Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib
Universitetin rektoru Yusif Yusibov iclası giriş sözü ilə açaraq qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ali təhsil ocağının əməkdaşlarını təbrik edib, ən xoş arzularını bildirib. Rektor diqqətə çatdırıb ki, bayramlar münasibəti ilə səmərəli, qüsursuz fəaliyyətinə görə GDU-nun bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub.
Elmi Şurada rektor Yusif Yusibov gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Sonra Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Qeyd edilib ki, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb, imtahanla əlaqədar təlimat hazırlanıb və universitetin saytında yerləşdirilib. Universitet üzrə əmrə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb.
İclasda İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov son illər ərzində departament tərəfindən görülən işlərə dair geniş hasabatla çıxış edib.
Elmi Şurada Filologiya fakültəsinin, Təhsilin pedaqogikası və metodikası kafedrasının, eləcə də Psixologiya kafedrasının 5 illik fəaliyyətinə dair hesabatları və komissiya sədrlərinin çıxışları dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şurada gizli səsvermənin nəticələri əsasında Riyazi analiz kafedrasının dosenti Abbas Hüseynova Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adının verilməsi məqsədə uyğun hesab edilib.
Elmi Şuranın iclasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Gəncə Dövlət Universitetinin bütün əməkdaşlarına pul mükafatının verilməsi barədə qərar qəbul olunub.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Bölməyə aid digər xəbərlər