Xalqı xalq edən, milləti millət edən onun ana dilidir

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir

Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, milli kimliyimizin əsas göstəricisi və müstəqil dövlətçiliyimizin başlıca atributlarından biridir. Ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi Azərbaycan dövlətinin həyata keçirdiyi milli siyasətin prioritet istiqamətlərindəndir. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın öz dilinə, mədəni irsinə və milli dəyərlərinə ehtiramının ifadəsidir.
Azərbaycan dilinin dövlət dili kimi formalaşması və hüquqi statusunun möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. XX əsrin 70-ci illərində mövcud olan siyasi və ideoloji məhdudiyyətlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ana dilinin qorunması və inkişafı istiqamətində prinsipial mövqe nümayiş etdirmiş, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur. Bu tarixi qərar milli özünüdərk prosesinin möhkəmlənməsində mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra dövlət dilinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş, 2002-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun isə dövlət dilinin hüquqi statusunu, tətbiqini və qorunmasını təmin edən əsas normativ sənəd olmuşdur.
Ulu Öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı və 9 avqust 2001-ci il tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanı dövlət dilinin inkişafı istiqamətində mühüm mərhələ təşkil etmişdir. Həmin Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlarla Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan dili zəngin tarixi, geniş ifadə imkanları, ahəngdarlığı və yüksək bədii-estetik xüsusiyyətləri ilə dünya dilləri arasında özünəməxsus yer tutur. Bu dil xalqımızın milli yaddaşını, mədəni irsini, ədəbiyyatını və dövlətçilik ənənələrini yaşadan ən mühüm mənəvi dəyərdir.
Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirilən tədbirlər milli-mənəvi dəyərlərimizin təbliği, dövlət dilinin nüfuzunun yüksəldilməsi və cəmiyyətimizdə dil mədəniyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ana dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin vətəndaşlıq borcu və milli məsuliyyətidir.
Maştağa qəsəbəsi,128N-⁰li tam orta məktəbin
Texnologiya fənn müəllimi Səfərova Təranə


Tarix: Dünən, 11:33


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031