
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilən bu qanlı qırğın xalqımızın azadlıq iradəsini qıra bilmədi. Əksinə, şəhidlərin fədakarlığı Azərbaycan dövlət müstəqilliyinin təməlini qoydu.
Məhz buna görə də 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycan nümayəndəliyində etdiyi tarixi bəyanatla o, bu faciəni insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirmişdir.
Müstəqil Azərbaycan dövləti qurulduqdan sonra isə bu hadisələrə rəsmi dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilmiş, burada abadlıq və yenidənqurma işləri aparılmışdır.
Hər il dövlət başçısının Şəhidlər xiyabanını ziyarət etməsi şəhidlərə göstərilən ali ehtiramın bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, müavinət və təqaüdlərlə təmin olunması bu siyasətin əsas istiqamətlərindəndir.Təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbirləri, dərslər və konfranslar təşkil olunur.
Bu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayır.Nəticə etibarilə, 20 Yanvar şəhidlərinin xatirəsinə göstərilən ali diqqət və ehtiram Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə əsaslanan siyasətinin ayrılmaz hissəsidir.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
fizika müəllimi Aygün Əsgərova
Bölməyə aid digər xəbərlər









