Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik. Əgər rəsmi İrəvan bizim sözümüzə baxsaydı, sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı ərazi iddiası qaldırmışdır. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin.
Ötən illər ərzində ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdir.Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməz.Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik.
Bölməyə aid digər xəbərlər