
“20 oktyabr tarixi Zəngilan üçün uzun illər işğal və məcburi köçkünlük şəraitində qalmış bir məkanın yenidən dövlət həyatına qaytarılmasını ifadə edir. Bu rayonun tarixi isə ümumilikdə Qafqazın mürəkkəb siyasi tarixi ilə paralel nəzərdən keçirilməlidir. XIX əsrin əvvəllərində regionda aparılan inzibati dəyişikliklərdən sonra Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmişdi. 1920-ci ildən sonra Zəngəzurun parçalanması Azərbaycanın tarixi ərazi bütövlüyünə ağır zərbə vurdu. 1993-cü ildə rayonun işğalı isə bu ağrılı tarixin növbəti mərhələsi oldu. Zəngilanlıların 67 gün mühasirədə müqavimət göstərməsi, 235 nəfərin şəhid və itkin verilməsi ilə nəticələnən faciə minlərlə insana məcburi köçkün həyatı yaşatdı. Lakin heçbir qüvvə bu insanların doğma torpağa bağlılıqlarını sarsıda bilmədi.”
Millət vəkili Göydəniz Qəhrəmanov bu sözləri aia.az-a açıqlamasında deyib.
Fikirlərini davam etdirən deputat Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsinin gedişində Cəbrayıl istiqamətində əldə edilən hərbi uğurlarınordumuzun Zəngilanın inzibati hüdudlarına çıxmasına şərait yaratdığını qeyd edib: “Oktyabrın 20-də Zəngilan şəhəri və rayonun bir sıra yaşayış məntəqələri azad edildi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin həmin gün xalqa müraciətində Zəngilan şəhərinin azad olunduğunu elan etməsi yeni mərhələnin başlanğıcı oldu. Rəsmi məlumatlarda həmin gün şəhərlə yanaşı Havalı, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlının da azad edildiyi göstərilir. Zəngilanın azadlığı Azərbaycanın dövlət təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Rayonun İranla sərhədinin bərpası 132 kilometrlik dövlət sərhədinin yenidən nəzarətə götürülməsi demək idi. Beləliklə, Zəngilan Azərbaycanın cənub-qərb sərhəd sisteminin mühüm hissəsinə çevrildi. Bu dəyişimin əsas göstəricilərindən biri “Böyük Qayıdış”ın Zəngilanda real məzmun qazanmasıdır. Ağalı kəndində yaradılan “Ağıllı kənd” modeli yeni yanaşmanın simvoluna çevrilib. Müasir yaşayış infrastrukturu, sosial xidmətlər, rəqəmsal imkanlar, enerji səmərəliliyi və ekoloji həllər burada birləşdirilib. 2022-ci ildən keçmiş məcburi köçkünlərin Zəngilana qayıdışına başlanması bu siyasətin praktik mərhələyə keçdiyini göstərdi. Zəngilan şəhərinin bərpası uzunmüddətli planlaşdırmaya əsaslanır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqi burada yalnız dağılmış binaların yenilənməsinin deyil, müasir şəhər mühitinin yaradılmasının qarşıya qoyulduğunu göstərir. Prezident İlham Əliyevin müxtəlif illərdə Zəngilana etdiyi səfərlərdə yaşayış komplekslərinin, məktəbin, enerji və nəqliyyat obyektlərinin təməlinin qoyulması və açılışlarının keçirilməsi quruculuğun ardıcıl xarakterini nümayiş etdirir.”
Daha sonra Parlament üzvü Zəngilanın coğrafi mövqeyinin çox geniş iqtisadi imkanlar yaratdığını vurğulayıb: “Zəngilanın gələcək rolunu müəyyən edən mühüm amillərdən biri də onun coğrafi mövqeyidir. Beynəlxalq hava limanı, Horadiz-Zəngilan-Ağbənd istiqamətində avtomobil və dəmir yolu layihələri rayonu regional əlaqələrin mühüm qovşaqlarından birinə çevirir. Dəmir yolu xətti və Araz sahili boyunca planlaşdırılması da ərazinin nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə hesablanıb. İqtisadi dirçəliş qayıdışın mühüm dayağıdır. “Dost Aqropark” kimi layihələr kənd təsərrüfatı istehsalını emal və xidmət sahələri ilə əlaqələndirir. Zəngilan bununla yeni iqtisadi fəaliyyət məkanına çevrilir. Bərpa prosesi rayonun mədəni simasını da əhatə edir. İşğal zamanı dağıdılmış Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması və yeni məscid kompleksinin yaradılması milli-mədəni irsin qorunmasına verilən əhəmiyyətin göstəricisidir. Deməli, Böyük Qayıdış yalnız insanların evlərinə dönməsi deyil, şəhərlərin sosial və mənəvi həyatının da yenidən qurulmasıdır. 20 oktyabrın Zəngilan şəhəri günü kimi təsis edilməsi bu prosesin tarixi yaddaşdakı yerini möhkəmləndirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü müəyyən edilib. Bu tarix artıq işğalın deyil, qələbənin və qayıdışın rəmzi kimi qeyd olunur. Zəngilanın bugünkü inkişafı göstərir ki, ərazi bütövlüyünün bərpası yalnız hərbi nəticə ilə tamamlanmır. Burada sərhəd təhlükəsizliyi, şəhərsalma, nəqliyyat, iqtisadiyyat və sosial siyasət paralel şəkildə qurulur. Bu baxımdan Zəngilan şəhəri günü Azərbaycanın azad edilmiş ərazilərində yeni həyatın formalaşmasını əks etdirən mühüm dövlətçilik tarixidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.