İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət

İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət

1990-cı il yanvarın 20-si Azərbaycan tarixində təkcə faciə günü deyil,insanlıq anlayışının sınağa çəkildiyi qara bir gecə kimi yadda qaldı.Silahsız,dinc əhaliyə qarşı əvvəlcədən planlaşdırılmış hərbi müdaxilə nə bir təhlükəsizlik tədbiri idi,nə də hüquqi cəhətdən əsaslara söykənirdi.Bu,açıq şəkildə insanlıq əleyhinə törədilmiş cinayət idi...
Ötən əsrin 80-ci illəri çürüməkdə olan şər imperiyasının tarixini müdhiş bir sonluğa çulğayırdı. Adını islahatlar qoyduğu “aşkarlıq”, “yenidənqurma” kampaniyaları zahirən təmtəraqlı və humanist görünsə də,cəmiyyət həyatının bütün sahələrində uğursuzluğa düçar olaraq,qarşısıalınmaz fəlakətlə sonuclanırdı. Mənfur siyasətini davamlı olaraq arın yürüdən Kreml rəhbərliyi xalqların və ayrı-ayrı insanların hüquqlarını ayaqlar altına atmaqdan çəkinmir,bəşəri cinayətlər törədirdi.
Heç bir müqəddəs norma tanımayan ölkə rəhbərliyi imperiyanı çöküş prosesindən xilas etmək üçün əhalinin diqqətini sosial problemlərdən yayındırmağa cəhd edərək,milli münaqişələr törədir,beləliklə də sələfi çar hökumətinin “parçala,hokm sür” siyasətini yeni müstəvidə davam etdirirdi.İlk növbədə azərbaycanlıların Ermənistandan deportasiyasına “xeyir-dua” verildi.Bununla yanaşı Qarabağ bölgəsində milli münaqişə ocağı alovlandı.
Daha sonrakı hadisələr rəsmi Moskvanın millətlərarası münasibətlərdə necə də birtərəfli mövqe tutduğunu aşkara çıxarmış oldu.Mərkəzin ayrı-seçkilik siyasəti xalqın zülmə və haqsızlığa qarşı mübarizəsini labüd etdi.Azərbaycanda baş verən hadisələr milli birliyin parlaq nümayişi olan Meydan hərəkatı, ardınca Suverenlik haqqında Konstitusiya Qanunu sovet rəhbərliyinin canına qorxu salmışdı.Demokratik dünya öz nəzərlərini Bakıya dikdiyi bir vaxtda kommunist xuntası liberal islahatlara gedəcəyi halda milli hərəkata divan tutmaq qərarını üstün tutdu.Hətta Bakıda yeni qırğına rəvac vermək üçün respublikada cərəyan edən hadisələrə loyal münasibət sərgilədi.
Bu bəşəri cinayətə ilk dəfə siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən hadisənin sabahı günü Moskvadakı Azərbaycan nümayəndəliyində verildiyi hər kəsə məlumdur.Elə həmin ilin noyabr ayının 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında hadisəyə ilk dəfə rəsmi münasibət bildirildi.
Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı.


Zabrat qəsəbəsi, 192 saylı tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi Elxan İsmayılov


Tarix: Bu gün, 12:17


Bölməyə aid digər xəbərlər