BÖYÜK QAYIDIŞIN TƏNTƏNƏSİ: VİRANƏLİKDƏN İNTİBAHA UCALAN AĞDAM

BÖYÜK QAYIDIŞIN TƏNTƏNƏSİ: VİRANƏLİKDƏN İNTİBAHA UCALAN AĞDAM

         Azərbaycanın müasir dövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olunmuş 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın milli qürurunun, sarsılmaz birliyinin və tarixi ədalətin bərpasının rəmzidir. Otuz ilə yaxın davam edən işğal dövründə misli görünməmiş erməni vandalizminə məruz qalaraq yerlə-yeksan edilən bu qədim yurd yeri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasi strategiyası və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində azadlığına qovuşmuşdur. Dövlət başçısının ifadə etdiyi kimi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Məhz bu qətiyyətli bəyanat Ağdamın yenidən qurulması strategiyasının təməl daşına çevrilmişdir.
         Qarabağın dağətəyi və düzən ərazisində qərar tutan Ağdam Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri kimi zəngin dövlətçilik və mədəniyyət tarixinə malikdir. Elmi-tarixi mənbələrə əsasən, “Ağdam” toponimi qədim türk dilində “kiçik qala” mənasını daşıyır və sonralar məhz həmin qalanın ətrafında bu möhtəşəm şəhər formalaşmışdır. Əsrlərin yadigarı olan Cümə məscidi (XIX əsr), Pənahəli xanın imarəti (XVIII əsr), Karvansara (XVIII əsr) və Şahbulaq qalası (XVIII əsr) kimi nadir memarlıq abidələri bu torpağın əzəli sahiblərinin yaratdığı yüksək sivilizasiyanın danılmaz sübutudur. Vətən müharibəsində göstərilən misilsiz igidliyin əbədiləşdirilməsi məqsədilə təsis edilən “Ağdamın azad olunmasına görə” medalı isə şanlı Zəfərimizin və qəhrəman əsgərlərimizin fədakarlığının dövlət səviyyəsində uca tutulmasının bariz nümunəsidir.  Hazırda Ağdam şəhərində və ətraf kəndlərdə Böyük Qayıdış Proqramı çərçivəsində məskunlaşma prosesi ardıcıllıqla həyata keçirilir, bölgənin müasir turizm, nəqliyyat və sosial infrastrukturu formalaşdırılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama müntəzəm səfərləri çərçivəsində 2022–2026-cı illər ərzində şəhər və rayonun bir sıra yaşayış məntəqələrində – o cümlədən Eyvazxanbəyli, Xıdırlı, Kəngərli, Sarıcalı, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı və Baş Qərvənd kəndlərində genişmiqyaslı təməlqoyma və açılış mərasimləri reallaşdırılmışdır.
         Bu dövrdə Bərdə–Ağdam avtomobil yolu, şəhərdaxili yol-kommunikasiya şəbəkəsi, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, yeni yaşayış məhəllələri və müasir fərdi evlər, “City Hotel Agdam” mehmanxanası, Atçılıq Nəslartırma Mərkəzi, inzibati binalar, təhsil və mədəniyyət ocaqları – o cümlədən Ağdam Muğam Mərkəzi inşa edilərək istifadəyə verilmişdir. Artıq doğma yurduna qayıdan sakinlərə yeni mənzillərin açarları təqdim olunur, tarixi-mədəni abidələr bərpa edilir və bölgədə həyat yenidən canlanır.Bu gün Ağdamda ucalan hər bir bina, salınan hər bir yol dövlətimizin iqtisadi qüdrətinin və xalqımızın quruculuq əzminin təntənəsidir. Viranəlikdən müasir şəhərsalma nümunəsinə çevrilən Ağdam Qarabağın parlayan incisi kimi əbədi yaşayacaqdır.
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
Coğrafiya müəllimi Mail Kərimov


Tarix: Dünən, 14:58


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30