12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır


     Məlum olduğu kimi,  martın 16 -da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze arasında görüş olmuş və görüşdən sonra hər iki ölkənin başçıları mətbuata bəyanatlarla çıxış etmişlər. Bu görüşdə onlar iki dövlət arasındakı dostluq münasibətlərinin tarixi köklərə əsaslandığını qeyd ediblər.                                                                                                     
     Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də qonşu ölkələrlə münasibətləri yüksək səviyyədə qurmaqdır. Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.                                                                                             
     Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə əsas amillərdən biri də qonşu ölkələrlə münsibətləri daha da inkişaf etdirməkdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri zamanı dövlətimizin başçısı ilə keçirdiyi görüş, onun və Prezident İlham Əliyevin mətbuata verdikləri bəyanatlarda səsləndirdikləri fikirlərdə də bunun şahidi olduq. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaqdır. 
     Prezident nəqliyyat sahəsində də yaradılan və yaradılacaq yeni infrastrukturlardan söhbət açdı və dedi ki, bu, bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir və bu yolun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq. Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Diqqətə çatdırıldı ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Məlum olduğu kimi, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə  artacaq. 
     Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir .

Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 kənd tam orta məktəbin direktor əvəzi


Tarix: 18-03-2024, 16:36


Bölməyə aid digər xəbərlər