
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü xalqımızın yaddaşında tarixi Zəfərin, milli iradənin və doğma torpaqlara qayıdışın rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycan xalqının 2020-ci ildə qazandığı Böyük Qələbənin şanlı səhifələrindən birini təşkil edir.
Azərbaycan xalqının taleyinə qara hərflərlə yazılan tarixlər vardır. Belələrindən biri də XX əsrin sonlarında yaşadığımız Qarabağ ərazisinin işğalı, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl uzun illər ərzində öz doğma yurdlarından didərgin düşmüş sakinlərinin qayıdışını gözlədi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb;
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin başlanğıcı oldu. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi;
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təsis edilmişdir. Bu qərar Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cəbrayılın azad edilməsi həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin qayıdış ümidlərini gerçəkliyə çevirən tarixi hadisələrdən biri oldu. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri nəticəsində Cəbrayılın siması yenidən formalaşır, şəhər müasir və rahat yaşayış məkanına çevrilir. 2024-cü il 4 oktyabr tarixində Cəbrayıl şəhərində yeni yaşayış kompleksinin açılışının keçirilməsi və sakinlərə mənzillərin təqdim olunması Böyük Qayıdış prosesinin mühüm nümunələrindən biridir.
Cəbrayılın gələcək inkişafında iqtisadi və logistika imkanları da xüsusi əhəmiyyət daşıyır. Rayonun coğrafi mövqeyi, nəqliyyat bağlantıları və sərhədyanı ərazilərə yaxınlığı burada yeni iqtisadi fəaliyyət istiqamətlərinin formalaşmasına imkan verir. Araz Vadisi İqtisadi Zonası sənaye və sahibkarlıq imkanlarının genişləndirilməsi baxımından mühüm layihələrdən biridir. Bu istiqamətdə yaradılacaq istehsal və xidmət sahələri yeni iş yerlərinin formalaşmasına, yerli iqtisadi fəallığın artmasına və əhalinin məşğulluğunun təmin edilməsinə imkan yarada bilər.
Cəbrayıl həm də Azərbaycanın tarixi-mədəni irsinin mühüm ünvanlarından biridir. Xudafərin körpüsü kimi tarixi abidə bölgənin zəngin keçmişini və müxtəlif dövrləri əhatə edən tarixi irsini əks etdirir. Bu ərazilərin qorunması və bərpası yalnız maddi mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından deyil, həm də bölgənin turizm imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bərpa və quruculuq prosesində tarixi abidələrin mühafizəsi, onların ətrafında müvafiq infrastrukturun yaradılması və turizm marşrutlarına inteqrasiyası Cəbrayılın gələcək inkişaf istiqamətlərindən birini təşkil edir.
Bu gün Cəbrayılın qarşısında tamamilə yeni perspektivlər açılıb. Bir vaxtlar işğal nəticəsində həyatın dayandığı şəhərdə yeni yaşayış məhəllələri, sosial obyektlər, yollar və digər infrastruktur layihələri həyata keçirilir. Burada aparılan hər bir quruculuq işi həm şəhərin fiziki görünüşünün dəyişməsinə, həm də sosial həyatın yenidən formalaşmasına xidmət edir.
4 oktyabr Cəbrayıl üçün yalnız azadlıq tarixini deyil, həm də gələcəyə inamı ifadə edir. Bu tarix xalqın doğma torpaqlara bağlılığının, ərazi bütövlüyünün bərpasının və Zəfərdən sonra başlanan Böyük Qayıdış prosesinin rəmzlərindən biridir. Cəbrayılın azad edilməsi ilə illərlə davam edən həsrətin yerini doğma yurda qayıdış ümidi aldı. Bu baxımdan 4 oktyabr şəhərin tarixində yeni həyatın başlanğıcını ifadə edən əlamətdar gün kimi də xüsusi məna daşıyır.
Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta
ümumtəhsil məktəbinin Azərbaycan dili və Ədəbiyyat
müəllimi Sadiqova Lamiyə
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.