyət bəyanatı deyil, real layihələr və konkret istiqamətlər üzrə fəaliyyət proqramıdır.
Həmçinin qeyd olunmalıdır ki, ABŞ-ın regionda sülhün təmin olunmasına verdiyi töhfə Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Ermənistan və Azərbaycan arasında Ağ Evdə paraflanmış sülh sazişi və Sülh haqqında Birgə Bəyannamə regionda yeni geosiyasi reallıq formalaşdırmışdır. Artıq altı aydır davam edən sabitlik və sülh şəraiti göstərir ki, beynəlxalq vasitəçilik və güclü siyasi iradə nəticə verə bilir. Azərbaycan tərəfi də öz növbəsində regionda əməkdaşlıq mühitinin möhkəmləndirilməsi üçün mühüm addımlar atmış, tranzit imkanlarını genişləndirmiş və iqtisadi əlaqələrin inkişafına töhfə vermişdir.
İkitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri təhlükəsizlik və antiterror sahəsidir. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq sülhməramlı əməliyyatlarda, o cümlədən Əfqanıstanda ABŞ hərbçiləri ilə çiyin-çiyinə iştirakı ölkəmizin etibarlı tərəfdaş olduğunu nümayiş etdirmişdir. Bu gün də müdafiə sahəsində yeni əməkdaşlıq imkanlarının açılması münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Enerji təhlükəsizliyi sahəsində Azərbaycan artıq qlobal miqyasda mühüm rol oynayır. Ölkəmiz öz təbii qazı ilə 16 dövlətin, o cümlədən 11 NATO üzvünün enerji təhlükəsizliyinə töhfə verməkdədir. Bu fakt Azərbaycanın Avro-Atlantik məkan üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir. Eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionu mühüm nəqliyyat və logistika mərkəzinə çevirərək Asiya ilə Avropanı etibarlı və təhlükəsiz dəhliz vasitəsilə birləşdirməyi hədəfləyir. Bu təşəbbüs yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, süni intellekt mərkəzlərinin yaradılması, əsas minerallar və təbii sərvətlər sahəsində əməkdaşlıq, müdafiə sənayesi və innovasiya istiqamətləri münasibətlərin gələcək perspektivlərini müəyyən edir. ABŞ-ın aparıcı şirkətləri ilə qurulan əməkdaşlıq Azərbaycanın texnoloji transformasiyasına və iqtisadi şaxələndirmə siyasətinə güclü təkan verir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan-ABŞ münasibətləri təkcə iki dövlət arasında əlaqə deyil, regional və qlobal sabitliyə xidmət edən strateji əməkdaşlıq modelidir. Dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir, ölkəmizin suverenliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edən əsas dayaqlardan birinə çevrilir. Bu əməkdaşlıq qarşılıqlı hörmətə, ortaq maraqlara və gələcəyə yönəlmiş praqmatik siyasətə əsaslanaraq yeni uğurlu mərhələyə qədəm qoyur.
Rəvanə Kərimova,,
Nəsimi Rayon Gənci.
Bölməyə aid digər xəbərlər







