Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin ən mühüm dayağıdır

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin ən mühüm dayağıdır

Hər bir xalqın milli varlığını yaşadan və gələcək nəsillərə çatdıran ən böyük sərvəti onun ana dilidir. Azərbaycan dili də xalqımızın zəngin tarixi, mədəniyyəti və mənəvi irsini özündə yaşadan müqəddəs dəyərlərdən biridir. Məhz buna görə də ölkəmizdə hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və onun nüfuzunun artırılması istiqamətində misilsiz xidmətlər göstərmişdir. O, hələ sovet dövründə bütün çətinliklərə baxmayaraq, Azərbaycan dilinin dövlət dili statusu alması uğrunda qətiyyətlə mübarizə aparmış, 1978-ci il Azərbaycan SSR Konstitusiyasında bu müddəanın əks olunmasına nail olmuşdur. Müstəqillik illərində isə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili siyasəti daha da gücləndirilmiş, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmış, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış və avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir.
Ulu öndər Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. O, Azərbaycan dilini xalqımızın milli kimliyinin əsas rəmzi hesab edir, hər bir vətəndaşı ana dilini sevməyə, onu qorumağa və zənginləşdirməyə çağırırdı. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində, elm və mədəniyyət sahələrində daha geniş tətbiq olunmağa başladı.
Bu gün Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab prezident İlham Əliyev Azərbaycan dilinin qloballaşma şəraitində qorunması, latın qrafikalı nəşrlərin genişləndirilməsi, elektron məkanda Azərbaycan dilinin tətbiqinin artırılması və dövlət dilinin saflığının mühafizəsi istiqamətində mühüm sərəncam və fərmanlar imzalamışdır. Görülən bu tədbirlər nəticəsində ana dilimizin hüquqi bazası daha da möhkəmlənmiş, onun istifadəsi bütün sahələrdə genişlənmişdir.
Cənab prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycan dili son dərəcə zəngin dildir və onun saflığının qorunması hər bir vətəndaşın borcudur. Ana dilimizin yad təsirlərdən qorunması, düzgün istifadəsi və gələcək nəsillərə olduğu kimi çatdırılması milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlər cəmiyyətin bütün təbəqələrinin məsuliyyətini artırır.
Müasir dövrdə müəllimlərin üzərinə də böyük məsuliyyət düşür. Gənc nəslə Azərbaycan dilinin incəliklərini öyrətmək, onlarda ana dilinə sevgi və hörmət hissi formalaşdırmaq, nitq mədəniyyətini inkişaf etdirmək hər bir pedaqoqun əsas vəzifələrindən biridir. Məktəblərdə keçirilən tədbirlər, müsabiqələr, mütaliə saatları və dilə həsr olunmuş layihələr şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir.
Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli birliyimizin, dövlətçiliyimizin və mənəvi varlığımızın simvoludur. Hər bir vətəndaş bu müqəddəs sərvəti qorumalı, onu düzgün işlətməli və gələcək nəsillərə zəngin şəkildə ötürməlidir. Ana dilimizə göstərilən qayğı ölkəmizin milli inkişafının və müstəqilliyinin ən mühüm göstəricilərindən biridir.
Şəhid Müşfiq Orucov adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Məsumə


Tarix: Dünən, 11:18


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031