MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASI VƏ İNKİŞAFI: MİLLİ KİMLİYİN DAVAMLILIĞI VƏ GƏLƏCƏK NƏSİLLƏRİN MƏSULİYYƏTİ

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASI VƏ İNKİŞAFI: MİLLİ KİMLİYİN DAVAMLILIĞI VƏ GƏLƏCƏK NƏSİLLƏRİN MƏSULİYYƏTİ

Milli-mənəvi dəyərlər hər bir xalqın tarixi inkişafını, dünyagörüşünü, mədəni özünəməxsusluğunu və mənəvi bütövlüyünü müəyyən edən fundamental amillərdəndir. Xalqın milli kimliyi yalnız onun tarixi keçmişi və dövlətçilik ənənələri ilə deyil, həm də ana dili, adət-ənənələri, ailə münasibətləri, mədəni irsi və nəsildən-nəslə ötürülən mənəvi prinsipləri ilə formalaşır. Bu baxımdan milli dəyərlərin qorunması və inkişaf etdirilməsi cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindən biri hesab olunur.
Azərbaycan xalqı zəngin tarixi-mədəni irsi, çoxəsrlik dövlətçilik ənənələri və mənəvi sərvətləri ilə seçilir. Tarixin müxtəlif mərhələlərində baş verən ictimai-siyasi dəyişikliklərə baxmayaraq, xalqımızın öz dilini, milli adət-ənənələrini və həyat tərzini yaşatması milli kimliyin davamlılığını nümayiş etdirir.
Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı ildə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında səsləndirdiyi “Biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik” fikri milli-mənəvi dəyərlərin müasir Azərbaycan cəmiyyətindəki əhəmiyyətini ifadə edir. Bu yanaşma ənənələrin yalnız keçmişin yadigarı kimi deyil, milli inkişafın və ictimai birliyin mühüm mənəvi dayağı kimi dəyərləndirilməsini tələb edir.
Milli kimlik xalqın özünü dərk etməsi, tarixi keçmişinə münasibəti və gələcək inkişaf istiqamətini müəyyənləşdirməsi ilə sıx bağlıdır. Tarixi yaddaşın qorunması cəmiyyətin mənəvi bütövlüyünü möhkəmləndirir, nəsillər arasında varislik əlaqəsini təmin edir və vətəndaşlarda milli mənsubiyyət şüurunu gücləndirir.
Azərbaycanın milli-mədəni irsi xalqımızın yaradıcılıq potensialını və mənəvi zənginliyini əks etdirən çoxşaxəli bir sistemdir. Novruz bayramı, muğam sənəti, aşıq yaradıcılığı, xalçaçılıq, kəlağayı sənəti, milli mətbəx və xalq sənətkarlığının digər nümunələri bu irsin mühüm tərkib hissələridir. Bu dəyərlərin yaşadılması milli mədəniyyətin davamlılığını təmin etməklə yanaşı, Azərbaycanın dünya mədəniyyətində özünəməxsus yerinin tanıdılmasına da xidmət edir.
Mədəni irsin qorunması yalnız maddi və qeyri-maddi nümunələrin mühafizəsi ilə məhdudlaşmamalıdır. Onların mahiyyətinin cəmiyyət tərəfindən dərk edilməsi, gündəlik həyatda yaşadılması və gələcək nəsillərə ötürülməsi də vacibdir. Ənənə o zaman davamlı xarakter alır ki, insanlar onun mənəvi məzmununu anlayır və onu öz həyatlarında yaşadırlar.
Milli-mənəvi dəyərlərin formalaşmasında ailə institutu xüsusi əhəmiyyət daşıyır. Ailə insanın ilk sosiallaşma mühiti olmaqla yanaşı, əxlaqi keyfiyyətlərin, davranış normalarının və mənəvi prinsiplərin mənimsənildiyi əsas məkandır. Valideynə hörmət, böyüyə ehtiram, kiçiyə qayğı, dürüstlük, mərhəmət, zəhmətsevərlik və məsuliyyət kimi keyfiyyətlər, ilk növbədə, ailə münasibətlərində formalaşır.
Ailə ənənələrinin qorunması onların formal şəkildə təkrarlanması deyil, mahiyyətindəki müsbət mənəvi prinsiplərin yaşadılması deməkdir. Cəmiyyətdə sağlam münasibətlərin formalaşması üçün milli dəyərlər insan hüquqlarına, qarşılıqlı hörmətə, ədalətə və insan ləyaqətinə əsaslanan davranışlarla tamamlanmalıdır.
Bu baxımdan valideynlərin şəxsi nümunəsi mühüm tərbiyə vasitəsidir. Övladlarına dürüstlük və məsuliyyət aşılayan, başqalarının hüquqlarına hörmət etməyi öyrədən, milli mədəniyyətə maraq yaradan ailələr milli-mənəvi irsin davamlılığına əhəmiyyətli töhfə verirlər.
Milli-mənəvi dəyərlərin qorunması və inkişafında təhsil sistemi mühüm ictimai funksiyanı yerinə yetirir. Müasir məktəbin vəzifəsi yalnız şagirdlərə elmi biliklər verməklə məhdudlaşmır. Təhsil prosesi həm də müstəqil düşünən, yüksək mənəvi keyfiyyətlərə malik, milli kimliyini dərk edən və cəmiyyət qarşısında məsuliyyətini anlayan şəxsiyyətin formalaşmasına xidmət etməlidir.
Müəllim bu prosesin əsas iştirakçılarından biridir. Onun peşəkar fəaliyyəti, davranışı, nitq mədəniyyəti, ədalətli münasibəti və şəxsi nümunəsi şagirdlərin dünyagörüşünə təsir göstərir. Milli-mənəvi tərbiyə şagirdlərə yalnız müəyyən qaydaların öyrədilməsi deyil, həmin dəyərlərin gündəlik həyatda tətbiqinə istiqamətləndirilməsidir.
Tarixi hadisələrin, ədəbiyyat nümunələrinin, xalq yaradıcılığının və milli bayramların tədris prosesində məqsədyönlü şəkildə təqdim edilməsi şagirdlərin mədəni irsə marağını artırır. Layihələr, təqdimatlar, məktəb tədbirləri və ailə-məktəb əməkdaşlığı milli dəyərlərin daha dərindən mənimsənilməsinə imkan yaradır.
Bununla yanaşı, milli tərbiyə gənclərdə digər xalqların mədəniyyətinə hörmət, dialoqa açıqlıq və ümumbəşəri dəyərləri anlamaq bacarığı ilə uzlaşdırılmalıdır. Öz milli kimliyini dərk edən insan müxtəlif mədəniyyətlərlə qarşılıqlı əlaqədə daha məsuliyyətli mövqe nümayiş etdirə bilər.
Qloballaşma, rəqəmsal texnologiyaların inkişafı və informasiya mübadiləsinin sürətlənməsi milli-mədəni mühitə yeni imkanlarla yanaşı, müəyyən çağırışlar da gətirir. İnformasiya məkanında müxtəlif mədəni təsirlərin artması milli kimliyin qorunmasına daha sistemli yanaşma tələb edir.
Lakin ənənələrin qorunması müasir yeniliklərdən uzaqlaşmaq kimi başa düşülməməlidir. Əksinə, milli dəyərlərin müasir dövrün imkanları ilə inkişaf etdirilməsi onların cəmiyyət həyatındakı mövqeyini möhkəmləndirə bilər. Rəqəmsal arxivlərin yaradılması, elektron tədris resurslarının hazırlanması, milli musiqi və ədəbiyyat nümunələrinin geniş təbliği bu istiqamətdə əhəmiyyətli vasitələrdir.
Burada əsas məsələ ənənə ilə müasirlik arasında tarazlığın qorunmasıdır. Milli dəyərlər dəyişməz formalara bağlılıq kimi deyil, xalqın tarixi təcrübəsini və mənəvi prinsiplərini müasir şəraitdə yaşadan dinamik sistem kimi qiymətləndirilməlidir. Belə yanaşma milli kimliyin qorunması ilə yeniliklərə açıq olmağı bir-birini tamamlayan istiqamətlərə çevirir.
Milli-mənəvi dəyərlərin qorunması beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqla ziddiyyət təşkil etmir. Əksinə, öz mədəni irsini tanıyan və dəyərləndirən cəmiyyət başqa xalqların mədəniyyətini də daha dərindən anlamaq imkanına malik olur.
Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dini ənənələrin qarşılıqlı əlaqədə olduğu məkan kimi tanınması mədəniyyətlərarası münasibətlərin əhəmiyyətini göstərir. Qarşılıqlı hörmət, anlaşma, dözümlülük və əməkdaşlıq prinsipləri cəmiyyətdə ictimai ahəngdarlığın möhkəmlənməsinə xidmət edir.
Mədəniyyətlərarası dialoq yalnız fərqli mədəniyyətlərin təmsilçiləri arasında ünsiyyət deyil, həm də ümumi insani dəyərlərin müəyyənləşdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və birgə problemlərin həlli üçün imkanların yaradılmasıdır. Bu prosesdə milli kimliyin qorunması dialoqun zəifləməsinə deyil, onun daha sağlam mənəvi əsaslar üzərində qurulmasına şərait yaradır
Bakı şəhəri. Sabunçu rayonu. Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin fizika müəllimi Nəbiyeva Afaq Əlixas qızı.


Tarix: Bu gün, 09:53


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031