
Azərbaycan və Vyetnam xalqlarını bir-birinə bağlayan dostluq və əməkdaşlıq münasibətləri təxminən yetmişillik zəngin və şərəfli bir tarixə söykənir. Bu möhkəm təməlin qoyulmasında iki böyük tarixi şəxsiyyətin misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır. Münasibətlərimizin başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri olmuşdur. Bu tarixi dostluğun əsl sıçrayış dövrü isə 1983-cü ilə təsadüf edir. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfər edən Ulu öndər Heydər Əliyev bu əlaqələrin inkişafına yeni nəfəs vermişdir. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə səkkiz günə qədər uzadılan və ölkənin əsas regionlarını əhatə edən həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının dirçəlişinə güclü təkan vermiş, çoxillik qarşılıqlı fəaliyyətin strateji istiqamətlərini müəyyənləşdirmişdir.
Zamanın sınaqlarından uğurla çıxmış bu tarixi ənənələr müasir dövrdə cənab prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Cənab prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri və 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin genişlənməsinə mühüm töhfə vermişdir. Ötən ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri və bu səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə dövlətlərarası əlaqələrimizdə tamamilə yeni bir səhifə açmışdır. Cənab prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də vurğulandığı kimi, bu gün Bakı ilə Hanoy arasında siyasi dialoq bərabərhüquqluluq və qarşılıqlı maraqlar əsasında həm ikitərəfli formatda, həm də BMT, Qoşulmama Hərəkatı və AQEM kimi nüfuzlu beynəlxalq platformalarda uğurla davam etdirilir.
Siyasi sahədəki yüksək etimad mühiti iqtisadi-ticari və enerji əməkdaşlığının dərinləşməsi üçün geniş imkanlar yaradır. 2025-ci ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət göstərici olsa da, mövcud potensial daha böyük rəqəmlərə çatmağa imkan verir. Tarixən əməkdaşlığımızın sütununu təşkil edən neft-qaz sektorunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu kəşfiyyat, hasilat və mütəxəssis hazırlığı sahələrində yeni perspektivlər açır. Eyni zamanda, Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı artmaqdadır; 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə infrastruktur və yaşıl enerji sahələri üzrə imzalanan sənədlər bunun bariz nümunəsidir. Nəqliyyat-logistika sahəsində də diqqətəlayiq artım müşahidə olunur: 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçmişdir ki, bu da Orta Dəhliz və “Şimal-Cənub” marşrutlarının Vyetnam-Avropa ticarətindəki strateji rolunu təsdiqləyir.
Xalqlarımızı birləşdirən ən möhkəm körpülərdən biri də humanitar, elm, təhsil və mədəniyyət sahələrindəki sıx əlaqələrdir. Sovet dövründə təxminən 5 min vyetnamlı gəncin Azərbaycanda təhsil alması ilə başlayan akademik ənənələr bu gün aparıcı universitetlər arasında imzalanan müqavilələr və cənab prezident İlham Əliyevin sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış təhsil qrantları vasitəsilə davam etdirilir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması bu dostluğun rəmzinə çevrilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsləri, xüsusilə Ha Giang əyalətində ibtidai məktəbin inşası və Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri humanitar tərəfdaşlığa xüsusi dinamizm gətirmişdir. Mədəniyyət sahəsində vaxtilə dahi bəstəkar Qara Qarayevin “Vyetnam süitası” və görkəmli rejissor Əjdər İbrahimovun yaradıcılığı ilə qoyulan ənənələr bu gün Bakı və Qəbələni əhatə edən Vyetnam Günləri, eləcə də qarşılıqlı ədəbi nəşrlərlə zənginləşir. Ən çətin anlarda belə bir-birinin yanında olan ölkələrimiz — Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınası və 2025-ci ildə baş vermiş daşqınlar zamanı Vyetnama göstərdiyi maliyyə yardımı kimi — həqiqi dostluq nümunəsi sərgiləyir. Cənab prezident İlham Əliyevin dost Vyetnama nəzərdə tutulan səfəri isə Cənubi Qafqazın əsas enerji-logistika mərkəzi ilə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövləti arasındakı bu strateji tərəfdaşlığı daha yüksək zirvələrə daşıyacaqdır.
Sabunçu rayonu Rasim Quliyev adına 107 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aynura Səfərova
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.