Zəfərin və intibahın zirvəsi: 26 Avqust – Laçın şəhəri günü

Zəfərin və intibahın zirvəsi: 26 Avqust – Laçın şəhəri günü

Bir müəllimə kimi hər dəfə sinfə daxil olub lövhəyə Azərbaycan xəritəsini çəkəndə qəlbimdə tərifəgəlməz bir qürur və fərəh hissi baş qaldırır. İllər boyu şagirdlərimə Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğunu anladarkən gözlərimizdəki kədəri gizlətmək, bəlkə də, ən çətin pedaqoji tapşırıq idi. Lakin bu gün şagirdlərimin qarşısında başıdik, alnıaçıq dururam. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti nəticəsində azad olunan torpaqlarımız artıq dirçəliş və inkişaf dastanının yeni fəsillərini yazır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 26 avqust – Laçın şəhəri günü təkcə təqvimdəki bir tarix deyil, həm də tarixi ədalətin, milli ləyaqətin və böyük qaytarılışın təntənəsidir.
Şagirdlərimizə Laçının keçmişini öyrədərkən tarixi faktları dəqiqliklə çatdırmaq borcumuzdur:
1. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu almış, 1930-cu il avqustun 8-də isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilmişdir.
2. Ümumi sahəsi 1835 km² olan rayon şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarətdir; 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə massivinə malikdir.
3. 1992-ci il mayın 18-də hakimiyyət hərisliyi və siyasi naşılığın nəticəsində Şuşa və Laçın düşmənə təhvil verildi. Laçının itirilməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaradıldı və növbəti itkilərimizin başlanğıcı qoyuldu.
4. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 5 musiqi məktəbi, 1 internat, 1 peşə məktəbi talan edildi. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Rəsmi İrəvan Cenevrə konvensiyalarını pozaraq Suriyadan gətirilən erməniləri qanunsuz məskunlaşdırdı.
Vətən müharibəsindəki Zəfərdən sonra imzalanan üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin sərəncamları ilə rəşadət göstərmiş 8418 hərbi qulluqçu "Laçının azad olunmasına görə" medalı ilə təltif olundu.
“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur...” - İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın şəhəri “2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı” elan olunmuş və 3 iyun 2025-ci ildə rəsmi açılışı keçirilmişdir. 28 may 2025-ci ildə Azərbaycan, Türkiyə Prezidentləri və Pakistan Baş nazirinin iştirakı ilə Laçında Tarixi Zirvə görüşü baş tutmuşdur.
Dərsdə şagirdlərimə deyirəm: “Baxın, uşaqlar, Laçın bizim mübarizə ruhumuzun, sarsılmaz iradəmizin və qurucu zəkamızın rəmzidir. Bir vaxtlar kədərlə xatırladığımız bu şəhər, indi parlaq gələcəyimizin, yaşıl texnologiyalarımızın və milli qürurumuzun ünvanıdır”.
26 avqust Laçın şəhəri gününüz mübarək olsun!
215 nömrəli tam orta ümumtəhsil məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi:
İsayeva Xoşbəxt


Tarix: Bu gün, 14:01


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31