Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşlığa

Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşlığa


 Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzunmüddətli dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında formalaşaraq bu gün çoxşaxəli əməkdaşlıq səviyyəsinə yüksəlib. İki ölkəni birləşdirən əlaqələrin tarixi yalnız diplomatik münasibətlərlə məhdudlaşmır, həm də siyasi iradə, iqtisadi tərəfdaşlıq, elmi-mədəni mübadilə və humanitar təşəbbüslərlə zənginləşir. Bu münasibətlərin təməli ötən əsrin ortalarında qoyulsa da, müasir dövrdə yeni məzmun və strateji əhəmiyyət qazanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı münasibətlərin keçmişinə, hazırkı vəziyyətinə və gələcək inkişaf perspektivlərinə aydın nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində Azərbaycan–Vyetnam dostluğunun tarixi əsaslarını xatırladaraq əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan–Vyetnam münasibətlərinin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə bağlıdır. Bu səfər iki xalq arasında qarşılıqlı rəğbətin və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayıb. Sonrakı illərdə əlaqələrin inkişafına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də xüsusi töhfə verib. Onun 1983-cü ildə Sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri və ölkənin müxtəlif regionlarında keçirdiyi görüşlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli mərhələ olub. Həmin səfər çərçivəsində əldə edilən razılaşmalar Vyetnamın iqtisadi inkişafına dəstək verməklə yanaşı, gələcək tərəfdaşlığın istiqamətlərini də müəyyənləşdirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri iki ölkə arasındakı dostluğumuzun başlanğıc nöqtəsidir”. Bu fikir Azərbaycan–Vyetnam münasibətlərinin yalnız diplomatik sənədlər və siyasi görüşlər üzərində deyil, tarixi yaddaş və xalqlar arasında formalaşmış səmimi münasibətlər üzərində qurulduğunu göstərir. Müstəqillik dövründə də Azərbaycan və Vyetnam arasında siyasi dialoq ardıcıl şəkildə davam etdirilib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri münasibətlərin inkişafına yeni dinamika verib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli əlaqələrin tarixində mühüm hadisəyə çevrilib. Səfər zamanı aparılan danışıqların nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu sənəd iki ölkənin münasibətlərini yeni mərhələyə daşımaqla yanaşı, əməkdaşlığın konkret istiqamətlər üzrə genişləndirilməsi üçün siyasi və institusional zəmin yaradıb. Hazırda Azərbaycan və Vyetnam arasında əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlı əlaqələr ölkələrin ortaq mövqelərinin ifadə olunmasına imkan yaradır. Hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq siyasi münasibətlərin institusional əsaslarını daha da gücləndirir. İkitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri iqtisadi və ticarət əməkdaşlığıdır. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər iqtisadi potensialın tam reallaşmadığını deməyə əsas verir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti və nəqliyyat-logistika sahələri qarşılıqlı investisiyalar və birgə layihələr üçün geniş imkanlar yaradır. Energetika sektorunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq hər iki ölkənin enerji sahəsində malik olduğu təcrübə və imkanların birləşdirilməsi baxımından perspektivlidir. Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı da artmaqdadır. Bu baxımdan “ROX Group” şirkətinin ölkəmizdə tikinti, infrastruktur, bərpaolunan enerji, xüsusilə günəş və külək enerjisi layihələrində iştirak etmək niyyəti diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi əməkdaşlığın praktiki nəticələrə yönəldiyini göstərir. Nəqliyyat və logistika sahəsi də iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mühüm perspektivlərə malikdir. Azərbaycanın Şərq-Qərb istiqamətində yerləşən strateji coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq dəhlizlərdə artan rolu Vyetnamla Avropa arasında yükdaşımaların təşkili üçün əlverişli imkanlar yaradır. Prezidentin müsahibəsində qeyd etdiyi məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu dinamika Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından daha geniş istifadə edilməsinin əhəmiyyətini bir daha ortaya qoyur. Azərbaycan–Vyetnam münasibətlərinin mühüm və davamlı istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi sosial və təhsil təşəbbüsləri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərilməsi xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Fondun vitseprezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı dövlət və ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, eləcə də Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşləri bu əlaqələrin humanitar ölçüsünü daha da genişləndirib. Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də təhsil sahəsində əməkdaşlığın konkret nümunələrindəndir. Elm və təhsil əlaqələri iki ölkənin gələcək əməkdaşlığı üçün mühüm intellektual baza formalaşdırır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması ölkələrimiz arasında akademik münasibətlərin dərin tarixi olduğunu təsdiqləyir. Bu gün də universitetlər arasında əməkdaşlıq müqavilələri və memorandumlar, tələbə mübadiləsi və təhsil proqramları əlaqələrin inkişafına xidmət edir. Vyetnamlı tələbələrin Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün yaradılmış təhsil qrantlarından yararlanmaq imkanları da bu istiqamətdə mühüm addımdır. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə iki ölkənin tarixi dostluğunun akademik mühitdə yaşadılmasının rəmzi nümunəsidir. Tədbirin To Lamın iştirakı ilə və Ho Şi Minin anadan olmasının 135-ci ildönümünə təsadüf etməsi onun əhəmiyyətini daha da artırıb. Mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət də münasibətlərin zənginləşməsində mühüm rol oynayır. Azərbaycanda keçirilən Vyetnam Günləri, yaradıcı layihələr, ədəbi nəşrlər və mədəni mübadilə proqramları xalqların bir-birinin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yaradır. 2026-cı ildə Vyetnam Günləri festivalının ilk dəfə Bakı ilə yanaşı Qəbələdə də təşkil olunması bu tədbirlərin coğrafiyasının genişləndirilməsi baxımından əlamətdardır. Vyetnam şairi Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşri də ədəbi əlaqələrin inkişafına töhfə verən hadisələrdəndir. Azərbaycan ilə Vyetnam arasında mədəni münasibətlərin tarixi daha əvvəlki dövrlərə gedib çıxır. Bəstəkar Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası”nı yaratması, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti və ölkənin kino sənayesinin inkişafına verdiyi töhfələr bu əlaqələrin sənət sahəsindəki təzahürləridir. Əjdər İbrahimovun Vyetnama həsr etdiyi “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi də ortaq mədəni yaddaşın qorunmasına xidmət edir. Dostluq münasibətlərinin səmimiliyi yalnız uğurlu layihələr və əməkdaşlıq təşəbbüsləri ilə deyil, çətin anlarda göstərilən qarşılıqlı dəstəklə də ölçülür. Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların Vyetnamda yaratdığı fəsadların aradan qaldırılması məqsədilə maliyyə yardımı göstərməsi humanitar həmrəyliyin bariz nümunəsidir. Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluq ənənələrini qorumaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun olaraq yeni istiqamətlərdə inkişaf edir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə möhkəmlənən siyasi iradə, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji və nəqliyyat sahəsində yeni imkanlar, eləcə də humanitar və mədəni əlaqələr bu tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada malik olduğu strateji mövqe iki ölkənin regional və beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır. Dövlət başçısının vurğuladığı kimi, “Dost Vyetnama səfərim əminəm ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq”. Bu yanaşma iki xalq arasında onilliklər ərzində formalaşmış dostluğun gələcək nəsillərə ötürüləcəyinə və Azərbaycan–Vyetnam əlaqələrinin daha geniş əməkdaşlıq platformasına çevriləcəyinə inamı ifadə edir.

Bakı şəhəri, Nazim İsmayılov adına 80 №-li tam orta məktəbin direktoru Təranə Müzəffərova


Tarix: Dünən, 12:24


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30