01:35 / 02-07-2026
Azərbaycanda Polis Günüdür
Azərbaycan milli mətbuatı cəmiyyətin inkişafının mühüm amilidir

Azərbaycan milli mətbuatı cəmiyyətin inkişafının mühüm amilidir

Azərbaycan milli mətbuatının əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin ana dilimizdə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Məhz həmin tarix 1991-ci ildən ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. “Əkinçi”nin nəşri təkcə yeni bir qəzetin yaranması deyil, həm də xalqın maariflənməsi, milli düşüncəsinin formalaşması və söz azadlığı uğrunda atılan mühüm bir addım idi.
“Əkinçi” qəzeti 22 iyul 1875-ci ildən 1877-ci ilin sentyabr ayınadək cəmi 56 nömrə ilə nəşr olunsa da, Azərbaycan milli mətbuatının formalaşmasında və inkişafında müstəsna rol oynamışdır. Maarifçilik ideyalarını təbliğ edən qəzet qısa müddətdə ziyalıların və oxucuların rəğbətini qazanmış, insanları elmə, biliyə və tərəqqiyə səsləmişdir. Çar Rusiyası qəzetin təsirindən narahat olaraq onun nəşrini dayandırsa da, “Əkinçi”nin yandırdığı maarif çırağını söndürə bilməmişdir.
Bu gün rəqəmsal medianın inkişafı informasiyanın daha sürətli yayılmasına imkan yaradır. Bununla yanaşı, dezinformasiya və saxta xəbərlərlə mübarizə də medianın qarşısında duran əsas vəzifələrdəndir. Buna görə peşəkar jurnalistika, obyektivlik və media savadlılığı xüsusi əhəmiyyət daşıyır.
Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə mətbuat azadlığının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilmiş, 1998-ci ildə senzura ləğv olunmuşdur. Bu mühüm addım milli mətbuatın sərbəst inkişafı üçün yeni mərhələnin əsasını qoymuşdur. 2000-ci ildən etibarən Milli Mətbuat Günü ölkədə daha geniş və təntənəli şəkildə qeyd edilməyə başlanmışdır. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Media sahəsində aparılan islahatlar, rəqəmsal inkişafın dəstəklənməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi milli mətbuatın daha da inkişafına xidmət edir.
Zəngin tarixi irsə söykənən Azərbaycan milli mətbuatı bu gün də cəmiyyətin güzgüsü, milli dəyərlərin daşıyıcısı və dövlətçiliyin etibarlı dayaqlarından biridir. “Əkinçi” ilə başlayan bu şərəfli yol gələcəkdə də həqiqətin, maarifçiliyin və milli həmrəyliyin səsi olaraq davam edəcəkdir.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Tarix müəllimi Jalə Qurbanova


Tarix: Bu gün, 11:35


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031