Bu gün 8 noyabr – Azərbaycan tarixinin ən şərəfli, ən parlaq, ən qürurlu günlərindən biridir. Bu gün sadəcə bir tarix deyil, bu gün bir millətin dirçəlişinin, əzminin, birliyinin və haqq savaşının təntənəsidir. 2020-ci ilin həmin möhtəşəm günündə Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi ilə 28 illik həsrəti bitirdi, Şuşanı işğaldan azad etdi və tarix yenidən yazıldı. Bu qürurlu günün beşinci il dönümü münasibətilə Razim müəllimin ürəyindəki duyğular sanki daha da alovlanır.
Razim müəllim deyir ki, Zəfər Günü, təkcə bir şəhərin azadlığı deyil, bir millətin əsarətdən, ədalətsizlikdən qurtuluşunun simvoludur. Bu gün Azərbaycan xalqının nə qədər mətin, nə qədər iradəli olduğunu bütün dünyaya göstərən bir gündür. Şuşanın azad edilməsi, müharibənin taleyini dəyişən əsas qələbə oldu və dünya Azərbaycan ordusunun gücünü gördü.
Aradan keçən beş il müddətinə baxanda Razim müəllim təbəssümlə qeyd edir ki, o torpaqlarda artıq həyat canlanır, yollar çəkilir, evlər tikilir, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri bərpa olunur. İnsanlar öz yurduna qayıdır, o torpaqlarda yenidən bayraq dalğalanır, ocaqlar yanır. Bu, sadəcə tikinti deyil, bu, bir millətin ruhunun yenidən doğulmasıdır.
Razim müəllim hər dəfə Prezident İlham Əliyevin Zəfər Günündə söylədiyi sözləri xatırlayanda qürur duyur. Çünki bu qələbə təsadüfi deyildi, bu qələbə illərin hazırlığının, güclü ordunun, siyasi iradənin və xalqın bir yumruq kimi birləşməsinin nəticəsi idi. Azərbaycan tarixində heç vaxt bu qədər birlik, bu qədər güc və bu qədər əzmkarlıq olmamışdı.
Bu gün Şuşada azan səsi eşidilir, konsertlər keçirilir, quruculuq işləri davam edir. Razim müəllim bunu “mənəvi dirçəlişin zirvəsi” adlandırır. Şuşa azad olunmadan Qarabağ qələbəsinin tamamlanmayacağını bütün xalq hiss edirdi və bu qələbə hamımzı sevinc göz yaşına boğdu.
Ötən illər ərzində Prezident İlham Əliyev sözünə sadiq qaldı: həmin torpaqlarda cənnət qurulur. Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın… Hər bölgə bir tikinti meydanına çevrilib. Yeni evlər, kəndlər, şəhərlər inşa edilir. Razim müəllim belə deyir: “Bu, dövlətin gücüdür, bu Prezidentimizin siyasi iradəsidir.” Və bu sözlər həqiqətin özüdür.
Razim müəllimin ən çox qürur duyduğu məqamlardan biri də odur ki, Zəfər Günü təkcə hərbi və siyasi qələbə deyil, həm də mənəvi qələbədir. Dünyada az xalq var ki, öz torpaqlarını işğaldan azad edib, 5 il ərzində bu səviyyədə bərpa prosesinə başlasın və belə nəticə göstərsin. Bu, Azərbaycanın gücünü, dövlət idarəçiliyinin mükəmməlliyini ortaya qoydu.
Əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı bu torpaqların hər qarışında yaşayır. Razim müəllim deyir: “Biz bu qələbəni min illər ötsə də unutmayacağıq. Çünki bu qələbə Azərbaycanın taleyini dəyişdi.” Şəhidlərimizin ruhu qarşısında baş əyən hər kəs bilir ki, onların qanı yerdə qalmadı.
Bu gün dünya siyasətində də Azərbaycan tamam fərqli bir mövqedə dayanır. Prezident İlham Əliyevin qətiyyəti, diplomatik bacarığı, siyasi zəkası ölkəmizi regionun liderinə çevirdi. Razim müəllim bunu “Azərbaycanın yüksəliş dövrü” adlandırır və fəxrlə bildirir ki, bu iradənin arxasında güclü xalq dayanır.
Zəfər Günü həm də yeni Azərbaycanın başlanğıcıdır. Artıq Qarabağda həyat var, işıq var, enerji var, turizm var, mədəniyyət var. O torpaqlara qayıdan insanlar sevinclə deyir: “Biz Vətənə qayıtdıq!” Razim müəllim bu cümləni eşitdikcə gözləri yaşarır, çünki o torpaqların hər qarışı Şəhid qanı ilə yoğrulub.
Beş il ərzində minlərlə ailə evinə qayıdıb, daha minlərlə ailə də qayıdacaq. Hər bir açılan məktəb, hər bir dağıntıdan qalqan bina, hər yeni asfalt çəkilmiş yol Azərbaycanın gücünü, dövlətin qayğısını nümayiş etdirir.
Razim müəllim deyir ki, bu qələbə ilə böyüyən nəsil daha güclü olacaq, çünki artıq Qarabağda yaşayan uşaqlar var. Onlar Şuşada böyüyür, Zəngilanda məktəbə gedir, Füzulidə parkda oynayır. Bu, qələbənin ən gözəl təsviridir.
Vətən müharibəsi artıq tarixə yazılıb, lakin Zəfər Günü hər il daha möhtəşəm şəkildə qeyd olunur. Çünki bu tarix hər bir azərbaycanlının qəlbində yaşayan bir gündür. Bu gün təkcə keçmişə baxış deyil, eyni zamanda gələcəyə inamdır.
Razim müəllim sonda belə deyir: “Biz Prezidentimizin yanındayıq, ordumuzun yanındayıq, Vətənimizin yanındayıq. Qarabağ Azərbaycandır – bu gün də, sabah da, həmişə də!” Bu cümlə artıq sadəcə şüar deyil, bu reallıqdır, bu tarixdir, bu qürurdur.
Zəfər Gününün beşinci ili mübarək olsun! Qoy Vətənimiz həmişə azad, bayrağımız həmişə uca, xalqımız həmişə bir olsun!
Bölməyə aid digər xəbərlər










