Naxçıvanda abadlıq-quruculuq işləri geniş vüsət alıb

Naxçıvanda abadlıq-quruculuq işləri geniş vüsət alıb

Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız görülmüş işlərin təqdimatı deyil, Naxçıvanın gələcək onilliklərdə ölkəmizin regional və qlobal mövqeyində tutacağı yerin strateji konturlarının nümayişidir. Naxçıvanın inkişafı bütövlükdə ölkəmizin strateji imkanlarını genişləndirir. Prezident İlham Əliyevin regiona son səfəri bir daha təsdiqlədi ki, ölkəmizin geosiyasi baxımdan strateji ərazisi olan Naxçıvanın tərəqqisi daim dövlətimizin başçısının xüsusi diqqətindədir.
Yeri gəlmişkən, qeyd edək ki, Naxçıvan nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından olduqca mühüm coğrafi mövqeyə malikdir. Beynəlxalq layihələr kontekstində yanaşdıqda, Orta Dəhliz marşrutunun Naxçıvan ərazisindən keçməklə Zəngəzur dəhlizinə çıxması, Şərqdən Qərbə qədər uzanması Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı olsa da, hazırda onun iqtisadi və strateji potensialının reallaşdırılması üçün yeni imkanlar formalaşıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Naxçıvanın uzunmüddətli izolyasiyasının aradan qaldırılması və onun güclü iqtisadi məkan kimi inkişaf etdirilməsi üçün geniş perspektivlər açıb. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi onun geoiqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Muxtar respublika Azərbaycanın Qərbə açılan mühüm qapısı olmaqla, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından açar həlqələrdən biridir. Naxçıvanın regional və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiyası Azərbaycanın ümumi iqtisadi və geosiyasi imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısının Naxçıvanda reallaşdırılan meqalayihələrə, xüsusilə nəqliyyat-kommunikasiya şəbəkələrinin genişləndirilməsinə, müasir sənaye parklarının və kənd təsərrüfatı komplekslərinin yaradılmasına dair toxunduğu məsələlər regionun yaxın gələcəkdə böyük investisiya mərkəzinə çevriləcəyindən xəbər verir. Naxçıvanın malik olduğu yüksək insan kapitalı, zəngin təbii ehtiyatları və modernləşdirilən idarəetmə mexanizmləri bu inkişafın sürətlənməsini şərtləndirən əsas amillərdir. Sosial infrastrukturun, təhsil və səhiyyə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi dövlətin həyata keçirdiyi sosial siyasətin mərkəzində dayanır.
Prezident İlham Əliyevin bu tarixi səfəri və verdiyi proqram xarakterli bəyanatlar bir daha parlaq şəkildə nümayış etdirdi ki, Naxçıvan həm Ulu Öndər Heydər Əliyev irsinin ehtiramla və paklıqla qorunub saxlanıldığı müqəddəs bir ocaq, həm də müasir Azərbaycanın dinamik inkişaf edən, strateji baxımdan günbəgün güclənən mühüm qalasıdır. Tarixin ən mürəkkəb, sınaqlı və taleyüklü anlarında Azərbaycan xalqına Heydər Əliyev kimi dahi lider, xilaskar dövlət xadimi bəxş edən bu mübarək torpaq, bu gün də müstəqil Azərbaycan Respublikasının qüdrətlənməsi, sabitliyi, ərazi bütövlüyünün sarsılmazlığı və parlaq gələcəyi yolunda öz tarixi və şərəfli missiyasını böyük qürurla, inamla sürdürür.
Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 10:02


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31