Namizəd İsmayılov: Müstəqil Azərbaycan dövlətinin müasir inkişaf mərhələsi

Xalqına Xidmət Yolunu Şərəflə Daşıyan İdarəçi – Namizəd İsmayılovun İctimai Missiyası

Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov - Müstəqil Azərbaycan dövlətinin müasir inkişaf mərhələsi Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Onun rəhbərliyi dövründə dövlət quruculuğu və hüquq siyasəti sahəsində həyata keçirilən islahatlar ölkənin suverenliyinin möhkəmləndirilməsinə, idarəetmənin təkmilləşdirilməsinə və hüquqi dövlət prinsiplərinin praktik reallığa çevrilməsinə xidmət edib. Bu fəaliyyət Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik məktəbinin yeni tarixi şəraitdə davamı və inkişafıdır.

Cənab İlham Əliyevin dövlət quruculuğu siyasətinin əsasını güclü dövlət – effektiv idarəetmə – sosial rifah üçbucağı təşkil edir. Prezidentlik institutu ətrafında mərkəzləşmiş, lakin çevik idarəetmə modeli formalaşdırılıb. İcra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, regional idarəetmədə yeni yanaşmaların tətbiqi və dövlət aparatının funksional optimallaşdırılması dövlət quruculuğunda müəyyən edilmiş strateji xəttin tərkib hissəsidir.

Xüsusilə, müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərdə yeni idarəetmə institutlarının yaradılması, xüsusi nümayəndəliklərin təsis edilməsi və hüquqi-inzibati mexanizmlərin sıfırdan qurulması müasir dövlət quruculuğunun bariz nümunəsi kimi çıxış edir.

Konstitusion inkişaf və islahatlar Prezident İlham Əliyevin rəhbərliyi dövründə diqqət mərkəzində olan ümdə məsələlərdəndir. Bu illər ərzində Konstitusiyanın təkamülü dövlət idarəçiliyinin real ehtiyaclarına uyğun aparılıb. 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə edilən dəyişikliklər dövlət hakimiyyətinin dayanıqlığını artırmaq, idarəetmədə operativliyi təmin etmək və siyasi sistemin effektivliyini yüksəltmək məqsədi daşıyıb. Bu dəyişikliklər nəticəsində Prezident institutunun məsuliyyəti və səlahiyyətləri dəqiqləşdirilib, icra hakimiyyəti ilə qanunverici orqan arasında funksional tarazlıq qorunub, dövlət idarəçiliyində hüquqi boşluqlar aradan qaldırılıb.

Tarixi Qarabağ Zəfərindən sonra yeni siyasi-hüquqi reallıqlar fonunda Konstitusiyanın tətbiqi onun canlı və dinamik hüquqi sənəd olduğunu bir daha təsdiqləyib.

Hüquq siyasəti və hüquqi dövlət prinsiplərinin inkişafı baxımından İlham Əliyevin həyata keçirdiyi siyasət insan hüquqlarının qorunması, qanunun aliliyi və ədalət prinsiplərinin möhkəmləndirilməsinə yönəlib. Məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmələrin institusional müstəqilliyi gücləndirilib, elektron məhkəmə və rəqəmsal xidmətlər tətbiq edilib, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları genişləndirilib.

Eyni zamanda, cinayət hüququ siyasətində humanizm prinsipi əsas götürülərək amnistiya aktları və əfv sərəncamları mütəmadi xarakter alıb. Bu baxımdan İlham Əliyev dövrünü humanizmin müasir mərhələsi kimi dəyərləndirmək mümkündür. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi 22 il ərzində bu siyasi xətti ardıcıl olaraq yeni tarixi reallıqlar və müasir çağırışlar fonunda uğurla, yeni keyfiyyətdə davam etdirmişdir. Onun prezidentliyi dövründə imzalanmış 40-a yaxın əfv sərəncamından, qəbul edilmiş 6 genişmiqyaslı amnistiya aktından 100 minə yaxın məhkum və onların ailə üzvləri faydalanmışdır. Xüsusilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən sonuncu amnistiya təşəbbüsü və bununla bağlı ötən həftə müstəqil Azərbaycanın tarixində Milli Məclis tərəfindən qəbul edilmiş ən böyük amnistiya aktı bu baxımdan rəmzi və məntiqi xarakter daşıyır: Prezident İlham Əliyevin bu addımı ulu öndər Heydər Əliyevdən miras qalmış dövlətçilik ənənələrinin ardıcıl davamı, humanizm prinsiplərinin siyasi praktikada real ifadəsi və insan amilinin Azərbaycan dövlətinin siyasi kredosunun əsas tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir. Bu siyasi mövqe sübut edir ki, müasir Azərbaycan dövləti suverenliyini yalnız ərazi bütövlüyü ilə deyil, eyni zamanda ədalətli, mərhəmətli və hüquqa əsaslanan idarəçilik modeli ilə möhkəmləndirir.

Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü hüququndan fəal istifadə edərək hüquqi bazanın müasir çağırışlara uyğunlaşdırılmasına qanunvericilik sisteminin modernləşdirilməsinə nail olub. İqtisadiyyat, sosial siyasət, təhlükəsizlik, rəqəmsal inkişaf və ərazi bütövlüyü ilə bağlı qəbul edilən qanunlar hüquqi dövlətin normativ əsaslarını möhkəmləndirib.

Xüsusilə, milli təhlükəsizlik və suverenlik məsələlərinin qanunvericilikdə prioritet kimi təsbit olunması dövlətçilik maraqlarının hüquqi müstəvidə qorunmasının ifadəsidir.

Ölkə rəhbərinin dövlət quruculuğu siyasətində dövlətçilik və milli suverenlik konsepsiyası ali dəyər kimi çıxış edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi deyil, eyni zamanda hüquqi nəticələr doğurub. Dövlət sərhədlərinin bərpası, konstitusion quruluşun bütün ölkə ərazisində təmin edilməsi və milli qanunvericiliyin tam tətbiqi hüquqi dövlətin məntiqi yekunu olub.

Beləliklə, dövlət quruculuğu və hüquq siyasəti sahəsində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət sistemli, ardıcıl və strateji xarakter daşıyır. Azərbaycan Liderinin bu istiqamətdəki fəaliyyəti güclü dövlət institutlarının formalaşdırılması, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və milli maraqların qorunması ilə səciyyələnir. Heydər Əliyev siyasi irsinin davamı kimi cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar müasir Azərbaycan dövlətçiliyinin möhkəm hüquqi-siyasi təməlini təşkil edir və ölkənin uzunmüddətli inkişafını təmin edən əsas faktorlardan biri kimi çıxış edir.

Nəticə etibarı ilə, ölkəyə rəhbərlik etdiyi illər ərzində son nəticədə xalqın rifahını hədəfə alan daxili siyasəti ilə Prezident İlham Əliyev xalqın dərin etimadını qazanmış, Heydər Əliyev siyasi irsini müasir dövrün tələblərinə uyğun davam etdirərək praqmatik xarici siyasəti və mükəmməl diplomatik addımları sayəsində dünya liderləri arasında Azərbaycanın söz sahibinə çevrilməsini təmin etmiş, Azərbaycan tarixində güclü və uğurlu dövlət lideri kimi özünəməxsus nüfuzlu yerini təsdiqləmişdir.


Tarix: Bu gün, 00:13


Bölməyə aid digər xəbərlər