
Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ Ticarət Palatasının geniş tərkibli nümayəndə heyətini qəbul etməsi, Bakı–Vaşinqton münasibətlərində yeni mərhələnin başlandığını təsdiqləyən mühüm siyasi-iqtisadi hadisə kimi qiymətləndirilir. Görüş təkcə ikitərəfli biznes əlaqələrinin genişləndirilməsi baxımından deyil, eyni zamanda, dəyişən qlobal geosiyasi və iqtisadi reallıqlar fonunda Azərbaycanın artan strateji rolunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz onu da deyib ki, ABŞ Ticarət Palatasının nümayəndə heyətində “Apple”, “Meta”, “Visa”, “Mastercard”, “ExxonMobil”, bp, “Boeing”, “Honeywell”, “J.P. Morgan”, “Shell”, “Ericsson”, “Motorola Solutions”, “Marriott” və digər transmilli şirkətlərin rəhbər şəxslərinin yer alması, ABŞ biznes dairələrinin Azərbaycana marağının təkcə enerji sektoru ilə məhdudlaşmadığını açıq şəkildə göstərir. Texnologiya, maliyyə, logistika, sənaye, turizm və rəqəmsal xidmətlər kimi sahələrin geniş təmsil olunması iqtisadi əməkdaşlığın şaxələndirilməsinə verilən önəmin göstəricisidir. Cənab Prezident İlham Əliyev görüş zamanı çıxışında vurğuladı ki, Azərbaycan və ABŞ hazırda ikitərəfli münasibətlərin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyur. Dövlət başçısının qeyd etdiyi kimi, ABŞ-ın vitse-prezidentinin səfəri ərəfəsində bu cür geniş biznes missiyasının Bakıya gəlməsi tərəflər arasında siyasi dialoqun iqtisadi məzmunla zənginləşdirildiyini göstərir. ABŞ Ticarət Palatasının nümayəndəsi Kuş Çoksi isə çıxışında diqqətə çatdırdı ki, nadir hallarda rast gəlinən bir vəziyyət formalaşıb: siyasi münasibətlər iqtisadi əlaqələri qabaqlayır. Bu, Azərbaycanla ABŞ arasında formalaşmış qarşılıqlı etimadın və proqnozlaşdırıla bilən tərəfdaşlığın nəticəsi kimi dəyərləndirilir. Görüşdə enerji məsələləri xüsusi yer tutdu. Cənab Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu xatırladaraq bildirdi ki, ölkəmiz hazırda təbii qazı boru kəmərləri vasitəsilə 16 ölkəyə ixrac edir və bu göstərici üzrə dünyada aparıcı mövqedədir. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, enerji siyasəti yalnız qazıntı yanacaqları ilə məhdudlaşmır və Azərbaycan paralel şəkildə bərpaolunan enerjiyə böyük sərmayələr yatırır. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, hazırda ölkədə təqribən 2 giqavat artıq elektrik enerjisi mövcuddur və imzalanmış müqavilələrə əsasən, 2032-ci ilə qədər əlavə 7–8 giqavat günəş və külək enerjisi istehsalı təmin ediləcək. Bu potensial Azərbaycanın həm daxili tələbatını, həm də ixrac imkanlarını genişləndirməklə yanaşı, süni intellekt və data mərkəzləri kimi enerji tutumlu sahələrin inkişafı üçün mühüm zəmin yaradır. Dövlət başçısı çıxışında qlobal enerji gündəliyinə də toxunaraq vurğuladı ki, dünya qazıntı yanacaqları olmadan yaşaya bilməz və enerji resurslarına malik ölkələr buna görə günahlandırılmamalıdır. Onun sözlərinə görə, əsas meyar karbohidrogen gəlirlərinin necə və hansı məqsədlərlə istifadə edilməsidir. Azərbaycan bu gəlirləri iqtisadi şaxələndirməyə, sosial rifahın yüksəldilməsinə və yaşıl enerjiyə yönəltməklə məsuliyyətli yanaşma nümayiş etdirir. Görüşdə rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıq perspektivləri də geniş müzakirə olundu. Cənab Prezident İlham Əliyev Azərbaycanın qlobal süni intellekt və məlumat mərkəzləri qovşaqlarından birinə çevrilmək niyyətində olduğunu bildirib və bu istiqamətdə ABŞ şirkətlərini əsas tərəfdaş kimi gördüyünü vurğuladı. Dövlət başçısı Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, sabit siyasi mühitinin bu sahədə mühüm üstünlüklər yaratdığını qeyd etdi.
Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr də diqqət mərkəzində oldu. Cənab Prezident İlham Əliyevin sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və genişləndirmədən sonra bu göstərici 25 milyon tona çatacaq. Dəmir yollarının modernləşdirilməsi, Orta Dəhliz layihəsi, beynəlxalq hava limanları şəbəkəsi Azərbaycanın regionlararası bağlantı mərkəzi rolunu gücləndirir. İnvestisiya mühitinə toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, son iki onillikdə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə cəlb olunub. Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycanda investorlara verilən hüquqi təminatlar dəyişməz qalır və 30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə indiyədək heç bir dəyişiklik edilməyib. Bu yanaşma ölkənin etibarlı tərəfdaş imicini möhkəmləndirən əsas amillərdən biridir. Görüşün yekununda Prezident İlham Əliyev ABŞ şirkətlərinin Azərbaycanla əməkdaşlıq potensialını yüksək qiymətləndirərək qeyd etdi ki, Birləşmiş Ştatlarla münasibətlər yeni, tamamilə müsbət mərhələyə qədəm qoyur. Beləliklə, ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya səfəri və cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Azərbaycan–ABŞ münasibətlərində niyyətlərin bəyanı mərhələsindən konkret iqtisadi və texnoloji layihələr mərhələsinə keçidin aydın göstəricisi kimi dəyərləndirilə bilər-deyə E. Süleymanov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər









