20 oktyabr - Zəngilan şəhəri günü

20 oktyabr - Zəngilan şəhəri günü


Azərbaycanın tarixi torpaqlarından biri olan Zəngilan əlverişli şəraiti, təbiəti ilə seçilmişdir. XX əsrin 90 – cı illərinin sonunda erməni hücumu nəticəsində işğal olunmuş, digər ərazilərimiz kimi uzun illər işğal altında qalmışdır. 29 oktyabr 1993-cü ildən 2020-ci ilin oktyabrınadək davam edən erməni işğalı dövründə total urbisid və mədəni vandalizmə məruz qalmışdır. Rayon mərkəzi, qəsəbə və kəndlər, eləcə də buradakı tarixi, dini və mədəniyyət abidələri erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılaraq xarabalığa çevrilmişdir. Erməni vandalları işğal illərində evlərin tikinti materiallarını, dam örtüklərini və daşlarını sökərək daşımış, bütöv yaşayış məntəqələrini yer üzündən silmişlər: Zəngilan şəhəri, Mincivan və Ağbənd qəsəbələri başda olmaqla rayonun bütün infrastruktur sistemi tamamilə məhv edilmişdir. Zəngilanın təbiətinə və zəngin meşə örtüyünə qarşı da böyük cinayətlər törədilmişdir: Avropada unikal sayılan və qorunan Bəsitçay Dövlət Təbiət Qoruğundakı çoxəsrlik nadir Şərq çinarı meşələri kütləvi surətdə kəsilərək material kimi xaricə satılmış və ya yandırılmışdır. Rayonun zəngin yeraltı faydalı qazıntı yataqları, o cümlədən Vejnəli qızıl yatağı uzun illər qanunsuz şəkildə istismar olunaraq talan edilmişdir.
Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində üç il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb.
İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.
Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub.
Ən əsası, azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması sakinləri də sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Ağalı kəndində sakinlər öz həyatlarına davam edir, məktəbdə dərslər keçirilir. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidinin tikintisi aparılır. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.
Bu gün Zəngilanda logistik layihələr icra olunur. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
O da yaxşı məlumdur ki, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.
Zəngəzur dəhlizinə gəlincə Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Bu gün Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.
Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Azərbaycan Ordusunun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu tarixi Zəfəri böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq uğrunda canından keçməyə hazırdır.

Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və Ədəbiyyat
müəllimi Tağıyeva Afət


Tarix: Bu gün, 11:20


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031