Azərbaycan-Vyetnam münasibətləri: tarixi bağlar və yeni əməkdaşlıq imkanları

Azərbaycan-Vyetnam münasibətləri: tarixi bağlar və yeni əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi, mövcud inkişaf dinamikası və gələcək əməkdaşlıq perspektivlərinin geniş şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibəsi iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin, siyasi dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Müsahibədə Prezident İlham Əliyev Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixə malik olduğunu vurğulayaraq, bu əlaqələrin formalaşmasında tarixi şəxsiyyətlərin və mühüm siyasi hadisələrin roluna diqqət çəkib. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq münasibətlərinin əsasını qoyan mühüm hadisələrdən biri kimi qeyd olunub. 1983-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri isə əməkdaşlığın genişlənməsinə, iqtisadi əlaqələrin inkişafına və uzunmüddətli tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə əhəmiyyətli töhfə verib. 
Azərbaycan ilə Vyetnam arasında münasibətlər sonrakı dövrlərdə də ardıcıl inkişaf etdirilib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm mərhələlər olub. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri isə münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Səfər çərçivəsində qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişafı üçün siyasi və institusional zəmin yaradıb. Müsahibədə siyasi dialoqun yalnız dövlət başçıları səviyyəsində deyil, hökumətlərarası komissiyalar, parlamentlərarası əlaqələr, müvafiq dövlət qurumları və siyasi partiyalar vasitəsilə də inkişaf etdiyi qeyd olunub. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq, eləcə də BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət iki ölkənin ortaq maraqlarının və diplomatik əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının ənənəvi istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əməkdaşlığın genişləndirilməsi, 2025-ci ildə imzalanmış anlaşma memorandumu çərçivəsində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyətin inkişafı qarşılıqlı maraq doğurur. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur, bərpa olunan enerji və investisiya layihələrində iştiraka marağı iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından perspektivli hesab olunur. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə imzalanmış sənədlər bu istiqamətdə əməkdaşlığın konkret nəticələrindən biri kimi diqqət çəkir.
Nəqliyyat və logistika sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların təşkili üçün mühüm perspektivlər yaradır. Prezident İlham Əliyevin müsahibəsində tranzit daşımalarının artımına diqqət çəkilməsi Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemindəki mövqeyinin ikitərəfli əməkdaşlıq üçün də əhəmiyyətini göstərir.
Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında humanitar, təhsil və mədəni əməkdaşlıq da xüsusi yer tutur. Prezident İlham Əliyev müsahibəsində bu əlaqələrin xalqları bir-birinə yaxınlaşdıran mühüm körpü olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, o cümlədən Ha Giang əyalətində məktəb tikintisi və təhsil proqramlarına dəstək iki ölkə arasında humanitar münasibətlərin möhkəmlənməsinə töhfə verir. 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri, müxtəlif görüşlərin keçirilməsi və Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi bu sahədə əməkdaşlığın əhəmiyyətli nümunələrindəndir. Eyni zamanda, iki ölkənin universitetləri arasında imzalanmış əməkdaşlıq sənədləri, təhsil proqramları və akademik mübadilə imkanları elmi əlaqələrin inkişafına şərait yaradır. Azərbaycanla Vyetnam arasında təhsil əlaqələrinin tarixi də zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki xalq arasında möhkəm əlaqələrin formalaşmasına mühüm təsir göstərib. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin memorial otağının açılması isə bu tarixi dostluğun və təhsil sahəsində əməkdaşlığın rəmzi hadisələrindən biri olub.
Mədəni əlaqələrin inkişafı da diqqətəlayiqdir. Azərbaycanda keçirilən Vyetnam Günləri, mədəni mübadilə tədbirləri, Vyetnam ədəbiyyatının Azərbaycanda nəşri və Azərbaycan mədəniyyətinin Vyetnamda tanıdılması xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Bu əlaqələrin tarixi kökləri daha qədim dövrlərə gedib çıxır. Bəstəkar Qara Qarayevin “Vyetnam süitası” və rejissor Əjdər İbrahimovun Vyetnam kino sənayesinin inkişafına verdiyi töhfələr iki ölkənin mədəni əməkdaşlığının tarixində mühüm yer tutur.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin yalnız tarixi dostluq üzərində deyil, həm də konkret iqtisadi, siyasi, humanitar və strateji maraqlar əsasında inkişaf etdiyini ortaya qoyur. İki ölkənin malik olduğu iqtisadi resurslar, əlverişli coğrafi mövqelər, enerji və nəqliyyat imkanları, eləcə də qarşılıqlı siyasi iradə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm zəmin yaradır. Azərbaycan və Vyetnam arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı hər iki ölkənin regional və beynəlxalq mövqelərinin gücləndirilməsi, xalqların rifahının yüksəldilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm perspektivlər açır.
Araz Xudadanov – YAP Sabunçu rayon təşkilatının sədri


Tarix: Dünən, 13:00


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30