Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri: Azərbaycan-Vyetnam münasibətlərində yeni strateji mərhələ

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri: Azərbaycan-Vyetnam münasibətlərində   yeni strateji mərhələ

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin inkişafı və Azərbaycan-Vyetnam münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər iki ölkə arasında mövcud olan tarixi dostluq münasibətlərinin yeni məzmunla zənginləşdirilməsi, siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.
           Azərbaycan-Vyetnam münasibətləri uzun və zəngin tarixi ənənələrə əsaslanır. İki ölkə arasında diplomatik münasibətlərdən daha əvvəl formalaşmış dostluq əlaqələrinin xüsusi tarixi kökləri mövcuddur. 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfəri bu münasibətlərin tarixində mühüm hadisələrdən biri olub.
          1983-cü ildə isə Ulu öndər Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında dostluq əlaqələrinin inkişafına mühüm töhfə verib. Həmin səfər Azərbaycan-Vyetnam münasibətlərinin tarixi yaddaşında xüsusi yer tutur. 2014-cü ildə cənab Prezident İlham Əliyevin Vyetnama həyata keçirdiyi ilk dövlət səfəri isə müstəqil Azərbaycan ilə Vyetnam arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub.
        İki ölkə arasındakı münasibətlərin inkişafında 2025-ci il xüsusi əhəmiyyət kəsb edir. Həmin ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı Azərbaycan və Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi münasibətlərin inkişafında mühüm siyasi mərhələ olub. Bu sənəd iki ölkənin qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan tərəfdaşlığını daha yüksək səviyyəyə yüksəldib. 2026-cı ildə cənab Prezident İlham Əliyevin Vyetnama səfəri də məhz bu strateji tərəfdaşlığın praktiki məzmununun genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
       Səfərin əsas istiqamətlərindən biri Azərbaycan və Vyetnam arasında siyasi dialoqun inkişaf etdirilməsidir. İki ölkə beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət və dövlətlərin suverenliyinə əsaslanan mövqeləri bölüşür. Azərbaycan Vyetnamla Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xüsusilə Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstək ikitərəfli münasibətlərdə mühüm amillərdən biridir. Bu mövqe iki dövlət arasında siyasi etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
       Azərbaycan-Vyetnam münasibətlərinin mühüm tərkib hissəsini humanitar, təhsil və mədəniyyət əlaqələri təşkil edir. Sovet dövründə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki xalq arasında möhkəm dostluq əlaqələrinin formalaşmasına mühüm təsir göstərib. Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin sonradan öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərməsi bu tarixi əlaqələrin əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirəsinə həsr olunmuş memorial otağın yaradılması da bu dostluq ənənələrinin qorunmasına xidmət edir.
       Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri də iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verir. Fondun Vyetnamın müxtəlif bölgələrində təhsil və sosial layihələrə dəstək göstərməsi Azərbaycan xalqının dost Vyetnam xalqına münasibətinin bariz nümunəsidir. 2025-ci ildə Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilən görüşlər və həyata keçirilən təşəbbüslər humanitar əməkdaşlığın daha da genişlənməsinə şərait yaradıb. Mədəniyyət sahəsində təşkil olunan tədbirlər, Vyetnam ədəbiyyatının Azərbaycanda tanıdılması və qarşılıqlı mədəni layihələr xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində xüsusi rol oynayır.
     Cənab Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın Asiya ölkələri ilə münasibətlərinin şaxələndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olmaqla yanaşı, regionda mühüm siyasi və iqtisadi mövqeyə sahibdir. Azərbaycan üçün bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi yeni bazarlara çıxış, investisiya imkanlarının artırılması, enerji və nəqliyyat sahələrində tərəfdaşlığın inkişafı baxımından əlverişli perspektivlər yaradır. Eyni zamanda, Vyetnam üçün Azərbaycanın Avropa və Asiya arasında yerləşən strateji coğrafi mövqeyi, enerji resursları və nəqliyyat infrastrukturu mühüm əməkdaşlıq imkanları təqdim edir.
     Ümumilikdə, cənab Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələr əsasında daha yüksək səviyyəyə çatdırılması istiqamətində mühüm siyasi addım kimi qiymətləndirilə bilər. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, investisiya, təhsil və humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətlidir.
        Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri artıq yalnız tarixi dostluq və diplomatik əlaqələrlə məhdudlaşmır, qarşılıqlı iqtisadi maraqlara, regional əməkdaşlığa və uzunmüddətli strateji hədəflərə əsaslanan tərəfdaşlıq modelinə çevrilir. Bu səfərin əsas əhəmiyyəti də əldə olunmuş siyasi razılaşmaların konkret layihələrə çevrilməsi, iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə edilməsi və Azərbaycan-Vyetnam dostluğunun gələcək nəsillər üçün daha möhkəm təməllər üzərində qurulmasıdır.
          Maştağa qəsəbəsi, C.Cabbarlı adına 187 nömrəli tam orta ümumtəhsil məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova.


Tarix: Dünən, 12:44


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30