01:35 / 02-07-2026
Azərbaycanda Polis Günüdür
Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının banisidir

Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının banisidir

XIX əsrin ikinci yarısı Azərbaycan xalqının milli özünüdərk, maariflənmə və mədəni inkişaf dövrü kimi tarixə düşüb. Bu dövrdə ölkənin sosial-siyasi və ictimai həyatında yeni düşüncə tərzi, elmi-texniki tərəqqi və mədəni yeniliklərin baş qaldırması müşahidə olunurdu. Belə bir zamanda xalqın gələcəyinin savad, elm və azad fikirdə olduğunu anlayan, cəmiyyətin maariflənməsi naminə yorulmadan çalışan, əslən Zərdabdan olan bir ziyalı ortaya çıxdı. O, Azərbaycan Milli Mətbuatının banisi, maarifçi, təbiətşünas, publisist və cəmiyyətin vicdanı hesab edilən Həsən bəy Zərdabi idi.
Həsən bəy Məlik oğlu Məlikzadə 1837-ci ildə Bakı quberniyasının Zərdab kəndində anadan olub. Atası savadlı, el arasında hörmətli bir adam, anası isə maarifə meyilli və açıq fikirli bir qadın idi. Zərdabinin ailəsi uşaqlarının elmli, dünyagörüşlü böyüməsinə böyük diqqət yetirirdi. O, ilk savadını kənddəki mollaxanada alsa da, atasının təşəbbüsü ilə daha sonra Şamaxı şəhərinə göndərildi və burada rus-müsəlman məktəbində oxudu.
Onun təhsil arzusu bununla bitmədi. O, Qafqazın nüfuzlu təhsil müəssisəsi sayılan Tiflis gimnaziyasına daxil oldu, burada rus və dünya klassiklərinin əsərləri ilə tanış oldu, Avropa elmi, texniki və humanitar fikrinin əsaslarına yiyələndi. Gənc yaşlarında elmə, texniki tərəqqiyə, humanist düşüncəyə və cəmiyyətin inkişafına böyük maraq göstərirdi.
Onun adı artıq bir əsrdən çoxdur ki, milli oyanış, söz azadlığı və maarif uğrunda mübarizənin simvolu olaraq qalır.
O, 1875-ci ildə “Əkinçi” qəzetini təsis etdi və bu qəzet Azərbaycan dilində nəşr olunan ilk ictimai-siyasi, elmi və maarifçi nəşr oldu. “Əkinçi” qəzeti xalqın dili ilə danışır, kəndlilərin, maarifpərvər ziyalıların səsi olurdu. Burada kənd təsərrüfatı, təhsil, elm, ekologiya, gündəlik həyat və sosial məsələlər geniş işıqlandırılırdı.
“Əkinçi” qəzetinin məqsədi xalqın savadlanması, milli şüurun oyanması, ədalətin, hüququn, əxlaqın, bərabərliyin yayılması idi. Zərdabi yazılarında sadə dildə, aydın və təsirli üslubda oxucuya müraciət edirdi. Qəzet az müddət fəaliyyət göstərməsinə baxmayaraq, xalq arasında böyük nüfuz qazandı, yeni jurnalistlər və maarifçilər nəslinin yaranmasına təkan verdi.Həsən bəy Zərdabi təkcə bir qəzetin təsisçisi deyil, həm də ictimai şüurun formalaşmasında, yeni intellektual mühitin yaranmasında, elm və maarif ideyalarının yayılmasında əvəzsiz rol oynamış şəxsiyyətdir. Onun irsi bu gün də aktualdır, gənc nəsli milli-mənəvi dəyərlərə, elmə və müasir dünyagörüşə səsləyir.
Zərdabinin həyat yolu, fəaliyyəti və idealları Azərbaycan cəmiyyətinin yeni mərhələyə qədəm qoymasında örnək model olaraq qalır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin
tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva


Tarix: Bu gün, 11:22


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031