Bir ömür Vətənə sədaqət, 23 illik hərbi xidmət və döyüş yolu

Bir ömür Vətənə sədaqət, 23 illik hərbi xidmət və döyüş yolu


XANKİŞİYEV ŞƏRAFƏDDİN SƏRDAR OĞLU
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri, kəşfiyyatçı (Xanış)
Bir ömür Vətənə sədaqət, 23 illik hərbi xidmət və döyüş yolu
Uşaqlıqdan başlayan Vətən sevgisi.
Xankişiyev Şərafəddin Sərdar oğlu 1982-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Astara rayonunun dağlar qoynunda yerləşən Hamuşam kəndində anadan olmuşdur. O, uşaqlıq illərini doğma kəndinin saf havasında, zəhmətkeş insanların əhatəsində, el-obanın adət-ənənələri və Vətən sevgisi ilə böyüyərək keçirmişdir.
1989-cu ildə Astara rayonunun Hamuşam kəndində yerləşən Şəhid Rəhman Babayev adına orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə həmin məktəbi bitirmişdir. Məktəb illərindən formalaşan xarakteri, məsuliyyət hissi, iradəsi və vətənpərvərlik ruhu onun gələcək həyat yolunun əsasını qoymuşdur.
2000-ci ildə hərbi komissarlığın çağırışı əsasında həqiqi hərbi xidmətə yollanan Şərafəddin Xankişiyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində xidmətə başlamışdır.
Xidmət etdiyi müddətdə ölkə daxilində ictimai asayişin qorunması və müxtəlif kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir. Hərbi xidmətini baş çavuş rütbəsində başa vurmuşdur.
Lakin onun hərbçi həyatı bununla bitmədi. Şərafəddin üçün hərbi forma sadəcə geyim deyil, Vətənə xidmətin, məsuliyyətin və sədaqətin rəmzi idi.
2003-cü ildə Astaranın ağsaqqalı Akif Ağalıyevin təşəbbüsü və dəstəyi ilə yenidən ordu sıralarına qayıtmaq qərarına gəlmiş, gizirlərin hazırlığı kursuna daxil olmuşdur. Kursu uğurla başa vurduqdan sonra qarşısına daha çətin və məsuliyyətli məqsəd qoymuşdur:
Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulmaq.
Xüsusi Təyinatlı Qüvvələrə qəbul olmaq hər bir hərbçinin bacara biləcəyi adi seçim prosesi deyildi. Burada fiziki güclə yanaşı, dözümlülük, psixoloji hazırlıq, iradə, çeviklik, intizam və ekstremal şəraitdə düzgün qərar vermək qabiliyyəti tələb olunurdu.
Şərafəddin Xankişiyevin iştirak etdiyi seçim və hazırlıq mərhələsində 500 nəfərdən yalnız 27 nəfər kursu uğurla başa vuraraq Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olmaq hüququ qazanmışdır.
Bu, onun həyatında yeni bir mərhələnin başlanğıcı idi. Artıq qarşısında adi hərbi xidmət deyil, xüsusi hazırlıq, ağır sınaqlar, məxfi tapşırıqlar və Vətənin təhlükəsizliyi naminə böyük məsuliyyət dayanırdı.
18.03. 2004-cü ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölməsində hərbi xidmətə başlamışdır.
Peşəkar kəşfiyyatçının formalaşması illərlə davam edən ağır hazırlıq.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək yalnız cəsarət tələb etmirdi. Bu xidmət hər gün öz üzərində işləməyi, fiziki və mənəvi baxımdan daim hazır olmağı, ən çətin şəraitdə belə tapşırığı yerinə yetirmək bacarığını tələb edirdi.
Şərafəddin Xankişiyev hərbi xidmət illərində Azərbaycan Ordusunun müxtəlif hazırlıq və ixtisaslaşma kurslarında iştirak edərək peşəkar hərbçi kimi formalaşmışdır.
O, dağçılıq, qar şəraitində fəaliyyət, ekstremal şəraitdə sağ qalma, amfibiya, paraşüt, tibbi hazırlıq, desantlaşma, axtarış-xilasetmə, bina əməliyyatları, istehkam, kəşfiyyat hazırlığı, taktiki təlimlər, əlbəyaxa döyüş və digər xüsusi hazırlıq istiqamətləri üzrə bilik və bacarıqlara yiyələnmişdir.
Bu hazırlıqların hər biri özünəməxsus çətinliklərə malik idi. Bəzən insanın fiziki gücündən daha çox iradəsi, bəzən dözümlülüyündən daha çox düşünmə qabiliyyəti, bəzən də bütün bunlardan üstün olan Vətənə bağlılığı sınağa çəkilirdi.
İllərlə davam edən təlimlər və praktiki hazırlıqlar nəticəsində Şərafəddin Xankişiyev müxtəlif döyüş şəraitlərində fəaliyyət göstərmək təcrübəsi qazanır.
2010-cu ildə Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin iştirakı ilə keçirilən Qafqaz təlimlərində iştirak etmişdir. Həmin təlimlərdə müxtəlif türk dövlətlərindən olan silahlı qüvvələrin nümayəndələri və birləşmələri ilə birlikdə fəaliyyət göstərmiş, beynəlxalq hərbi təcrübənin öyrənilməsi və tətbiqi baxımından mühüm biliklər əldə etmişdir.
Hərbi xidmət müddətində Azərbaycan ərazisində keçirilən müxtəlif mühüm və məxfi xarakterli tapşırıqların icrasında da iştirak etmişdir.
Türkiyə və Pakistan Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələri ilə birlikdə Azərbaycanda keçirilən Axtarış-Xilasetmə hazırlıqlarında iştirak etmişdir. Bu istiqamətdə əldə etdiyi təcrübə onun hərbi hazırlığının daha da təkmilləşməsinə və mürəkkəb şəraitdə fəaliyyət imkanlarının genişlənməsinə xidmət etmişdir.
2012-ci il. Şərafəddin Xankişiyevin hərbi həyatında xüsusi mərhələlərdən biri olmuşdur.
Həmin ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin düşmən arxasında fəaliyyət göstərən kiçik kəşfiyyat qruplarının və hücum qruplarının tərkibində döyüş tapşırıqlarının icrasına cəlb olunmuşdur.
2012–2016-cı illər ərzində kiçik bölmələrin tərkibində düşmən nəzarətində olan ərazilərin dərinliyində səkkiz dəfə uğurlu döyüş tapşırığında iştirak etmişdir.
Kəşfiyyatçının fəaliyyəti çox zaman görünməyən, lakin nəticəsi böyük əhəmiyyət daşıyan xidmətlərdən biridir. Bəzən bir kəşfiyyatçının topladığı məlumat, verdiyi düzgün qərar və vaxtında yerinə yetirdiyi tapşırıq bütöv bir əməliyyatın taleyinə təsir göstərə bilər.
2016-cı ilin aprel ayında baş vermiş Aprel döyüşlərində iştirak etmişdir.
Bu döyüşlər Azərbaycan hərb tarixində mühüm mərhələlərdən biri kimi yadda qalmışdır. Şərafəddin Xankişiyev həmin hadisələrin iştirakçısı olaraq Vətənin müdafiəsi uğrunda üzərinə düşən hərbi vəzifələri yerinə yetirmişdir.
Şərafəddin Xankişiyevin hərbi həyatının ən mühüm və unudulmaz səhifələrindən biri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsidir.
Uzun illər ərzində keçdiyi hazırlıqlar, topladığı döyüş təcrübəsi və xüsusi kəşfiyyat bacarıqları bu müharibədə özünü göstərmişdir.
O, Vətən müharibəsinin ilk günlərindən son günlərinədək döyüş əməliyyatlarında iştirak etmiş, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində aparılan döyüşlərdə iştirak edən XTQ döyüşçülərinin sırasında olmuşdur.
Bu ərazilərin işğaldan azad edilməsi və tarixi torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanması uğrunda aparılan mübarizədə onun da döyüş yolu, əməyi və fədakarlığı vardır.
Bu müharibə Şərafəddin Xankişiyevin həyatında təkcə hərbi hadisə deyil, həm də ömrünün ən ağır, ən məsuliyyətli və qürurverici sınaqlarından biri olmuşdur.
44 günlük Vətən müharibəsindən sonra da onun hərbi xidməti davam etmişdir.
2021-ci ildə Kəlbəcər istiqamətində dövlət sərhədlərinin bərpası və ərazilərimizin təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqların icrasında iştirak etmişdir.
Kəlbəcərin sərt dağlıq relyefi, yüksəklikləri, çətin hava şəraiti və mürəkkəb xidmət şəraiti hər bir hərbçidən xüsusi hazırlıq tələb edirdi.
Şərafəddin Xankişiyev həmin istiqamətdə 60 gün müddətində xidmət etmiş, düşmən qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və dövlət sərhədlərinin bərpası ilə bağlı aparılan fəaliyyətlərdə iştirak etmişdir.
2022-ci ilin sentyabr ayında Kəlbəcər istiqamətində keçirilən dörd günlük “Sarsıdıcı Zərbə” əməliyyatı Şərafəddin Xankişiyevin döyüş yolunun ən ağır səhifələrindən biri kimi yadda qalmışdır.
Dörd gün davam edən şiddətli döyüşlərdə iştirak edən kəşfiyyatçı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi uğrunda mübarizə aparmışdır.
Həmin döyüşlərdə göstərdiyi fəaliyyət və şəxsi döyüş keyfiyyətləri ilə fərqlənmişdir. Döyüşün gərginliyi, qarşıdurmanın ağırlığı və düşmənə vurulan 10 milyon miqdarından artıq zərbələr onun xidmət yolunda xüsusi yer tutmuşdur.
Əməliyyat zamanı ağır xəsarət almasına baxmayaraq, döyüşçü iradəsini və Vətənə xidmət əzmini qoruyub saxlamışdır.
Bu əməliyyatla əlaqədar onun adı yüksək dövlət təltifinə təqdim olunan hərbçilər sırasında da hallanmışdır. Milli Qəhrəman adına təqdimat məsələsi də həmin döyüşlərdən sonra gündəmə gəlmiş, lakin bilinməyən səbəbdən bu fəxri ad ona hələ də verilməmişdir.
2023-cü il — Antiterror tədbirləri və Xankəndiyə aparan tarixi yol.
Şərafəddin Xankişiyevin hərbi bioqrafiyasının ən yaddaqalan səhifələrindən biridə 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri ilə bağlıdır.
Lakin bu hadisədən yeddi gün əvvəl baş vermiş bir məqam onun həyatında ayrıca tarixi əhəmiyyət daşıyır.
32 il ərzində xalqımızın həsrətlə gözlədiyi doğma Xankəndi torpağına antiterror tədbirlərindən yeddi gün əvvəl ilk ayaq basan Xüsusi Təyinatlı Qüvvələrin iki kəşfiyyatçısı — İdris İsayev və Şərafəddin Xankişiyev olmuşdur.
Bu, təkcə iki hərbçinin bir əraziyə daxil olması deyildi. Bu, illərlə həsrətində olduğumuz torpaqlara qayıdışın, Azərbaycan bayrağının həmin ərazilərdə yenidən dalğalanacağı günün yaxınlaşmasının rəmzi idi.
Şərafəddin Xankişiyev 2023-cü ilin antiterror tədbirlərində də iştirak etmişdir. Bu mərhələdə qazandığı döyüş təcrübəsi, illərlə formalaşmış hərbi hazırlığı və kəşfiyyatçı peşəkarlığı onun uzun xidmət yolunun mühüm nəticələrindən biri olmuşdur. Bu səbəbdən onun Xankəndi ərazisində antiterror tədbirlərindən 7 gün əvvəl kəşfiyyatda olmasının səbəbi və nəticəsi 100-lərlə düşmən nəfəri sıradan çıxarılması, tamamilə məhv edilməsinin səbəbkarı şəxsən Şərafəddin özü olmuşdur. Bu da onun həqiqi qəhrəmanlığının sübutu olduğunun bir daha sübut nümunəsidir.
23 illik hərbi xidmətin yekunu
Şərafəddin Xankişiyev Azərbaycan Ordusunda ümumilikdə 23 ilə yaxın hərbi xidmət keçmiş, bunun 20 ildən artıq müddətini Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölməsində xidmətə həsr etmişdir.
Bu illər ərzində müxtəlif hərbi hazırlıqlardan keçmiş, təlimlərdə iştirak etmiş, məxfi tapşırıqların icrasında olmuş, düşmən arxasında kəşfiyyat fəaliyyətlərinə qatılmış, Aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin, 2021-ci il Kəlbəcər istiqamətindəki xidmətinin, 2022-ci ilin “Sarsıdıcı Zərbə” əməliyyatının və 2023-cü il antiterror tədbirlərinin iştirakçısı olmuş Şərafəddin Xankişiyevə, döyüşlərdən sağ cıxmağı Allah ona nəsib etmişdir.
Hərbi xidmət müddətində Dövlət başçısı və Müdafiə Nazirliyi tərəfindən müxtəlif medallarla təltif edilmişdir.
Dövlət başçısı tərəfindən:
1. Füzuli uğrunda medal.
2. Cəbrayıl uğrunda medal.
3. Xocavənd uğrunda medal.
4. Cəsur döyüşçü.
5. Hərbi xidmətlərə görə medal.
6. Müharibə iştirakçısı medalı.
Müdafiə Nazirliyi tərəfindən:
7. Ordunun 90 illik medalı.
8. Ordunun 95 illik medalı.
9. Ordunun 100 illik medalı.
10. Qüsursuz xidmət 3-cü dərəcə.
11. Qüsursuz xidmət 2-ci dərəcə.
12. Qüsursuz xidmət 1-ci dərəcə.
13. Hərbi xidmətə görə 3-cü dərəcə.
14. Hərbi xidmətə görə 2-ci dərəcə.
15. Hərbi xidmətə görə 1-ci dərəcə.
Müdafiə Nazirliyinin Veteranlar Şurasının sədri tərəfindən:
16. General Həzi Aslanov medalı.
Lakin uzun illər davam edən hərbi xidmətin, döyüş tapşırıqlarının və aldığı xəsarətlərin öz ağır nəticələri də olmuşdur.
2024-cü ildə səhhəti ilə əlaqədar Azərbaycan Ordusunun sıralarından ayrılaraq ehtiyata buraxılmışdır.
Beləliklə, uzun illər Vətənin keşiyində dayanan, müxtəlif döyüşlərdə iştirak edən, ağır sınaqlardan keçən hərbçi üçün aktiv hərbi xidmət mərhələsi başa çatmışdır.
Ancaq onun üçün Vətənə xidmət heç vaxt bitməmişdir.
Ailə həyatı və bugünkü fəaliyyəti
Şərafəddin Xankişiyev Sumqayıt şəhərində yaşayır. Ailəlidir, üç oğul atasıdır. Övladları Saleh, Məhəmmədəli və İsmayıl onun həyatının ən böyük mənəvi dayaqlarıdır.
Hərbi xidmət illərində Vətənə xidmət etməyi özünə borc bilən Şərafəddin bu gün də gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, həqiqi hərbi xidmətin, döyüş yoldaşlığının və Vətənə sədaqətin mahiyyətinin gənclərə çatdırılmasına xüsusi əhəmiyyət verir.
O, hesab edir ki, gələcək nəsil Vətənin azadlığı uğrunda mübarizə aparanları, şəhidlərimizin fədakarlığını və qazilərimizin keçdiyi ağır yolu tanımalıdır.
Xankişiyev Şərafəddinin həyat yolu bir kənd məktəbinin şagirdliyindən başlayaraq Daxili Qoşunların xüsusi dəstəsinə, oradan Xüsusi Təyinatlı Qüvvələrin sıralarına, daha sonra isə peşəkar kəşfiyyatçılığa qədər uzanmışdır.
Bu yolun hər mərhələsində ağır sınaqlar, məsuliyyətli qərarlar, təhlükəli tapşırıqlar və unudulmaz döyüş xatirələri vardır.
Onun keçdiyi 23 illik hərbi xidmət yolu yalnız şəxsi bioqrafiyanın bir hissəsi deyil, həm də Azərbaycanın müasir hərb tarixinin müxtəlif mərhələlərində iştirak etmiş bir XTQ-döyüşçüsünün həyat salnaməsidir.
Bu salnamənin arxasında doğma Hamuşam kəndindən başlayan bir ömür, Vətən torpaqlarında keçən illər, döyüşlərdə qazanılan təcrübə, itirilən silahdaşların ağrısı, ailənin həsrəti və Vətənə olan sonsuz bağlılıq dayanır.
Çünki bəzi insanlar üçün hərbi xidmət sadəcə bir peşədir, bəziləri üçün isə bütün ömrünü həsr etdiyi müqəddəs bir yoldur.
Şərafəddin Xankişiyevin yolu da məhz belə bir yoldur: Vətənə sədaqət, xalqa xidmət və şərəflə yaşanan bir ömür.
İnanırıq ki, haçansa cənab Ali Baş Komandan Xankişiyev Şərafəddini əməyini qiymətləndirəcək.
AJB-nin üzvü, Mədəniyyət işçisi Sürəddin Əliyev

Tarix: Bu gün, 12:01


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30