01:35 / 02-07-2026
Azərbaycanda Polis Günüdür
Həsən bəy Zərdabi - Azərbaycan milli mətbuatının banisidir


Həsən bəy Zərdabi - Azərbaycan milli mətbuatının banisidir

22 iyul. Bu gün Azərbaycan mətbuatının doğum günüdür. Bu gün sözün qüdrətinə, qələmin gücünə, həqiqətin səsinə ehtiram günüdür. 150 il əvvəl bu gündə Bakıda bir qəzetin ilk nömrəsi işıq üzü gördü. "Əkinçi" adlanan bu qəzet təkcə kağız üzərindəki xəbərlər deyildi. O, xalqın yuxudan oyanışının, milli şüurun ilk nəfəsi idi və bu nəfəsi verən insan Həsən bəy Zərdabi idi. Azərbaycan milli mətbuatının banisi.
O vaxtlar ətraf zülmət idi. Xalq danışmağı unudub susmağı öyrənmişdi. Ana dilində bir kəlmə söz demək belə çətin idi. Kitab yox, qəzet yox, məktəb yox. İnsanlar haqqını tələb etməyi belə bilmirdi. Elə bil səhra idi. Susuz, səsiz bir səhra. Məhz bu səhraya ilk bulağı Həsən bəy Zərdabi gətirdi. O bulağın adı "Əkinçi" oldu.
"Əkinçi" sadə bir ad idi. Amma o adın altında böyük bir missiya gizlənirdi. Əkinçi torpağı şumlayar, toxum səpər. Həsən bəy də qələm ilə xalqın qəlbini şumladı, maarif toxumu səpdi. Onun qəzetində nə saray xəbərləri, nə də boş sözlər var idi. "Əkinçi"də kəndlinin zəhməti, qadının dərdı, uşağın savadsızlığı, məmurun haqsızlığı var idi. "Əkinçi" xalqa güzgü tutdu və dedi: "Bax, sən belə yaşayırsan. Amma başqa cür də yaşamaq olar".
O, qələmə elə bir qüvvə verdi ki, söz silahdan iti oldu. Hər sətri ilə dedi ki, savadsız xalq qul olar. Hər səhifəsi ilə qışqırdı ki, ədalət olmalıdır. O, mətbuatı "xalqın məktəbi" adlandırdı. Çünki bilirdi ki, məktəbsiz millətin gələcəyi yoxdur. Onun dili şirin, sadə, ürəyə yol tapan bir dil idi. Elə yazırdı ki, oxuması olmayan da başa düşsün. Çünki onun ünvanı alimlər deyildi, xalq idi.
"Əkinçi" çox yaşamadı. Çar senzurası onun səsini boğdu. 56 nömrədən sonra qəzet bağlandı. Amma səsi boğmaq olmurmuş. "Əkinçi" bağlandı, amma ideyası yaşadı. Onun ardınca "Molla Nəsrəddin" gəldi, "İrşad" gəldi, "Tərəqqi" gəldi. Hər biri "Əkinçi"nin övladı idi. Bu gün əlimizdə tutduğumuz hər qəzet, baxdığımız hər xəbər kanalı, oxuduğumuz hər internet saytı bir yerdə o ilk "Əkinçi"yə gedib çıxır.
Bu gün müstəqil Azərbaycanda mətbuat azaddır. Bu azadlığın kökü dərindir. Azərbaycan xalqının ümummilli lideri Ulu öndər Heydər Əliyev sözə, qələmə, jurnalistə ən yüksək dəyər verdi. Məhz Ulu öndər Heydər Əliyev 1998-ci ildə 22 iyulu rəsmi olaraq Mətbuat Günü elan etdi. O, mətbuatı dövlətin dayağı, cəmiyyətin güzgüsü adlandırdı.
Bu gün həmin siyasət cənab prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə qalxır. Cənab prezident İlham Əliyev jurnalistlərin sosial rifahını düşünür, onlara dövlət qayğısı göstərir, media sahəsində şəffaflıq və inkişaf üçün qanunlar qəbul edir. Bu gün ölkəmizdə yüzlərlə qəzet, televiziya, internet portalı sərbəst çalışır. Bu, Zərdabinin arzusunun gerçəkləşməsidir. Bu, onun qələmindən daman sözün bu gün çiçək açmasıdır.
İbtidai sinif müəllimi kimi mən hər gün uşaqlara deyirəm ki, söz müqəddəsdir. Və sözün müqəddəsliyini ilk bizə öyrədən Həsən bəy Zərdabi olub. O, bizə öyrətdi ki, qələm satılmaz. O, bizə öyrətdi ki, jurnalist xalqın vicdanıdır. Əgər cəmiyyətdə bir haqsızlıq varsa, ilk onu qələm görməlidir.
Həsən bəy Zərdabi bizə bir qəzet vermədi, o bizə səs verdi. Susdurulmuş xalqa səs verdi. O, bizə milli qürur verdi. O, bizə inam verdi ki, bizim də sözümüz var, dilimiz var, gələcəyimiz var.
Bu gün 22 iyulda biz ona baş əyirik. Baş əyirik ki, qaranlıqda çıraq yandırdı. Baş əyirik ki, qorxmadı, yazdı. Baş əyirik ki, bu gün biz azad yazırıqsa, bu onun sayəsindədir.
Milli mətbuat yaşadıqca Azərbaycan da yaşayacaq. Çünki mətbuat xalqın yaddaşıdır və bu yaddaşın ilk səhifəsini Həsən bəy Zərdabi yazdı.
Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Fərzanə Heydərli


Tarix: Bu gün, 11:29


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031