Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin və FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Aqil Mustafayev, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak edib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd etdib, bu istiqamətdə qarşıda duran vacib məsələlərdən danışıb. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirib.
Sonra FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Aqil Mustafayev, Tərtər rayon DYMH-nin rəisi polkovniki Mübariz Əliyev, ARAN RDYNİ-nin böyük inspektoru Sadiq Bəbişov, Tərtər rayon Aqrolizinq ASC-nin nümayəndəsi Vəfa Mustafayev, Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru Mehman Babayev mövzu ətrafında çıxış ediblər.
Qarşılıqlı diskusiya şəkilində keçirilən tədbirdə iştirakçılarn sualları cavablandırılıb.
İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik, evlə təmin olunma, pay torpaq sahəsində olan mübahisə, işğaldan azad edilmiş ərazilərdə evlə təmin olunma, əkin üçün bələdiyyədən icarəyə torpaq sahəsinin ayrılması, sahibkarlıq və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Qlobal iqlim dəyişikliklərinə adaptiv yeni bitki sortlarının yaradılmasında genetik ehtiyatlarının rolu: gələcəyə baxış, perspektivlər” mövzusunda Respublika Tarla seminarı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə institutun Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi Tədqiqat Bazasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Qlobal iqlim dəyişikliklərinə adaptiv yeni bitki sortlarının yaradılmasında genetik ehtiyatlarının rolu: gələcəyə baxış, perspektivlər” mövzusunda Respublika Tarla seminarı keçirilib.
Seminarda Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Təcrübə bazasının əməkdaşları, Bərdə kollecinin direktoru, müəllim və tələbələri, Tərtər rayonunun fermerləri, taxılçılıq şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak ediblər.
Seminarı Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov giriş sözü ilə açaraq iqlim dəyişmələri, regionda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb və seminarın işinə uğurlar arzulayıb.
Sonra Genetik Ehtiyatlar İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə genetik ehtiyatların rolu” mövzusunda məruzə ilə çıxış edərək, seminar iştirakçılarına geniş məlumat verib. Baş direktor qeyd edib ki, təbiətə antropogen təsirlərin və qlobal iglim dəyişikliklərinin intensiv xarakter aldığı müasir dövrdə bioloji müxtəliflik və onun genetik ehtiyatları canlı həyatın davamı və insanların getdikcə artan ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Bu müxtəliflikdən səmərəli istifadə etməklə ekoloji stabilliyə, ərzaq və qida təhlükəsizliyinə, ümumən davamlı inkişafa nail olmaq mümkündür. Azərbaycan tarixən təbii-coğrafi və torpaq-iqlim şəraitinin yüksək müxtəlifliyi və zəngin bitki örtüyünün olması ilə məşhurdur. Bura bir çox bitki növlərinin ilkin əmələgəlmə və mədəniləşmə mərkəzlərindəndir. Qlobal əhəmiyyətli müsbət əlamətlərin, biotik ve abiotik streslərə davamlı genlərin daşıyıcısı olan yabanı əcdad növlər və xalq seleksiyası nümunələri bu zənginliyin tərkib hissəsi olmaqla vaxtilə Genetik Ehtiyatlar İnstitutunun dünya şöhrətli Qarabağ Elmi Tədqiqat bazasında toplanmış, artırılmış, tədqiq edilmiş və seleksiyada səmərəli istifadə olunmuşdur. Hazırda iqlim dəyişikliklərin və antropogen fəaliyyətlərin intensivləşməsi fonunda "Yaşıl dünya naminə həmrəylik ili" və "İşğaldan azad olunan ərazilərə qaydiş üzrə I Dövlət proqramı" çərçivəsində Milli Genbankda toplanmış bölgəyə məxsus mövcud genetik müxtəlifliyin, xüsusən də mədəni bitkilərin yabanı əcdadları, qədim yerli sortlarla bağlı gələcək inkişaf dinamikası nəzərə alınmaqla birgə müvafiq strategiyaların hazırlanması və həyata keçirilməsi çox mühümdür. İglim dəyişikliklərinin uzun bir proses olduğunu nəzərə alaraq, Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasının Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının və onlara yaxın rayonların fermer təsərrüfatlarının yerli şəraitdə yaradılmış, sınaqdan keçirilmiş, adaptasiya olunmuş yeni sort, toxum, ting materialları ilə təmin olunmasına yönəldilmiş elm mərkəzinə çevrilməsi qeyd edilən strategiyanın əsas hədəflərindəndir.
Kənd təsərrüfatı istehsalı və seleksiya fəaliyyətlərində qlobal iqlin dəyişikliklərinin mənfi nəticələrinə qarşı mübarizə bir neçə istiqamətdə aparılır. Bunlardan biri bu dəyişikliklərin yumşaldılmasıdırsa, digəri mühitin dəyişməsinə davamlı və məhsuldar bitki sortlarının yaradılmasıdır. Qarabağ Elmi Tədqiqat Bazasında artıq region üçün xarakterik bütün bitkilərin genefondu toplanır, kolleksiyası yaradılır, qorunub saxlanılır, qiymətləndirilir, seçilir, hibridləşdirilir, ənənəvi və müasir texnologiya ilə yeni sortlar yaradılır.
Seminarda daha sonra şöbə müdürləri b.ü.f.d. Sabir Həsənov, a.e.ü.f.d. Mirzə Musayev, b.ü.f.d. Rühəngiz Məmmədova, baş elmi işçi, b.e.d. Cəbrayıl Ağayev, aparıcı elmi işçi, b.ü.f.d. Abdin Abdullayev Qarabağ Elmi Tədqiqat Bazasında iqlim dəyişikliklərinə uyğun buğda, tərəvəz, meyvə və texniki bitkilərin yeni sortlarının yaradılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi məsələsinə münasibətlərini və fikirlərini bildiriblər. AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru Ələmdar Məmmədov iqlim dəyişikliklərinə adaptasiya olunan yeni sortların yaradılmasında müasir texnologiyadan istifadə olunmasının mümkünlüyündən və vacibliyindən danışıb. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələrə yekun vuran AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və tapşırıqlar haqda danışıb, onların reallaşdırılması, Qarabağ Elmi Tədqiqat Bazasının Sovetlər İttifaqı dövründəki böyük nüfuzunun qaytarılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
Seminar iştirakçıları sonda Qarabağ Elmi Tədqiqat Bazasının təcrübə sahəsində kolleksiya əkinləri, yeni sortların sınağı, seleksiya və toxumçuluq əkinləri ilə tanış olublar.
Bölməyə aid digər xəbərlər