
Tarixdə elə günlər olur ki, bir şəhərin taleyi bütöv bir xalqın taleyini özündə yaşadır. Onun küçələri, dağları, çayları, doğma evlərin izləri yalnız coğrafi məkan deyil, həm də yaddaş, nisgil və qayıdış ümidi olur. Qubadlı da Azərbaycan xalqının yaddaşında belə bir yerdir. Bu torpaq illərlə doğmalarının yolunu gözlədi, onun adını qəlbində yaşadan insanlar isə bir gün öz yurdlarına dönəcəklərinə inamlarını itirmədilər. 25 oktyabr həmin inamın gerçəyə çevrildiyi, Qubadlının azadlıq salnaməsinə yazılan tarixi gündür.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlı haqqında söylədiyi “Qubadlıya öz sahibləri qayıdıb” sözləri bu tarixin mənasını bütövlükdə ifadə edir. Bu, yalnız bir şəhərin azad edilməsinə verilən qiymət deyil, doğma torpağından ayrı düşmüş insanların haqqının, tarixi ədalətin və milli iradənin ifadəsidir.
Qarabağ yaylasının cənub-şərqində yerləşən, 802 kvadratkilometr ərazini əhatə edən Qubadlı zəngin təbiəti, meşələri, çayları və məhsuldar torpaqları ilə seçilib. Həkəri və Bərgüşad çaylarının vadilərində salınmış kəndlər, “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi bərəkətli ərazilər rayonun təsərrüfat həyatının əsasını təşkil edib. Taxılçılıq, üzümçülük, tütünçülük və heyvandarlıq burada insanların güzəranını təmin edən başlıca sahələr olub. Lakin bu gözəl diyarın taleyi uzun illər müharibənin ağır sınaqları ilə üzləşdi. 1988-ci ildən başlayan hücumlar və dinc əhaliyə qarşı zorakılıqlar 1993-cü il avqustun 31-də rayonun işğalı ilə nəticələndi. Minlərlə ailə doğma evindən didərgin düşdü. İşğal nəticəsində 29 min 997 nəfər məcburi köçkün Azərbaycanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmağa məcbur oldu. Rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial və 161 mədəniyyət obyekti dağıdıldı və ya yararsız vəziyyətə salındı. Yeddi məscidin, körpülərin, yolların, elektrik və qaz xətlərinin, kənd təsərrüfatı obyektlərinin dağıdılması Qubadlının iqtisadi və sosial həyatına ağır zərbə vurdu. İşğal altında qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi isə doğma torpaqlarından qovulmuş insanların qayıdış hüququna qarşı yönəlmiş addımlardan biri idi. Ancaq doğma yurdla bağlı xatirələri, torpaq sevgisini və qayıdış arzusunu heç bir dağıntı məhv edə bilmədi. Qubadlılıların yaddaşında şəhərin küçələri, kəndlərin yolları, ata-baba ocaqlarının yeri yaşamaqda davam etdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yeni mərhələ açdı. Qubadlı istiqamətində döyüşlər ordumuzdan xüsusi peşəkarlıq, dəqiqlik və fədakarlıq tələb edirdi. Şəhər ətrafında möhkəmləndirilmiş mövqelər, yüksəkliklərdə yerləşdirilmiş düşmən qüvvələri qarşıya ciddi hərbi vəzifələr qoyurdu. Azərbaycan Ordusu əvvəlcə strateji yüksəklikləri ələ keçirdi, ətraf kəndləri, o cümlədən Xanlıq, Padar və Sarıyataq istiqamətlərini nəzarətə götürdü. Döyüşçülərimizin əzmi, hərbi hazırlığı və düzgün taktiki qərarlar nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə 44 günlük müharibənin gedişinə mühüm təsir göstərdi, qələbəyə aparan yolu daha da yaxınlaşdırdı. Noyabrın 9-dək şəhərlə yanaşı, rayonun 41 kəndi də azad olundu. Qubadlı uğrunda mübarizədə canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onların fədakarlığı doğma torpağın azadlığı naminə göstərilən iradənin, Vətənə sədaqətin nümunəsidir. “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi və döyüşlərdə fərqlənmiş 15 209 hərbi qulluqçunun bu medalla təltif olunması da həmin mübarizənin dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.
Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı şəhəri günü kimi müəyyənləşdirilməsi bu tarixi hadisənin milli yaddaşımızda yaşadılmasına xidmət edir. 2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan bayrağının ucaldılması azadlığın əyani rəmzinə çevrildi. Sonrakı illərdə cənab Prezident İlham Əliyevin rayona səfərləri, yeni yolların, enerji infrastrukturunun, yaşayış məhəllələrinin, məktəbin və xəstəxananın təməlinin qoyulması azad edilmiş torpaqlarda həyatın bərpasına yönəlmiş ardıcıl fəaliyyətin tərkib hissəsi oldu. Qubadlı bu gün yalnız keçmişin ağrılarını xatırladan bir məkan deyil. O, xalqımızın öz torpaqlarına qayıtmaq əzminin, dövlətimizin bərpa iradəsinin və gələcəyə inamının rəmzidir. Dağılmış evlərin yerində yeniləri tikilir, yollar çəkilir, kəndlər yenidən qurulur. Ən əsası isə doğma yurda qayıdışın gerçək həyata çevrilməsi üçün şərait yaradılır. 25 oktyabrın mənası da məhz bundadır: Qubadlıya qayıdan yalnız insanlar deyil, illərlə yarımçıq qalmış arzular, doğma evlərin işığı, ata-baba torpağının nəfəsi və gələcəyə inamdır. Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin şərəfli səhifələrindən biri kimi tarixdə qalacaq-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.