Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr

Azərbaycan Cənubi Qafqazda öz iqtisadi potensialı və digər sahələrdə inkişafı ilə diqqəti çəkir. Bundan başqa ölkəmiz həm də regionda öz qonşuluq missiyasını uğurla yerinə yetirir. Bu sahədə daha çox qonşuluq yaşı əsrlərə çatan Gürcüstanla münasibətlər də yüksək səviyyədədir. Bu gün də bu dostluq əlaqələri ən yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması daha geniş coğrafiya üçün vacibdir. Bu iktərəfli əməkdaşlıq Avropanın enerji təhlükəsizlik arxitekturasının daha etibarlı şəkildə təmin olunmasında mühüm rol oynamaqdadır. Bunu Azərbaycan Prezidenti gürcüstanlı həmkarı ilə görüşdə də dilə gətirərək bəyan etdi ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Azərbaycanla Gürcüstan həyata keçirdiyi məqsədyönlü nəqliyyat-kommunikasiya layihələri nəticəsində Qərblə Şərq arasında vazkeçilməz bir nəqliyyat dəhlizi rolunu oynamaqdadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan və Gürcüstan Orta Dəhlizin arteriya damarı rolunu oynamaqdadır. Orta Dəhlizin əhəmiyyəti isə hər ötən gün artmaqdadır. Orta Dəhlizin çoxfunksiyalı olması istiqamətində həyata keçirilən layihələr ölkələrimizin yeni dünya düzəninin formalaşmasındakı əhəmiyyətini daha da artıracaq. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması ikitərəfli əlaqələrin daha da dərinləşərək müttəfiqlik səviyyəsinə qalxması ilə yanaşı, bütövlükdə Avrasiya və Afrika kimi daha böyük coğrafiyada əməkdaşlıq formatlarının yaranmasına xidmət edir. Bu da öz növbəsində ölkələrimizin müasir beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına və ciddi oyunçu qismində çıxış etməsinə öz töhfəsini verir və verəcək.


Azərbaycana rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Milli Məclisdə olub.Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələr son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib və bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir. 2025-ci ilin mart ayında Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycan Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənəd parlamentlərarası münasibətlərin daha da dərinləşməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verəcək. 2023-cü ilin sentyabrında Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənəd mədəniyyət sahəsində təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməyi nəzərdə tutur. Eyni zamanda Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları qanunverici orqanlar arasında körpü rolunu oynayır. Bu qruplar vasitəsilə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi həyata keçirilir​.Parlamentlərarası əlaqələr Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biridir və bu gün qanunvericilik orqanlarımız arasında həqiqətən çox səmərəli əməkdaşlıq qurulub. Dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da əməkdaşlıq baxımından yaxşı təcrübələr mövcuddur. Söhbət zamanı Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub.


 


Tarix: 18-04-2025, 12:32


Bölməyə aid digər xəbərlər