
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Cənab İlham Əliyev, TDT çərçivəsində keçirilən müxtəlif formatlı görüşlərin təşkilatın fəal fəaliyyətinin göstəricisi olduğunu bildirib, təşkilatın beynəlxalq təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi geniş sahələri əhatə etdiyini qeyd edib, üzv ölkələrin rəhbərlərinin ortaq məqsədinin TDT-nin beynəlxalq arenadakı rolunu və mövqeyini daha da gücləndirmək olduğunu vurğulayıb. Cənab İlham Əliyev həmçinin Türk dövlətlərinin geniş coğrafiyada yerləşdiyini, onların ərazilərindən mühüm enerji və nəqliyyat dəhlizlərinin keçdiyini diqqətə çatdırıb.
Çıxışın əsas ideyası Türk dövlətləri arasında təhlükəsizlik, enerji, nəqliyyat və siyasi koordinasiyanın dərinləşdirilməsi, həmçinin Türk Dövlətləri Təşkilatının qlobal miqyasda təsir gücünün artırılması olub. Cənab İlham Əliyev TDT-ni gələcəkdə aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyin vacibliyini xüsusi vurğulayıb.
“Qədim tariximizi nəzərə almasaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 il olan ölkələrdir.” Bunu da Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. “"Əlbəttə, ölkələrimizin ərazisində qədim dövlətlər mövcud olub, xalqlarımız zəngin dövlətçilik tarixinə malikdirlər və biz haqlı olaraq bununla fəxr edirik. Lakin son dövrə gəldikdə, 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Təbii ki, bu da nəzərə almalı olduğumuz amildir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq".
Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq:
"Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Əlbəttə, qeyd etdiyim tezislər belə bunun üçün bütün imkanların mövcud olduğunu göstərir", -deyə Prezident İlham Əliyev bildirib.
Gələcəkdə Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı bir neçə əsas istiqamət üzrə planlaşdırılır və Prezident İlham Əliyev də çıxışında bu prioritetlərə xüsusi diqqət çəkib. TDT üzv ölkələri arasında təhlükəsizlik şuraları, xüsusi xidmət orqanları və digər aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin və koordinasiyanın artırılması nəzərdə tutulur. Terrorizm, transmilli cinayətkarlıq, kibertəhlükəsizlik və regional sabitlik məsələləri əsas istiqamətlərdən hesab olunur. Enerji resurslarının istehsalı, nəqli və ixracı sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Türk xalqlarının ortaq tarixi, dili və mədəniyyətinə əsaslanaraq təhsil, elm, mədəniyyət və gənclər proqramlarının genişləndirilməsi nəzərdə tutulur. Bu sahə təşkilatın inteqrasiyasının sosial əsasını gücləndirir. Prezident İlham Əliyev bildirib ki, əsas məqsədlərdən biri TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməkdir. Bunun üçün üzv ölkələrin beynəlxalq platformalarda ortaq mövqe nümayiş etdirməsi və siyasi həmrəyliyi artırması vacib sayılır.
Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil
məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sadiqova Lamiyə
Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.