Akif Təvəkküloğlu – uzun illər media və informasiya sahəsində peşəkarlığı ilə seçilən, dövlət xidmətində nümunəvi fəaliyyət göstərmiş ziyalı

 

Azərbaycanın ictimai və dövlət həyatında mühüm rol oynamış, mətbuat və kommunikasiya sahəsində zəngin təcrübəyə malik olan şəxslərdən biri də Akif Təvəkkül oğlu Nəsirov – Akif Təvəkküloğludur. O, 2 il bundan əvvəl Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu təyinat onun uzunmüddətli peşəkar fəaliyyətinin, prinsipial mövqeyinin və yüksək intellektual potensialının təbii nəticəsidir.

Akif Təvəkküloğlu bu məsul vəzifəyə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Bu dövr ərzində o, həmkarlar hərəkatının ideoloji dayaqlarını informasiya baxımından gücləndirmiş, ictimaiyyətlə şəffaf və effektiv əlaqələrin qurulmasında önəmli rol oynamışdır.

Onun daha geniş tanınmasına səbəb olan və ictimai nüfuzunu artıran mühüm vəzifələrdən biri isə 2006–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin mətbuat katibi olaraq çalışdığı dövrdür. Bu illər ərzində o, parlament fəaliyyətinin ictimaiyyətə obyektiv çatdırılmasında, media ilə yüksək səviyyəli və sağlam əməkdaşlığın qurulmasında mühüm rol oynamış, həm daxili, həm də xarici KİV-lə peşəkar münasibətləri ilə seçilmişdir. Parlament kimi ciddi və strateji bir orqanın informasiya siyasətinə rəhbərlik etmək yalnız yüksək savad və intellekt deyil, eyni zamanda məsuliyyət, dövlətçilik düşüncəsi və təmkin tələb edir. Akif Təvəkküloğlu bu keyfiyyətləri özündə uğurla birləşdirə bilmişdir.

Onun şəxsi və peşəkar formalaşması dərin elmi və jurnalistik köklərə əsaslanır. 1962-ci il dekabrın 1-də İmişli rayonunda dünyaya gəlmiş Akif Təvəkkül oğlu, orta məktəbi 1979-cu ildə başa vurduqdan sonra 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olmuş, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elmi hazırlığının və nəzəri bazasının möhkəm olması onun informasiya sahəsindəki peşəkarlığının əsasını təşkil edir.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Kitab Palatasında başlayan Akif müəllim burada filial müdiri, daha sonra şöbə müdiri kimi fəaliyyət göstərib. Bu vəzifələrdə onun sistemli düşüncə qabiliyyəti, informasiya sahəsində yeniliklərə açıq olması, idarəetmə bacarığı xüsusilə seçilmişdir.

1991-ci ildə jurnalistikaya "Molla Nəsrəddin" jurnalında başlamış və bu mədəniyyət simvolu sayılan mətbu orqanda işləməklə, özünü həm də satirik düşüncəli və ictimai təfəkkürə malik bir qələm sahibi kimi təsdiqləmişdir. Daha sonra televiziya sahəsində çalışaraq Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif məsul vəzifələrdə çalışıb və ölkə mətbuatında tanınmış simaya çevrilib.

Akif Təvəkküloğlunun həm yazılı, həm vizual mediada, həm də dövlət strukturlarında göstərdiyi xidmətlər onu yalnız peşəkar jurnalist kimi deyil, eyni zamanda mədəniyyətli, təmkinli, prinsipial və milli maraqlara bağlı ziyalı kimi formalaşdırıb. Onun fəaliyyəti və keçdiyi yol təkcə şəxsi uğur nümunəsi deyil, həm də gənc jurnalist və kommunikasiya mütəxəssisləri üçün bir yol xəritəsi, örnəkdir.

Bu gün o, Əqli Mülkiyyət Agentliyi kimi strateji əhəmiyyət daşıyan qurumda müşavir statusunda çalışaraq, intellektual mülkiyyətin qorunması, hüquqi bazasının təbliği və ictimaiyyətlə effektiv əlaqələrin qurulmasında öz zəngin təcrübəsini dövlətin xidmətinə yönəldir. Onun bu sahədə də uğur qazanacağına, elmi-publisistik və idarəçilik təcrübəsini bu istiqamətdə də faydalı şəkildə tətbiq edəcəyinə inam böyükdür.

Akif Təvəkküloğlu – zəhmətlə, biliklə və dürüstlüklə zirvəyə yüksəlmiş, vətəninə və peşəsinə daim sədaqətli olan bir ziyalı obrazıdır.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu - Mətbuat həmişə cəmiyyətin aynası olub.Yüz illər əvvəl də,150 il əvvəl də,indi də.Hadisələrin,faktların mahiyyətini söz müəyyənləşdirib; mətbuat söz vasitəsilə cəmiyyətə (beynalxalq ictimaiyyətə) ötürülən informasiyalar sistemidir.

Azərbaycanın milli  mətbuat tarixi həm də Azərbaycanın tarixidir-mətbuat yaratma mücadiləsi dövlətçilik mücadiləsinin tərkib hissəsi olub.Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu haqda demişdir:”Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq,müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi “dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini  biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”  Bu fikirlər, əslində , milli mətbuatın ictimai-mədəni həyatımızdakı yerini və əhəmiyyətini tam dolğunluğu ilə əks etdirir.

“Əkinçi”qəzeti Azərbaycanın mətbuat tarixində  bir işıq,bir dönüş nöqtəsi oldu.“Əkinçi “ qəzeti mətbuatımızın Dan ulduzudu,həmin dövr üçün Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixləşdi. Böyük maarifçi,görkəmli ziyalı,publisist,təbiətşünas alim  Həsən bəy Zərdabi tarixləşdirdi-1875-ci il iyul ayının 22-də. Cəmiyyətin-fədailərin könül dünyasının mehrabı olan “Əkinçi” nin cəmi 56 sayı işıq  üzü görsə də, bu qəzet cəmiyyətin tərəqqisinə, xalqın maariflənməsinə, ictimai-siyasi düşüncənin  formalaşmasına  misilsiz töhfələr verdi. Həsən bəy Zərdabi ”Əkinçi “ ilə  yalnız bir qəzet nəşr etdirmədi, həm də milli oyanışın  təməlini qoydu. Qəzetin xalq dili ilə, sadə və anlaşıqlı üslubda yazılması onu genış oxucu kütləsinə çatdırdı.Bu həm də Azərbaycan dilinin mətbuat dili kimi  təşəkkül tapmasında mühüm mərhələ oldu.

“Əkinçi”qəzeti o illərdə deyildiyi kimi,”qapandı “. Qapanan “ Əkinçi “oldu,ideyaları, məramı,işığı yaşadıldı.Böyük ziyalı ,alim,yazıçı Mir Cəlal deyərmiş:”Biz yazıçılar,nasirlər,şairlər,publisistlər-hamımız “Əkinçi”dən, Mirzə Cəlilin “poçt qutusu”dan çıxmışıq.Bu gözəl kəlamın fəlsəfəsi deyir ki ,150 ilin jurnalistikası “Əkinçi” nin şinelindən çıxıb.

İmperiya görürdü ki ,duyurdu ki, əhali maariflənir,ictimai-siyasi proseslərə bələd olur.Bu bələdlikdən çəkindi-xalqın potensialından çəkindi.Özünə təhlükə bildiyi “Əkinçi”ni bağladı.Artıq açıq mücadilə müstəvisində olan mətbu ideologiya yaşam mücadiləsində idi.Ötən əsrin əvvəllərində “Ziya”,”Ziyayi-Qafqaziyyə”,”Kəskül”,”Şərqi-Rus”,”Həyat” və başqa qəzetlər(və “Molla Nəsrəddin” jurnalı) nəşr olunmağa başladı.Bu qəzet və jurnallar milli mətbuatın  bayrağını ucalara qaldırdı. Bu nəşrlər sayəsində  maarifçilik, milli ideya, mədəni irs, ictimai düşüncə, azadlıq və bərabərlik çağırışları geniş yayılmağa başladı.

1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə rus dilində “Kaspi” qəzeti nəşrə başladı.”Kaspi” mövzu və ideologiya (məfkurə) baxımından “Əkinçi” nin başlıca istəklərinin icraçısı oldu...

Azərbaycan mətbuatı dövrün mətbu şəbəkəsində kifayət qədər ehtiramlarla əhatələnməyə başladı.

Azərbaycan imperiyanın tərkibində olanda da Azərbaycan mətbuatı milli ideologiyanın təbliğinin cəfakeşi idi.SSRİ dağılma ərəfəsində bu cəfakeşlik mücahidliklə əvəzləndi. Qəzetlərimiz Ermənistanın Azərbaycandan ərazi iddiasına qarşı söz mübarizəsinə başladı,mitinqlərin təşkilatı sisteminə daxil oldu. ”Səhər”,”Aydınlıq”,”Azadlıq” və s. kimi yeni mətbu orqanlar yarandı,yeni nəfəs,yeni söz bu dönməz mübarizənin tarixini yazdı.Azərbaycan mətbuatı imperiyanın qəddarlığından ucalıqlarda dayandı.O ucalıqlarda  səslənən fikirlər Azərbaycan dövlətçiliyinin bərpasında mətbu söz oldu .

Azərbaycan mətbuatı Ermənistanın Azərbaycana qarşı ədalətsiz müharibəsinin də tarixini yazırdı. Döyüşlərdə yazırdı,döyüşlərdən yazmaqla Azərbaycan əsgərinin döyüş əzmindən,qələbə ruhundan yazırdı...

Birinci Qarabağ müharibəsində müstəqil Azərbaycanda ilk hərbi mətbuat yarandı-“Xalq Ordusu “, sonralar fəaliyyətini “Azərbaycan Ordusu“ kimi davam etdirdi,”Hərbi Bilik” jurnalı yaradıldı,müharibənin xronikasını yaratmaq üçün Müdafiə Nazirliyinin Hərbi kino-tele studiyası yaradıldı. Bunlar da vahid Azərbaycan mətbuatının mühüm tərkib hissələrindən biri oldu. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat xidməti və Hərbi Nəşriyyat,”Azərbaycan Ordusu” qəzeti İkinci Qarabağ müharibəsində döyüşlərdə A-3 formatında səyyar vərəqələr(əslində,qəzetlər) hazırlayır,onları döyüşlərdə döyüşənlərə çatdırırdılar.

Azərbaycanın dövlət müstəqilliyini bərpası ilə mətbuat da öz sözünü sərbəst deməyə  başladı. İstər Ulu Öndər Heydər Əliyevin , istərsə də İlham Əliyevin rəhbərliyi ilə ölkədə  mətbuatın inkişafı ilə bağlı olduqca gərəkli tədbirlər həyata keçirildi. 1998-ci ildə senzuranın tamamilə ləğvi, söz və məlumat azadlığının təmin olunması bu sahədə atılmış mühüm addımlardan biri oldu. Mətbuat Fondu yaradıldı, KİV-in  İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycanın Əməkdar jurnalisti fəxri adı təsis edildi, jurnalistlər üçün 2 yaşayış binası tikilib istifadəyə verildi, bir neçə jurnalist Milli Məclisdə təmsil olundu, Azərbaycanın Mətbuat Şurası yaradıldı.Azərbaycanda mətbuatın inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatına ehtiramını belə ifadə edir: “ Əllbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə , o cümlədən  Azərbaycanda mətbuat qərəzsiz fəaliyyət göstərməlidir. Insanları məlumatlarla tam şəkildə təmin  etməlidir. Hesab edirəm ki, biz bunu  Azərbaycanda görürük.Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm “.

Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən  ilk tədbirin zəngin ənənələrə malik Azərbaycan mediasının  tarixində əlamətdar hadisə olacağını  bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatının inkişafı üçün müxtəlif istiqamətli tədbirlərin həyata keçirilməsini mətbuatın cəmiyyətə mənəvi inteqrasi səviyyəsinə çatdırıb. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə  Ulu Öndər Heydər Əliyev bir dəfə, cənab Prezident  İlham Əliyev isə dəfələrlə “Yurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media  sahəsində islahatların dərinləşdirilməsi  haqqında “ Fərmanı ilə  Kütləvi İnformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun əsasında   Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Bu Agentlik  ölkəmizdə medianın inkişafı, mediaorqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin dəstəklənməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir.  Bu dövlət qurumu olduqca gərəkli koordinasiyaedici bir sistemdir.

Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələr daha çox məsuliyyət, çeviklik və peşəkarlıq tələb edir. İnformasiya bolluğu dövründə etibarlı, obyektiv və məsuliiyyətli jurnalistikanın cəmiyyətimizdəki rolu heç vaxt  indiki kimi yüksək olmamışdır.

İnanıram ki, Azərbaycan mediası milli maraqlara sədaqət, həqiqətə  bağılılıq və xalqa xidmət amalı ilə əldə olunmuş uğurlarını daha da inkişaf etdirəcək, xalqımızın xoşbəxt  gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək, dünyəvi nüfuzunu daha da artıracaqdır.

Milli Mətbuat Günü münasibətilə ölkəmizin mediasında çalışan butün jurnalistləri səmimi-qəldən  təbrik edir, hər birinə möhkəm cansağlığı, şərəfli fəaliyyətlərində  bitib-tükənməyən yaradıcılıq uğurlar arzu edirəm.


Tarix: Dünən, 00:41


Bölməyə aid digər xəbərlər


«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031