
Azərbaycan zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və formalaşdırdığı müasir enerji infrastrukturu sayəsində beynəlxalq enerji sistemində mühüm yer tutur. Xəzər dənizinin enerji resurslarını dünya bazarlarına çıxaran layihələr ölkəmizin yalnız iqtisadi imkanlarını genişləndirməyib, həm də onu bir sıra dövlətlər üçün etibarlı enerji tərəfdaşına çevirib. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu son illərdə daha da diqqətçəkən olub.
Azərbaycanın enerji siyasətində əsas istiqamətlərdən biri enerji resurslarının ixrac marşrutlarının şaxələndirilməsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və daha sonra yaradılan Cənub Qaz Dəhlizi bu strategiyanın mühüm nümunələridir. Cənub Qaz Dəhlizi təxminən 3500 kilometr uzunluğunda vahid nəql sistemi olmaqla Şahdəniz yatağından hasil edilən təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmasını təmin edir. Dəhlizin əsas hissələrinə Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP daxildir.
Bu infrastrukturun əhəmiyyəti xüsusilə Avropanın enerji təchizatının mənbə və marşrut baxımından şaxələndirilməsi baxımından artır. Avropa Komissiyasının məlumatına görə, Azərbaycandan Avropa İttifaqına Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü 2021–2024-cü illərdə 40 faizdən çox artıb. Azərbaycan qazının alıcı coğrafiyası da genişlənir: 2025-ci ildə SOCAR 14 ölkəyə, o cümlədən 8 Avropa İttifaqı ölkəsinə qaz tədarük edib. 2026-cı ilin yanvarından etibarən Almaniya və Avstriyaya da Azərbaycan qazının ixracına başlanıb. Bu göstəricilər Azərbaycanın enerji bazarında artan rolunu nümayiş etdirir.
Azərbaycanın enerji tərəfdaşlığı yalnız təbii qazla məhdudlaşmır. Son illərdə bərpa olunan enerji mənbələrinin inkişafı və yaşıl enerjinin ixracı istiqamətində də mühüm layihələr gündəmə gəlib. Xəzər dənizində külək enerjisi potensialının istifadəsi, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizinin yaradılması ilə bağlı əməkdaşlıq ölkənin enerji siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Belə layihələr Azərbaycanın gələcəkdə yalnız ənənəvi enerji resurslarının deyil, elektrik enerjisi və bərpa olunan enerji imkanlarının da regional və Avropa bazarlarına çıxarılmasında iştirak edə biləcəyini göstərir.
Enerji layihələrinin Azərbaycan üçün əhəmiyyəti iqtisadi gəlirlərlə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafında da özünü göstərir. Enerji istehsalçısı, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı maraqların formalaşması uzunmüddətli tərəfdaşlıq üçün zəmin yaradır. Azərbaycanın coğrafi mövqeyi isə Xəzər hövzəsi ilə Avropa arasında enerji əlaqələrinin qurulmasına əlverişli imkan verir. Bu baxımdan ölkəmizin enerji infrastrukturu regional əməkdaşlığın və iqtisadi əlaqələrin genişlənməsinə də təsir göstərir.
Nəticə olaraq, Azərbaycanın enerji sahəsində qazandığı mövqe uzun illər ərzində həyata keçirilən layihələrin, infrastruktur yatırımlarının və beynəlxalq tərəfdaşlıqların nəticəsidir. Təbii qazın Avropa bazarlarına nəqli, yeni enerji marşrutlarının yaradılması və yaşıl enerji layihələrinin inkişafı Azərbaycanı müxtəlif ölkələr üçün əhəmiyyətli enerji tərəfdaşına çevirib. Qarşıdakı dövrdə enerji təhlükəsizliyi ilə yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi və regional elektrik bağlantılarının inkişafı Azərbaycanın bu sahədə rolunun daha da şaxələnməsinə şərait yarada bilər.
Ceyhun Sadizadə - Maştağa qəsəbəsi 28 nömrəli məktəbin coğrafiya müəllimi
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.