
“Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, informasiya məkanının isə beynəlxalq münasibətlərə birbaşa təsir göstərdiyi müasir dövrdə dövlətlər üçün etibarlı dialoq platformalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, IV Şuşa Qlobal Media Forumu təkcə jurnalistlərin və media ekspertlərinin sadə bir toplantısı deyil, həm də beynəlxalq fikir mübadiləsinin, qarşılıqlı anlaşmanın və “media diplomatiyası” adlanan yeni mərhələnin ən mühüm qlobal platformalarından biridir. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media nümayəndələrinin məhz Şuşada bir araya gəlməsi Azərbaycanın qlobal təşəbbüslərinin beynəlxalq müstəvidə artan gücünü və nüfuzunu bir daha əyani şəkildə nümayiş etdirir. Şuşa artıq təkcə tarixi və mədəni irsimizin rəmzi deyil, həm də ölkəmizin beynəlxalq humanitar və siyasi təşəbbüslərinin mühüm mərkəzlərindən birinə çevrilmişdir. Burada keçirilən mötəbər tədbirlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yaratdığı yeni inkişaf modelini dünyaya təqdim edir. Qlobal Media Forumu isə bu prosesə yeni nəfəs və məzmun qazandıraraq, Şuşanı dünya miqyasında qərarların qəbul edilməsi prosesinə təsir göstərən, fərqli ölkələrdə ictimai rəyi formalaşdıran mütəxəssislərin görüş yerinə – beynəlxalq media diplomatiyasının tanınmış ünvanına çevirir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamada Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev səsləndirib.
Millət vəkili qeyd edib ki, IV Şuşa Qlobal Media Forumunun həm coğrafi miqyası, həm də iştirakçı heyəti onun beynəlxalq statusunu tam təsdiqləyir: “Bu mötəbər Forumda 53 ölkədən 160 qonağın, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan artıq media qurumunun və bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsil olunması qürurvericidir. Ümumilikdə isə son dörd il ərzində bu platforma 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirməyə nail olmuşdur. Bu cür nəhəng və mötəbər auditoriyanı qəbul etmək, əlbəttə ki, həm Şuşa, həm də bütövlükdə Azərbaycan üçün böyük bir şərəfdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Forumun əsas ideyası qlobal medianı narahat edən ən mühüm məsələləri, qarşılıqlı narahatlıq doğuran sualları səmimi şəkildə müzakirə etmək, həmçinin Qarabağın əsl reallıqları ilə dünyanı tanış etməkdir. İldən-ilə buraya gələn qonaqlar ilk dövrlərdəki dağıntıların yerində ucalan yeni şəhərləri, müasir infrastruktur layihələrini və öz doğma yurduna qayıdıb yeni mənzillərdə yaşayan insanları görürlər. Şuşa beynəlxalq iştirakçılar arasında elə bir səmimi, mehriban və müsbət mühit yaradır ki, fərqli ölkələrdən gələn jurnalistlər burada yaxın dostlara çevrilirlər. Ən mühüm meyar isə beynəlxalq müstəvidə qərarların qəbul edilməsinə təsir göstərən insanlara Qarabağın öz köklərinə qayıtdığını, bu torpaqların əsl sahiblərinin qayıtmasını və real inkişafı əyani göstərməkdir.”
Fikirlərini davam etdirən professor E.Quliyev bunu da bildirib ki, qonşularla əlaqələrin və Orta Dəhlizin səmərəli gücünün artırılması yönündə aparılan müzakirələr və atılan addımlar xüsusi əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyev birmənalı olaraq hər kəsin diqqətinə çatdırdı ki, müasir dünyada hər hansı bir ölkənin uğurlu tranzit qovşağına çevrilməsi təkcə onun coğrafi mövqeyindən asılı deyil. Qonşularla qarşılıqlı əlaqələr olmadan heç zaman real bir tranzit ölkəsinə çevrilmək mümkün deyildir. Azərbaycan son 10 ildən artıq dövr ərzində öz coğrafi üstünlüklərini çoxtərəfli əməkdaşlıq üçün səmərəli platformaya çevirmək istiqamətində yorulmadan çalışmışdır. İlk olaraq fiziki infrastrukturun qurulması sahəsindəki çatışmazlıqlar aradan qaldırılmış, daha sonra isə bütün istiqamətlərdə qonşu dövlətlərlə etibarlı, mehriban və qarşılıqlı fəaliyyətə əsaslanan əlaqələr qurulmuşdur. Çünki qonşularla münasibətlər düzgün qurulmadıqda heç bir regional layihə uğur qazana bilməz”.
Daha sonra deputat enerji təhlükəsizliyində etibarlı tərəfdaşlığın mühüm rol oynadığını vurğulamış və bu mənada Forumda səsləndirilən fikirlərin aktuallığını önə çəkmişdir: “Bu gün beynəlxalq enerji bazarında etibarlı, proqnozlaşdırıla bilən və alternativ mənbə olan Azərbaycan qazı on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan qazına tələbat kəskin şəkildə artmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, Avropa Komissiyasının müraciəti əsasında görülən tədbirlər nəticəsində 2022-ci ildən bəri Avropaya qaz tədarükü 65 faiz artırılmışdır və bu ixracın coğrafiyası Almaniya və Avstriya kimi ölkələrlə daha da genişlənmişdir. Bununla paralel olaraq, bərpaolunan enerji sahəsində nəhəng addımlar atılır. 2032-ci ilədək yaşıl enerji sahəsində 8 giqavat generasiya gücünə çatmaq planlaşdırılır ki, bu da elektrik enerjisi istehsalında istifadə olunan milyardlarla kubmetr qaza qənaət etməyə və həmin həcmləri tamamilə ixraca yönəltməyə imkan verəcəkdir. Təkcə azad edilmiş Qarabağda ümumi gücü 340 meqavat olan su elektrik stansiyaları istifadəyə verilmiş, növbəti bir ildə isə eyni gücdə Günəş elektrik stansiyalarının tikintisi yekunlaşacaqdır. Bu yaşıl enerjinin Avropa bazarına ixracı üçün Qazaxıstan və Özbəkistan ilə birlikdə Xəzər dənizinin dibi ilə xüsusi enerji kabelinin çəkilməsinə dair tarixi müqavilə imzalanmışdır”.
Azərbaycanın xarici tərəfdaşlıq əlaqələrində ABŞ ilə münasibətlərin Tramp Administrasiyası dövründə strateji zirvəyə yüksəlməsini mühüm amil kimi dəyərləndirən MM Komissiya sədri fikrini belə əsaslandırıb: “Prezident Trampın rəhbərliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və ədalətsiz 907-ci düzəlişin məhdudiyyətlərinin müvəqqəti dayandırılması sülhün qlobal müdafiəçisi olan bir liderin prinsipial mövqeyinin göstəricisidir. Bu gün ABŞ ilə ticarət, rəqəmsal transformasiya, süni intellekt və enerji təhlükəsizliyi istiqamətində işçi qrupları çox səmərəli fəaliyyət göstərir, hərbi sahədəki embarqolar tamamilə aradan qaldırılmışdır. Prezident Trampın adını daşıyan və Naxçıvanla əlaqəni bərpa edəcək TRIPP layihəsi isə bütöv regionun nəqliyyat bağlılığı xəritəsini kökündən dəyişəcəkdir. Əlbəttə ki, Azərbaycanın xarici əlaqələrindən bəhs edərkən qardaş Türkiyə ilə münasibətlər xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev bu mövzuda da birmənalı açıqlama verərək bildirdi ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxmışdır və bu müttəfiqlik dünyada analoqu olmayan sarsılmaz bir qardaşlıq modelidir. Həmçinin Çin Xalq Respublikası ilə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsindən sonra isə ölkəmizdə Çin şirkətlərinin fəallığı xeyli artmışdır. Şəhərimizdə fəaliyyət göstərən BYD elektrik avtobuslarının birgə istehsalı, həmçinin Azərbaycanda Günəş panelləri zavodunun inşası bu əməkdaşlığın real bəhrələridir. Eyni zamanda Özbəkistan və Qazaxıstan kimi qardaş ölkələrlə qurulmuş səmimi əlaqələr də xüsusi qeyd edilməlidir. Füzulidə Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb, Xankəndidə açılan tikiş fabriki, eləcə də Qazaxıstanın dəstəyi ilə tikilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu xalqların sarsılmaz birliyinin və Qarabağın yenidən qurulmasına verilən qardaşlıq töhfəsinin rəmzidir”.
Açıqlamasının sonunda deputat insan hüquqları sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin müstəsna əhəmiyyətini vurğulayaraq bunları deyib: “İnsan hüquqları və ədalət məsələləri ümumbəşəri xarakter daşıyır. Azərbaycana qarşı hər fürsətdə qərəz nümayiş etdirən AŞPA kimi təşkilatların ədalətsizliyinə, həmçinin Fransanın dənizaşırı ərazilərində apardığı amansız müstəmləkəçilik siyasətinə qarşı Bakı Təşəbbüs Qrupunun ucaltdığı səs əslində insan hüquqlarının müdafiəsidir. Dövlət başçımızın mötəbər tribunadan göndərdiyi birmənalı mesaj da məhz danılmaz həqiqəti əks etdirir - XXI əsrdə sizdən 10 min kilometr uzaqlıqda yerləşən əraziləri müstəmləkə kimi saxlamaq, oradakı yerli xalqların azadlıq və kimlik hüquqlarını tapdalamaq yolverilməzdir. Azərbaycan özü uzun illər müstəmləkə reallığını yaşadığı üçün bu məsələlərə həssas yanaşır və Yeni Kaledoniya, Polineziya kimi ərazilərin haqlı mübarizəsini prinsipial şəkildə dəstəkləyir. Biz keçmişdə işğal da görmüşük, dağıntılar da görmüşük, lakin milli birliyimiz və dövlətimizin sarsılmaz gücü sayəsində Zəfər qazanmışıq. Bu gün xalq olaraq bizim ən böyük gücümüz özümüzə və dövlətimizə olan inamımızdadır. Dünya sürətlə dəyişir, yeni təhdidlər və təxribat cəhdləri hələ də davam edir. Lakin milli kimliyini, ləyaqətini hər şeydən uca tutan, heç bir işğalçı diktə ilə oturub-durmayan Azərbaycan xalqı hər bir çətinliyin öhdəsindən layiqincə gəlməyə qadirdir. Bizim əsas vəzifəmiz gələcək nəsillərə daha qüdrətli, müstəqil və daim yüksəklərdə qərar tutan bir Azərbaycan miras qoymaqdır” – deyə, Eldar Quliyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər







