
“Dünya nizamının sarsıldığı, klassik diplomatiya alətlərinin və beynəlxalq hüquq institutlarının faktiki olaraq iflic vəziyyətinə düşdüyü bir dövrdə Azərbaycanın xarici siyasət kursu qlobal miqyasda yeni bir “suverenlik modeli” kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin strateji xətti illərdir tətbiq edilən “münaqişəni dondurma” və “xarici diktəyə uyğunlaşma” paradiqmalarını darmadağın edərək, yerinə milli maraqlara və real güc amilinə söykənən prinsipial bir diplomatiya gətirib. Bu siyasətin mərkəzində dayanan ən mühüm reallıq odur ki, Azərbaycan artıq sadəcə qlobal proseslərin iştirakçısı deyil, həm də regionun gələcəyini, təhlükəsizlik arxitekturasını və logistik xəritəsini təkbaşına cızan əsas iradə sahibidir. XIII Qlobal Bakı Forumu bu iradənin beynəlxalq ictimaiyyətə təqdim olunduğu ən yüksək siyasi kürsüdür.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri qeyd edib ki, cənab Prezidentin Forumdakı çıxışında səslənən hər bir fikir, əslində müasir beynəlxalq münasibətlərdəki “təhlükəsizlik böhranı”na verilmiş bir cavabdır: “Uzun illərdir böyük güclərin “əvvəlcə dialoq, sonra nəticə” deyərək prosesi uzatdığı bir mühitdə Bakı sübut etdi ki, təhlükəsizlik təmin olunmadan heç bir iqtisadi və ya siyasi inkişafdan danışmaq mümkün deyil. Əgər dünya nizamı təcavüzkarı durdura bilmirsə, dövlətin öz legitim gücünə söykənərək ədaləti bərpa etməsi təkcə hüquqi deyil, həm də mənəvi bir zərurətə çevrilir. Məhz bu “Güclü Dövlət” doktrinası onilliklərlə kağız üzərində qalan BMT qətnamələrini real sülhə çevirdi. Burada ən inqilabi məqam Azərbaycanın vasitəçilik institutuna baxışıdır. Prezidentin Minsk qrupunu “fəlakət” adlandırması, əslində kənar güclərin regional münaqişələri öz maraqları naminə manipulyasiya etməsinə qarşı qoyulan qətiyyətli qadağadır. Azərbaycan dünyaya göstərdi ki, üçüncü tərəflərin təzyiqi və diktəsi olmadan tərəflər birbaşa masaya oturduqda, illərlə həll olunmayan məsələlər aylar ərzində, həm də daha stabil şəkildə həllini tapır. Bu, beynəlxalq diplomatiyada “Bakı presedenti” kimi qəbul olunmalı olan yeni bir yanaşmadır: Vasitəçisiz, birbaşa və nəticəyə yönəlmiş sülh danışıqları. Lakin Bakının qurduğu bu yeni reallıq təkcə hərbi və ya siyasi üstünlüklə bitmir. Bu çıxışda sezilən ən dərin mesaj iqtisadi realizmdir. Ermənistanın müstəqil tarixində ilk dəfə tranzit ölkə statusu alması, Azərbaycan neft məhsullarının İrəvan üçün əlçatan olması sıradan bir ticarət addımı deyil. Bu, sülhü geri dönülməz etmək üçün məğlub tərəfi iqtisadi maraqlar və infrastruktur zənciri ilə özünə bağlamaq strategiyasıdır. Azərbaycan bu addımı ilə sübut edir ki, o, regionda sadəcə bir qalib deyil, həm də gələcəyin arxitekturasını quran və inkişafı hər kəs üçün gətirən bir moderator tərəfdir. Çindən Avropaya qədər uzanan enerji və logistika yollarında 16 ölkəni öz ətrafında birləşdirən Bakı, artıq qlobal təhlükəsizliyin vazkeçilməz mərkəzinə çevrilmişdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər






